AZ

İlin beş fəsli: iqlim dəyişikliyi yerli amerikalıların həyatına necə təsir edir

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"İndi bizdə beş fəsil var: yay, qış, yaz, payız və yanğın mövsümü".
Bu barədə Hopi və Pima hindu tayfalarının nümayəndəsi, "Müdriklik Qoruyucuları Nümayəndə Heyəti"nə rəhbərlik edən Ceykob Cons Oxu.az-a açıqlamasında bildirib.
O, iqlim böhranı ilə mübarizədə yerli xalqların səylərinin birləşdirilməsinin vacibliyindən danışıb.
"Biz qədim müdrikliyimizi müasir iqlim siyasətinə çevirməyə çalışan yerli xalqların beynəlxalq birliyiyik. Son iki ildə UNFCCC çərçivəsində bu məsələlərin irəli aparılması üçün fəal işləmişik. Təşkilatımızda dünyanın hər yerindən 18 nəfər var", - deyə Cons bildirib.
O vurğulayıb ki, ABŞ-nin yerli xalqları öz torpaqlarında soyqırımına məruz qalıb və hazırkı hökumət onların maraqlarını təmsil etmir.
"ABŞ beynəlxalq arenaya çıxanda çox vaxt obstruksionist kimi çıxış edir və mütərəqqi iqlim siyasətini əngəlləyir. Buna görə də qlobal səviyyədə hərəkət etməli və yerli xalqların müdrikliyini birləşdirməliyik", - deyə o qeyd edib.
Nümayəndə heyəti ümid edir ki, COP29-da ekoloji problemlərin həlli üçün yeni kəmiyyət hədəfi qəbul ediləcək.
"Qarşıdan gələn iqlim kollapsının qarşısını almaq üçün trilyonlarla dollar lazımdır. Biz yerli xalqların müstəmləkə strukturlarına müraciət etmədən birbaşa iqlim maliyyələşməsinə çıxışını dəstəkləyirik", - deyə Cons vurğulayıb.
O, həmçinin qeyd edib ki, ABŞ istixana qazı emissiyalarının ən böyük tarixi mənbəyi kimi dünyaya bunun əvəzini ədalətlə ödəməlidir.
"Bizə adaptasiya, nəticələrin yumşaldılması və daha vacibi, artıq baş vermiş iqlim dəyişikliklərinin reparasiyası üçün pul lazımdır", - deyə hindu tayfalarının nümayəndəsi bildirib.
Ceykobun sözlərinə görə, onun ABŞ-nin şimal-qərbindəki doğma regionunda iqlim problemləri adi həyat tərzini tamamilə dəyişir, ilin fəsillərinə yanğın mövsümü əlavə olub və beləliklə onların sayı beşə çatıb.
"Qar yağışa çevrilib, meşələr quruyur və yanır. Hava toksik olur, insanlara küçədə fəaliyyəti məhdudlaşdırmaq və maska taxmaq tövsiyə olunur. Bu, yeni normaya çevrilir ", - deyə o təəssüflə əlavə edib.
Consun sözlərinə görə, ABŞ hökuməti meşə yanğınları ilə mübarizə aparmağa çalışır, lakin yerli xalqların ənənəvi biliklərinə etinasız yanaşırlar.
"İllərdir meşələrdə təyin edilmiş yanğınların vacibliyindən danışırdıq, amma bizi dinləmirdilər. İndi bizim üçün vacibdir ki, iqlim böhranının həlli üçün qlobal səviyyədə nə edə biləcəyimizi müəyyən edək", - deyə o yekunlaşdırıb.
Rufina Abdullayeva
Seçilən
24
50
oxu.az

10Mənbələr