Gələn il Azərbaycanda minimum pensiya məbləğinin 280 manat olacağı nəzərdə tutulur.
Bu, "Hesablama Palatasının Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə rəyində əksini tapıb.
Başqa sözlə, 2025-ci il üzrə proqnozlara əsasən, minimum pensiya məbləğinin minimum əməkhaqqı məbləğinə (400 manat) nisbətinin 70 faiz olacağı nəzərdə tutulur. Maraqlıdır, minimum pensiya məbləği nə üçün 280 manat olaraq saxlanıldı?
İqtisadçı ekspert, Natiq Cəfərli "Sherg.az"a bildirib ki, artımlarla bağlı son qərarı Hesablama Palatası vermir:
"Yekun qərar parlamentdə büdcə müzakirələri zamanı büdcəyə daxil edilərkən veriləcək. Əlavə olaraq prezidentin yanvarın 1-dən etibarən təqaüdləri və minimum əməkhaqqını artırma səlahiyyəti var. Sadəcə olaraq Hesablama Palatası bununla bağlı rəy verir. Fikrimcə, minimum əməkhaqqı və təqaüd artacaq. Ancaq bu artım 10 faizdən çox olmayacaq. Yəni, böyük gözləntilərə ehtiyac yoxdur. Bir sözlə, bu sahədə 8-10 faizlik artımın olacağı ehtimal edilir".