"Mobil operatorlar bəzən qanunları kobud şəkildə pozur".
Bu sözləri Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlu "Cebheinfo.az"-a açıqlamasında deyib. O, mobil operatorların balansı göstərmək üçün aylıq ödəniş tələbini tənqid edib:
"Müştəriyə informasiya vermək hər bir şirkətin borcudur. Bütün şirkətlərin qaydaları da dövlətin konstitusiyasına uyğun tənzimlənir.
İnformasiya sorğusu deyilən bir şey var. Buna görə ödəniş tələb oluna bilməz. Lakin mobil operatorlar balansı göstərmək üçün ödəniş tələb edirlər. Mobil operatorların vətəndaşın balansını göstərməsi üçün pul tutması sadəcə soyğunçuluqdur.
Bu, dövlət qanunlarının da kobud şəkildə pozulması deməkdir. Vətəndaşlardan haqsız yer belə kontur çıxmaq əvəzinə keyfiyyəti artırsalar daha yaxşı olar. Bu, müştəri bazalarının da artmasına gətirib çıxarar".
Partiya sədri qeyd edib ki, Azərbaycanda bəzi özəl şirkətlər müştərilərə "pul kisəsi" kimi baxır:
"Müştərilərindən haqsız yerə tutduqları qazanclarla büdcələrini artırmağa çalışırlar.
Belə hallar yolverilməzdir. Düşünürəm ki, birbaşa Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu məsələlərə müdaxilə etməlidir.
Haqsız yerə vətəndaşın cibinə girən mobil operatorlara hansısa iqtisadi sanksiya və cəza verilməlidir".
Ağasif Şakiroğlu mobil operatorların müxtəlif adlar altında abonentlərdən abunəhaqqı tutulmasını da qeyri-qanuni adlandırıb:
"Vətəndaşlara nömrələr satılanda müqavilə imzalanır. Həmin müqavilədə bütün bəndlər qeyd olunur. Əgər vətəndaş abunə tarifində deyilsə, ondan abunəhaqqı adı altında pul çıxılması absurddur. O, nə istifadə edirsə, sadəcə onun pulunu ödəməlidir.
Lakin bəzi mobil operatorlar abonentlərdən kontur istifadə etmədiyi üçün pul çıxırlar. Bu, müqavilə şərtlərinin və istehlakçı hüquqlarının kobud şəkildə pozulmasıdır. Hesab edirəm ki, vətəndaşlar belə mobil operatorlarla bağlı məhkələrə üz tutmalıdırlar. Çünki müqavilədə abunəhaqqı bəndi yoxdursa, hansısa mobil operatorun abonentin balansından pul çıxması iqtisadi cinayətdir".