Türkiyənin müdafi naziri Yaşar Gülər bu günlərdə yerli mətbuata açıqlamasında Almaniya hökumətinin 40 ədəd "Eurofighter" döyüş təyyarəsinin Türkiyəyə satışına cazə verdiyini açıqlayıb.
"AzPolitika" xəbər verir ki, sözügedən açıqlama başda Yunanıstan olmaqla, bir sıra Avropa ölkələrinin mediasında şok effekti yaradıb.
Qeyd edək ki, sözügedən yeni nəsil döyüş təyyarəni Böyük Britaniya, İspaniya, İtaliya və Almaniyanın birgə istehsal etdiyindən satış üçün bütün konsorsium üzvlərin razılığı tələb olunurdu. Almaniya uzun müddət idi ki, bu təyyarələrin Türkiyəyə satışına əngəl olurdu. Lakin rəsmi mənbələrə görə, Almaniyanın silah ixracına icazə verən Federal İqtisadiyyat və İxrac Nəzarəti İdarəsi sözügedən satışı təsdiqləyib. Lakin proses hələ tam başa çatmayıb.
Xarici KİV-lərin yazdığına görə, Türkiyə Hərbi Hava Qüvvələrinin bu qabaqcıl təyyarələri inventarına əlavə etməsi Egey və Şərqi Aralıq dənizindəki güc balansını dəyişdirə bilər. Yunan mətbuatında yer alan xəbərdə qeyd olunur ki, Türkiyə "Eurofighter" modeli ilə hava gücünü əhəmiyyətli dərəcədə artıra bilər.
Yunan mətbuatı Almaniyanın bu qərarla Türkiyənin NATO-dakı rolunu dəstəklədiyini və Ankara ilə Berlin arasında müdafiə sahəsində əməkdaşlığın daha da dərinləşdiyini yazıb. Yunan mətbuatına danışan təhlükəsizlik mənbələri Türkiyənin "Eurofighter" almasını Yunanıstanın təhlükəsizliyini təhdid edən bir addım kimi qiymətləndirib.
"AzPolitika.info"