AZ

COP29 xarici qonaqların GÖZÜNDƏ - SORĞU

Dünya gündəmini zəbt edən iqlim dəyişikliyi və davamlı inkişaf məsələləri ətrafında Bakı müzakirələri davam edir. Ekoloji problemlərdən çıxış yolları axtarılmasının vacibliyini və COP29-un Azərbaycanda keçirilməsinin əhəmiyyətini paytaxtımızın qonaqları da etiraf edirlər. Onlar Bakının yaşıllığından və mətbəxindən də həvəslə danışırlar. SİA xarici qonaqların COP29-la bağlı fikirlərini öyrənib:

Xarici qonaq Mary Gabriel: “COP27-dən bəri bütün COP konfranslarında iştirak edirəm. COP29 çox yüksək səviyyədə təşkil olunub, xüsusilə oteldən tədbir ərazisinə və digər yerlərə getməyimiz çox rahatdır və digər ölkələrdən çox fərqlidir. Eyni zamanda burada insanlar da çox səmimidir, hər kəs çox kömək olur.

Afrikada bütün problemlərin kökündə iqlim dəyişmələri dayanır. Buna görə də iri dövlətlərin bizə maliyyə dəstəyi göstərməsi çox vacibdir. Xüsusilə Afrika bu məsələdə çox kənarda qalıb və köməyə ehtiyacımız var. Buna görə də COP29-dan ümidliyik ki, iri dövlətlər bizi görəcək. Afrikada iqlim dəyişmələri ilə bağlı ciddi fərqlər mövcuddur. Məsələn, bəzi yerlərə heç yağış düşmədiyi təqdirdə, bəzi yerlərə həddindən artıq yağış düşür. Bu da ümumi balansın pozulmasına səbəb olur. Buna görə də COP29-a öz səsimizi çatdırmağa gəlmişik”.

Xarici qonaq Nathaniel David Ucthmann: “Artıq üçüncü dəfədir ki, COP konfransında iştirak edirəm. Bütün COP konfransları biri-birindən fərqlidir. COP29 isə xüsusilə fərqlənir. Çünki burada milli ənənələrlə COP əlaqələndirilib, bu da daha səmimi mühit yaradıb.

COP29-un seçildiyi ölkə bizə daha çox problemləri həll etməyə imkan verir. İnsan özünü burada rahat hiss edir və problemlərini irəli sürə bilir. Bu da daha çox problemin həllini tapmasına imkan yaradır. Bakını da çox bəyəndim. Burada müasirlik və ənənələr vəhdətdədir”.

Xarici qonaq Seou Kim: “İlk dəfədir COP konfransında iştirak edirəm. Təbiəti sevdiyimiz üçün COP-da iştirak edirik. Burada seminarlara qoşularaq, fikirlərimizi irəli sürəcəyik. Həmçinin Bakı Dövlət Universitetində baş tutan seminarlarda da ortaya qoyulmuş problemin həlli üçün çalışacağıq”.

Xarici qonaq Maison Kipila Abraham: “İlk dəfədir COP konfransında iştirak edirəm. Burada yeni dostluqlar əldə etmək olur, əlaqələr genişlənir. Bu gün gəldiyim üçün COP-un keçirildiyini ərazini bütövlükdə gəzə bilməmişəm. Bizim yerli şirkətlərə maliyyə çatmır. COP29-dan da gözləntimiz sözügedən maliyyə dəstəyinin bizə də gəlib çatmasıdır”.

Xarici qonaq Amy Skelding: “Əməkdaş şirkətin nümayəndələri olaraq COP29-da iştirak edirik. COP29-dan əsas gözləntimiz maliyyə dəstəyinin göstərilməsidir. Maliyyə baxımından lazımi dəstək göstərilərsə, digər problemlər də həllini tapacaq. Heç zaman Bakıda olmamışam, amma bura barəsində maraqlı məlumatlar əldə etmişəm. Həmin yerlərə səyahət etmişəm və çox bəyənmişəm. İncəsənət baxımından Bakı çox fərqli və gözəldir”.

Müəllif: Səbinə Hüseynli
Seçilən
18
sia.az

1Mənbələr