AZ

İrəvanda təhsil

"Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - deyə Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bildirmişdir. Tarixən azərbaycanlıların köklü yaşadığı böyük elm, maarif və mədəniyyət mərkəzlərindən biri kimi İrəvan şöhrət tapmışdır.

1881-ci ildə açılmış İrəvan kişi gimnaziyasının 216 şagirdi olmuş və gimnaziyanın direktoru Vladimir İosifoviç Brajnikov olmuşdur. Bu gimnaziyada görkəmli pedaqoq, maarifçi Firidun bəy Köçərli 10 il — 1885–1895-ci illərdə gecə tərbiyəçisi olmuş və sonra hazırlıq sinfində hüsnxət müəllimi kimi fəaliyyət göstərmişdir.

İRƏVAN KİŞİ GİMNAZİYASININ MƏZUNLARI

Gimnaziyada təhsil müddəti 4 il olmuşdur. 1883-cü ildə gimnaziyada 37 azərbaycanlı oxuyurmuş. Gimnaziyanın ilk buraxılışı 1885-ci ildə olmuşdur. İrəvan gimnaziyası müsəlman şöbəsinin müdiri İsmayıl bəy Şəfibəyov olmuşdur. İrəvan Kişi Gimnaziyasının məzunlarından dünya şöhrətli alim, akademik Mustafa bəy Topçubaşov Kiyev universitetində, gimnaziyanın sonuncu qızıl medalçısı, görkəmli alim və ictimai xadim Əziz Əliyev Peterburq Hərbi Akademiyasında, professor Mehdi xan İrəvanski, məşhur alim, 1950-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyası Dil İnstitutunun direktoru. işləmiş Miryusif Mirbabayev, ictimai xadim Maqsud Məmmədov Moskva Universitetində, akademik Əhməd Rəcəbli İtaliyanın Peruça şəhərində Ali Kral Eksperimental Aqrar İnstitutunda, ziyalı ocağının layiqli övladları Adil və Əslidar Muğanlinski qardaşları Almaniyanın Leypsiq Universitetində sonralar təhsillərini davam etdirmişdilər. Akademik Heydər Hüseynov, böyük bəstəkarımız Səid Rüstəmov, görkəmli elm xadimi və ictimai xadim Həsən Seyidov, Hüseyn Şahtaxtinski, Mirhəsən Mirbababayev, Əbdülhəmid Qənizadə ilk təhsillərini İrəvan kişi gimnaziyasında almışlar. 1880–1886-cı illərdə Eynəli bəy Sultanov İrəvan Kişi Gimnaziyasında təhsil almış və buradan məzun olmuşdur.

İRƏVAN MÜƏLLİMLƏR SEMİNARİYASI

Tarixi qədim olan İrəvada 1881-ci il noyabrın 3-də tərkibində iki sinif olmaqla İrəvan Müəllimlər Seminariyasının I sinfinin açılışı olmuşdur. Seminariyanın ilk direktoru Yakob Suşevskinin səyi nəticəsində birinci il seminariyaya 9 müəllim, 42 şagird cəlb edilib. 1882-ci ildə seminariyanın II sinfi, 1883-cü ildə III sinfi açılmışdır. Beləliklə, Qafqazda olan bütün müəllimlər seminariyası kimi, İrəvan müəllimlər seminariyası da 4 sinifdən ibarət olmuşdur. Sənədlərdə qeyd olunur ki, İrəvan Müəllimlər Seminariyasının pedaqoji kontingentinin formalaşmasında əsasən, Qori Müəllimlər Seminariyasının məzunlarından istifadə edilmişdir. Seminariyada müxtəlif fənlər tədris edilməklə yanaşı, bir sıra peşələr – xarratlıq, cildçilik işi, tərəvəzçilik və ipəkçilik fənləri də könüllü olaraq tədris olunurdu. İrəvan Müəllimlər seminariyasının ilk buraxılışı 1884-cü ildə olmuşdur. Həmin il məktəbin 5 nəfər məzunu olmuşdu. Tanınmış simalardan Haşım bəy Vəzirov, Həmid ağa Şahtaxtinski, Tağı bəy Səfiyev, İbadulla Muğanlinski, Şamil Mahmudbəyov, Cabbar Məmmədov və başqaları İrəvan Müəllimlər Seminariyasının məzunları olmuşlar.

