AZ

BMT-dən növbəti qətnamə, Ermənistandan SUSQUNLUQ – İtkin soydaşlarımızın QARANLIQ TALEHLƏRİ

Xəbər verdiyimiz kimi, BMT Baş Assambleyasının 3-cü Komitəsində Azərbaycan tərəfindən irəli sürülmüş “İtkin düşmüş şəxslər” adlı qətnamə konsensusla qəbul edilib. Bu, Azərbaycanın beynəlxalq platformada insan hüquqları və itkin düşmüş şəxslərlə bağlı narahatlıqlarının ifadəsidir.

Sözügedən qətnamə həm də Azərbaycan torpaqlarının 30 illik işğalı, eləcə də, 1-ci və 2-ci Qarabağ Müharibəsində itkin düşən, girov götürülən vətəndaşlarımızın taleyi ilə bağlı Ermənistana məsuliyyətini bir daha xatırladır.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanın “İtkin düşmüş şəxslər”lə bağlı qətnaməsi BMT-də QƏBUL EDİLDİ


Qeyd edək ki, işğaldan azad edilən ərazilərimizdə bu günə kimi 18 kütləvi məzarlıq aşkar edilib. Burada tapılan meyit qalıqları istintaq orqanlarının nümayəndələrinin iştirakı ilə eksqumasiya olunub.

Lakin hələ də 30 ilə yaxındır axtarışda olan 4 minə yaxın itkinimiz var.

56 ölkənin həmmüəllifi olduğu qətnamə ilə bağlı Bizim.Media-ya danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyevin fikrincə, əsir, girov və itkin vətəndaşlarla bağlı məsələ ən ağır problemlərdən biridir:

“Adətən, müharibələrdən sonra humanist addım atmaqla kütləvi məzarlıqlar haqqında məlumatlar verilir. Ermənistan isə heç vaxt kütləvi məzarlıqlar haqqında məlumatları vermədi. Üstəlik, həmin ərazilərin minalı olması və o minaların xəritələrinin verilməməsi də bu prosesləri daha da gecikdirir”.

Yeri gəlmişkən, sözügedən qətnamənin mətnində itkin düşmüş şəxslərin qalıqlarının aşkarlanmasında minaların mövcudluğunun yaratdığı maneələr də öz əksini tapıb.

Millət vəkili deyir ki, oktyabrda keçirirlən tədbir zamanı beynəlxalq nümayəndələrin Sırxavənd kəndində olması, ordakı kütləvi məzarlıqların araşdırılmasında iştirak etməsi bir daha göstərdi ki, beynəlxalq qurumlar bu işin marağındadır:

“Sadəcə, bununla bağlı ermənilərə daha ciddi təzyiq göstərilməlidir. Əgər onlar bu qətnamələri də yerinə yetirməzlərsə, demək beynəlxalq səviyyədə olan bütün qanunların ziddinə çıxırlar”.

Onu da bildirək ki, Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında 3979 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Birinci Qarabağ Müharibəsində itkin düşənlərdən 155 nəfərin şəxsiyyəti eyniləşdirilib.

Ermənistanın dəhşətli işgəncələri

Ən dəhşətlisi isə odur ki, ermənilər tərəfindən əsir götürülən soydaşlarımızın sonrakı aqibəti ilə bağlı əldə olunan məlumatlar olduqca dəhşətlidir. Onların əksəriyyərinin amansızlıqla qətlə yetirilməsi ilə bağlı kifayət qədər faktlar da mövcuddur. Məsələn, Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun xüsusi amansızlıqla qətlə yetirildiyini erməni caniləri özləri etiraf ediblər.

Xocavəndin Edilli kəndində aşkarlanan kütləvi məzarlıqdakı meyitlərin üzərində də şiddət izləri açıq şəkildə öz əksini tapmışdı. Bu cür faktlar kifayət qədərdir. Lakin təəssüflər olsun ki, Azərbaycanın tələblərinə və beynəlxalq təşkilatların qətnamələrinə baxmayaraq, Ermənistan itkinlərimizlə bağlı məlumat verməkdən hələ də imtina edir...

Xatırladaq ki, daha əvvəl Əsir düşmüş, girov götürülmüş, itkin düşmüş vətəndaşlarla bağlı dövlət komissiyasının oktyabrda təşkil etdiyi beynəlxalq konfransın yekun bəyanatı, BMT Baş Asambleyasının və Təhlükəsizlik Şurrasının rəsmi sənədi kimi yayılmışdı.

Rəna Cumaqızı, Bizim.Media

Seçilən
23
1
bizim.media

2Mənbələr