Braziliya futbolunun əfsanasi Romario “Barselona”nın braziliyalı cinah hücumçusu Rafinya haqda ağızdolusu danışıb.
Arena.az “Barça Universal” dərgisinə istinadən, məlumat verir ki, futbolçuları tərif məsələsində çox “simic” olan “Bəstəboy”, Rafinyanı çox yüksək qiymətləndirib:
“Rafinya dünyanın ən yaxşı oyunçularından biridir. O, “Barselona”nın formasında oynadığı ilə yanaşı, Braziliya formasında da çox yaxşı oynayır. Rafinya bütün braziliyalıların fəxridir, o, bizə futbolda xüsusi məqamlar bəxş edəcək”, deyə “Qol Kralı” ləqəbli Romario məmnunluqla bildirib.
Xatırladaq ki, Rafinya Braziliyanın “Avai” klubunun yetirməsidir. Karyerasnın Avropa dönəminə “Vitoriya”da (Gimaraynş) başlamış futbolçu “Sportinq” (Lissabon), “Renn” və “Lids”də çıxış edib. 2022-ci ilin iyulunda “Barselona” Rafinyanı 58 milyon avro məbləğ müqabilində “Lids”dən “blauqrana”nın heyətinə qatıb. Braziliyalı hücumçunun Kataloniya klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Rafinya “Barselona” üçün 17 oyun keçirib, 12 qol və 10 məhsuldar ötürmə ilə fərqlənib.
Rafinyanın “Barselona” karyerası ümumilikdə 104 oyun, 32 qol və 35 məhsuldar ötürmədən ibarətdir.
Rafinya Kataloniya nəhəngi ilə 2022/2023-cü illər mövsümündə İspaniya La Liqasını qazanıb və həmin mövsüm İspaniya Super Kubokunun qalibi olub.
Rafinya 2021-ci ilin oktyabr ayında debüt etdiyi Braziliya milli komandasının heyətində 30 oyuna çıxıb, 10 qol vurub, 6 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 27 yaşlı braziliyalı sağ cinah hücumçusunun transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.