(®) COP29 çərçivəsində SABAH.HUB və ABB-nin birgə təşkilatçılığı ilə “Emerging Green Innovation Challenge” mövzusunda beynəlxalq startap müsabiqəsi keçirilmişdir. Tədbir iqlim texnologiyaları və yaşıl innovasiyalar sahəsində qlobal problemlərə innovativ həllər təqdim etmək və bu sahədə ən yaxşı təşəbbüsləri dəstəkləmək məqsədilə təşkil olunmuşdur.
Müsabiqəyə dünyanın 300-dən çox startap layihəsi müraciət etmiş, seçilən ən yaxşı komandalar isə COP29 çərçivəsində keçirilən tədbirdə iştirak etmək hüququ qazanmışdır. Final mərhələsində 15-dən çox ölkəni təmsil edən 26 startap layihəsi təqdim edilmişdir.
Tədbir ABB-nin İdarə Heyətinin üzvü və Baş Transformasiya İnzibatçısı Taleh Tahirli, eləcə də SABAH.HUB-ın icraçı direktoru Rəhim Bayramlının ruhlandırıcı çıxışları ilə başlamışdır. Onlar çıxışlarında beynəlxalq əməkdaşlığın qlobal problemlərin həllində oynadığı vacib rolu vurğulamış, eyni zamanda texnologiya və innovasiyaların inkişafda yaratdığı inqilabi təsirləri və dayanıqlı gələcək qurmaq üçün qarşıda duran prioritetləri diqqətə çatdırmışlar.
Açılış nitqlərindən sonra iştirakçı startaplar öz layihələrini təqdim edərək iqlim texnologiyaları və yaşıl innovasiyalar sahəsində unikal həllərini nümayiş etdirmişlər. Təqdimatlar iştirakçılar arasında böyük maraq doğurmuş və mövzu ətrafında geniş müzakirələrə səbəb olmuşdur.
Tədbirin sonunda beynəlxalq investorlar və iştirakçılar tərəfindən aparılan qiymətləndirmə nəticəsində üç qalib startap müəyyən olunaraq investisiya əldə etmək şansı qazanmışdır:
- Qaptis
- Growz
- Evercity
Bu tədbir SABAH.HUB və ABB-nin davamlı inkişaf və iqlim texnologiyalarına verdiyi dəstəyi bir daha nümayiş etdirmişdir. Beynəlxalq əməkdaşlıq və innovativ yanaşmalar vasitəsilə qlobal problemlərə həll yolları təqdim etmək məqsədilə bu cür təşəbbüslər davamlı olaraq həyata keçiriləcəkdir.
Qeyd edək ki, SABAH.HUB İnnovasiya Mərkəzi iki ildən artıq fəaliyyəti ərzində 300-dən çox startapın inkişafına dəstək göstərmiş və minlərlə insanı innovasiya ekosistemi haqqında maarifləndirmişdir. Mərkəz ümumilikdə 5 milyon AZN məbləğində şəbəkəsində olan startapların investisiya almasına dəstək olmuşdur.
SABAH.HUB-un fəaliyyəti və yeniliklərdən xəbərdar olmaq üçün sabahhub.com veb-saytına keçid edin.