AZ

İpoteka ilə götürülən evin kreditini boşanmadan sonra hansı tərəf ödəməlidir? - ŞƏRH

Günümüzdə evlənən cütlüklərin bir çoxu evi ipoteka vasitəsi ilə alır. Lakin bəzən cütlüklərin biri ipotekanı rəsmi nikahdan əvvəl götürür, ödəniş isə evlilik müddətində ödənilir. Belə olan halda isə ödənişi hər iki tərəf də ödəyir. 

 

Maraqlıdır, əgər həmin cütlük boşanarsa, ipoteka ilə götürülən evin aqibəti necə olacaq? Ümumiyyətlə, boşanma zamanı hansı əmlaklar tərəflər arasında bölünür? 

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən vəkil Turan Abdullayev bildirib ki, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir, yəni ər-arvadın hər birinin özünün əmlakıdır.

 

Onun sözlərinə görə, Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, ər-arvadın sadəcə nikah müddətində əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır: 

 

“Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq, nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir”.

 

Hüquqşünas qeyd edib ki, ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur.

 

T.Abdullazadənin sözlərinə görə, ər-arvaddan hansının adına ipotekanın rəsmiləşdirilməsindən asılı olmayaraq, ipoteka kreditləri hesabına əldə olunmuş yaşayış sahələri ər-arvadın ümumi əmlakını təşkil edir və boşanma zamanı bölünür:

 

“Konstitusiya Məhkəməsinin 21 iyun 2023-cü il tarixli qərarında əks olununmuş hüquqi mövqelərə əsasən, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarını təmin edilməsi məqsədilə üzərinə götürdükləri öhdəlikləri onların ümumi mülkiyyətini təşkil edir və onların hər ikisi üçün vəzifələr yaradır. Ali Məhkəmənin mövqeyinə görə, kredit müqaviləsi üzrə tərəf olan ərin kreditorlar qarşısında icra edilməmiş öhdəliyin arvaddan alınaraq kreditora verilməsinin qanuni olaraq müqavilə əsası yoxdur, lakin kredit müqaviləsi üzrə tərəf olan ərin nikah münasibətlərinə xitam verildikdən və ya nikah pozulduqdan sonra kreditora növbəsi üzrə öhdəliklərin qalan hissəsini öz vəsaiti hesabına tam və ya qismən ödədiyi müəyyən edilərsə, məhkəmə ödənilmiş məbləğin ümumi müqavilədəki paya uyğun hissəsini arvaddan tutaraq ərə ödənillməsi barədə iddianı təmin edə bilər. Yəni ipoteka ilə əldə olunmuş mənzil üzərində ər-arvadın payı müəyyən edilibsə, nikah pozulduqdan sonra ər yenə də ödənişləri davam etdirərək ipoteka kreditini tam olaraq bağlayıbsa, ipoteka ilə alınmış mənzilə iddia edən qadın ya onun payına mütənasib hissəni ərə ödəməlidir, ya da öz payından imtina etməlidir”.

 

Firuzə Əliyeva

Seçilən
9
sfera.az

1Mənbələr