1918-ci ilin mayında İrəvan quberniyasının ərazisində ilk erməni dövləti – Ermənistan Respublikası qurulduqdan sonra İrəvan Müəllimlər Seminariyasının fəaliyyətinə son qoyulmuşdur. İrəvan Müəllimlər Seminariyasının direktoru V.Dobrıninin 1918-ci ildə yazdığı hesabatda göstərilir ki, 1915-16-cı tədris ilində seminariyanı 19 nəfər, 1916-17-ci tədris ilində 22 nəfər, sonuncu – 1917-18-ci tədris ilində isə 23 nəfər azərbaycanlı bitirmişdir.

CƏNUBİ QAFQAZDA MAARİFÇİLİK HƏRƏKATI

Belə bir elm, təhsil və mədəniyyət mərkəzi olan İrəvan tarixi dövründə bir çox ziyalılar nəsli yetirmişdir. Bu nəslin yetişməsində İrəvan Müəllimlər Seminariyasının rolu müstəsnadır. 37 ilə qədər fəaliyyət göstərən bu təhsil ocağı 1918-ci ilin 6 avqustunda İrəvan gimnaziyası və Uluxanlı məktəbi ilə eyni vaxtda bağlanmışdır.

İrəvan xanlığı çar Rusiyasının tərkibinə qatıldıqdan sonra burada dünyəvi təhsilə xüsusi diqqət yetirilməsində həmin mühitin özü əhəmiyyətli rol oynamışdır. XIX əsrin ikinci yarısından etibarən Cənubi Qafqazda maarifçilik hərəkatı geniş vüsət aldı. Regionda dünyəvi təhsil verən yeni tipli məktəbin – İrəvan Müəllimlər Seminariyasının açılması da məhz bu vaxtlara təsadüf edir. 1881-ci ilin noyabr ayında fəaliyyətə başlayan İrəvan Müəllimlər Seminariyası çar hakimiyyətinin bölgədəki maraqları naminə yaradılmasına baxmayaraq, 40 ilə yaxın müddətdə hazırladığı müasir dünyagörüşünə və düşüncə tərzinə malik yüksəkixtisaslı milli müəllim kadrları ilə azərbaycanlıların üstünlük təşkil etdiyi İrəvan mahalında ədəbi-ictimai, elmi-mədəni həyatın ənənəvi dolğunluğunun və canlılığının qorunub saxlanılmasında təqdirəlayiq xidmətlər göstərmişdir. Görkəmli maarifpərvər Firidun bəy Köçərli seminariyanın ilk müəllimlərindən olmuş, geniş mədəni-maarif işləri aparmışdır. Seminariyanın məzunları sırasında xalqımızın bir çox tanınmış şəxsiyyətləri və dövrünün görkəmli ziyalıları vardır. Bu tədris ocağının Azərbaycanda xalq məktəbi və maarifinin inkişafında müstəsna xidməti olub. Bu seminariyanı bitirmiş məzunların böyük əksəriyyəti Azərbaycanın ucqar qəza və kəndlərinə gedərək orada pedaqoji fəaliyyət göstərmişlər. İrəvan Müəllimlər Seminariyası pedaqoji fikir salnaməmizə yaddaqalan səhifələr yazmışdır.

MÜƏLLİMLƏR SEMİNARİYASININ XƏLƏFİ - İRƏVAN TÜRK PEDAQOJİ TEXNİKUMU

1924-cü il oktyabrın 15-də isə İrəvan Müəllimlər Seminariyasının xələfi olan İrəvan Türk Pedaqoji Texnikumu fəaliyyətə başlayıb. Azərbaycan məktəbləri üçün müəllimlər hazırlayan bu təhsil müəssisəsinin yaranması uzun və çətin mübarizənin nəticəsində olmuşdur. Texnikumun ilk dövründə Mehdi Kazımov direktor, Bala Əfəndiyev ictimaiyyət müəllimi, Əsgər Əsgərzadə ana dili müəllimi, Cəmil Əliyev isə təbiət müəllimi kimi fəaliyyət göstərmişdir. Bülbül Kazımova da texnikumda dərs deyən ilk azərbaycanlı qadın idi. 1925-ci ildən texnikum Nəriman Nərimanov adına Türk Pedaqoji Texnikumu adlandırılıb. 1929-cu ilin iyun ayında İrəvan Türk Pedaqoji Texnikumunun ilk buraxılışı baş tutmuşdur. 1926-cı ildən qəbul olunmuş 32 tələbədən 20-si (18 oğlan, 2 qız) bu mərhələni tamamlayıb. 1934-cü ildə ali təhsilli müəllimlərin cəlb edilməsi ilə tədrisin keyfiyyəti artır. Texnikum 1934-cü ildə Ümumittifaq texnikumlar yarışında birinci olub 7 min manat pul mükafatı qazanmışdır.

