AZ

Şoyqunun bölgəyə apardığı plan gərginliyi artırdı – Savaş bloku qurulur

Yaponiya Baş naziri Siqeru İşiba Peruda keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) toplantısı çərçivəsində Çin lideri Si Cinpinlə görüşüb. Liderlər bundan sonra da müzakirələri davam etdirmək barədə razılığa gəliblər. Bu o deməkdir ki, tərəflər arasında fikir ayrılıqlarını ortadan qaldırmaq mümkün olmayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində qeyd olunur.

Araşdırmada vurğulanır ki, İşiba Cinpinə Tokionun Çinin Tayvan və Yaponiyanın hava məkanına qarşı aqressiv manevrlərindən narahatlığını çatdırıb:

“Bundan başqa, o, Cinpindən Çinin Yaponiyanın dəniz məhsullarına embarqosunun qaldırması və mübahisəli ərazilər yaxınlığından Çinin tədqiqat avadanlıqlarının çıxarılmasını istəyib.

Tokionu Pekin-Moskva ittifaqının güclənməsi də narahat edir. Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu APEC sammitindən əvvəl Çinə səfər edib. Şoyqu Pekində keçirdiyi görüşlərdə iki ölkə arasında strateji əlaqələrin daha da inkişaf etdirilməsi yollarını müzakirə edib. Rusiya rəsmisi burada ölkə arasındakı münasibətləri beynəlxalq təhlükəsizliyinin əsas elementlərindən biri kimi qiymətləndirib.

Çinin paytaxtında ABŞ prezidenti seçilən Donald Trampın gələcək siyasətinə qarşı Moskva ilə Pekinin birgə siyasət yürütməsinin vacibliyi barədə də fikir mübadiləsi aparılıb. Rusiya Çinə beşinci nəsil "Su-57" hərbi təyyarələrini satmağa hazırlaşır”.

Mərkəzin ekspertlərinin təhlillərinə görə, Yaponiya ilə Çin arasındakı münasibətlərdə gərginlik davam etsə də, Tokio Pekinlə dialoqdan imtina etmir:

“Sadəcə Tokio hesab edir ki, gərginliyin azaldılması üçün ilk addımı Pekin atmalıdır. Tokionun istəkləri bəllidir. Birincisi, Pekin Yaponiyaya məxsus adalar ətrafında hərbi təlimlər keçirməməli, Çin hərbi təyyarələri ölkənin hava məkanını pozmamalı və Pekin Tayvanı güc yoluyla ələ keçirmək planlarından imtina etməlidir. Çünki Pekin Tayvanı ələ keçirmək istəyərsə, Yaponiya ABŞ tərəfindən Çinə qarşı müharibəyə cəlb olunacaq.

Tayvan da mümkün gəlişməyə qarşı ABŞ və Yaponiya ilə tərəfdaşlığı gücləndirməyə çalışır. Hətta ABŞ Prezidenti Co Bayden Tayvana səfərə dəvət edilib. Belə bir səfərin reallaşması Çinlə ABŞ arasında münasibətləri daha da gərginləşdirəcək.

Tokio Pekinlə dialoquna baxmayaraq, QUAD-dan (ABŞ, Avstraliya, Hindistan və Yaponiya), o cümlədən ABŞ və Cənubi Koreya, ABŞ və Fillipinlə formalaşdırdığı birliklərdən imtina etməyəcək. Bunlar Çinin bölgədə artan gücünə qarşı yaradılan birliklərdir. Yaponiya Hindistanla da ikitərəfli hərbi əlaqələri gücləndirməyə qərar verib”.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
34
teleqraf.com

1Mənbələr