Onu da qeyd edək ki, Azərbaycan məktəbliləri üçün pedaqoji kadrlar hazırlayan tədris müəssisəsinin yaradılması ideyası ilk dəfə 1922-ci il yanvarın 30-da Ermənistan Kommunist Partiyasının birinci qurultayında gündəmə gətirilsə də, həmin dövrdə bu tələblər diqqətə alınmamışdı. Bununla belə, Azərbaycan məktəblərində müəllim çatışmazlığı problemi hələ də vacib məsələlərdən biri kimi qalırdı. Mənbələrdə qeyd olunduğu kimi, 1923-cü il martın 29-da keçirilən EKP-nin ikinci qurultayında azərbaycanlı pedaqoji kadrların hazırlanması məsələsi bir daha müzakirəyə çıxarılsa da, bu problem həll edilməmiş qaldı. Qurultayda Ermənistanın şovinist dairələri və Xalq Maarif Komissarı A. Mravyan Azərbaycan məktəblərinin müəllim ehtiyacını yerli kadrların hazırlanması ilə deyil, Azərbaycandan pedaqoji kadrların dəvət edilməsi yolu ilə aradan qaldırmağı daha məqbul hesab edirdilər.

AZƏRBAYCANLILAR ÜÇÜN MÜSTƏQİL PEDAQOJİ TƏDRİS MÜƏSSİSƏSİ

Azərbaycanlılar arasında maarif işlərini gücləndirmək məqsədilə 1922-ci ildə Ermənistan Xalq Maarif Komissarlığı yanında "Azlıqda qalan Millətlər Bürosu" yaradıldı və İrəvanın tanınmış maarifçisi Mehdi Kazımov həmin büronun müdiri təyin edildi. Eyni zamanda, Ermənistan K(b)P MK yanında "Azsaylı Xalqlar Şöbəsi" də fəaliyyət göstərirdi, onun rəhbəri Bala Əfəndiyev idi. Onların təşəbbüsü ilə 1922-ci ilin sonlarında İrəvanda hazırlıq kursları təşkil edildi. Müəllim kadrlarına olan böyük ehtiyacı ödəmək üçün kurslardan keçənlər məktəblərə müəllim kimi göndərilirdi, lakin bu tədbirlər kifayət etmirdi. Bu ehtiyacı ödəmək üçün Bala Əfəndiyev və Mehdi Kazımovun səyləri nəticəsində 1923-cü ilin noyabr ayında İrəvanda 2 aylıq yay hazırlıq kursu təşkil edildi. Bu dövrdə İrəvanda azərbaycanlı qızlar məktəbi, İrəvan yeddillik azərbaycanlı məktəbi və bir neçə beynəlmiləl məktəbin Azərbaycan bölmələri fəaliyyət göstərirdi. 1923-cü ilin sonlarında təşkil olunmuş bu hazırlıq kurslarında 1926-cı ilə qədər 143 müəllim hazırlanmışdır ki, bunlardan da 6 nəfəri qadın idi. Bütün görülən tədbirlərə baxmayaraq, azərbaycanlı məktəbləri üçün müəllim kadrlarına olan ehtiyac tam şəkildə qarşılanmırdı. Ermənistanın şovinist dairələri isə azərbaycanlılar üçün müstəqil bir pedaqoji tədris müəssisəsinin açılmasına qarşı çıxır, bunun əvəzində Erməni Pedaqoji Texnikumunun nəzdində Azərbaycan şöbəsinin yaradılmasını təklif edirdilər.

Nəticədə 1924-cü il oktyabrın 15-də İrəvanda Türk Pedaqoji Texnikumu təsis edildi. Bu Texnikumun açılması Azərbaycan məktəblərində müəllim kadrlarına olan ehtiyacın aradan qaldırılması işinin müəyyən dərəcədə qaydaya salınması sahəsində ilk addım oldu.

İrəvan Azərbaycan Pedaqoji Məktəbinin yaradılması, Qərbi Azərbaycanda yaşayan azərbaycanlılar üçün əhəmiyyətli bir hadisə olmuşdur. Məktəbin 15 illik yubileyi 1940-cı ildə qeyd edilmiş, bu müddət ərzində məktəb 1228 müəllim hazırlamışdır. 1948-ci ilin noyabr ayının ortalarına kimi İrəvanda fəaliyyət göstərən İrəvan Azərbaycanlı Pedaqoji Texnikumu təkcə tədris müəssisəsi kimi deyil, eyni zamanda Qərbi Azərbaycanda Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, incəsənətinin inkişafında və qorunmasında böyük rol oynamışdır.

Nəzakət ƏLƏDDİNQIZI

Seçilən
7
sesqazeti.az

1Mənbələr