AZ

"COP neft ölkələrində keçirilməsin" deyənlərin sancısı nədir?

Image

Azər Həsrət: "Söhbət konkret olaraq neft və qaz istehsal edilən ölkələrdə COP tədbirlərinin keçirilməməsindən gedirsə, bu yanlış bir yanaşmadır"

Alim və siyasətçilər ümumdünya təşkilatının rəhbərliyinə müraciətdə deyirlər ki, BMT-nin iqlim konfransları “artıq məqsədəuyğun deyil”.

Tanınmış elm adamları və siyasətçilər Birləşmiş Millətlər Təşkilatını hasilat yanacaqların mərhələli şəkildə dayandırılmasını dəstəkləməyən ölkələrdə BMT-nin iqlim dəyişikliyi konfransları keçirməməyə çağırır. Bu çağırış noyabrın 15-də Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində dərc olunmuş açıq məktubda yer alıb.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil, BMT-nin baş katibi Antonio Quterreş və BMT-yə üzv dövlətlərə ünvanlanan məktubu BMT-nin keçmiş Baş katibi Pan Gi Mun, İrlandiyanın keçmiş prezidenti Meri Robinson da imzalayıb.

Yəni bu ekspertlər tələb edir ki, COP-lar kömür, neft və qazdan tədricən imtina etməyən ölkələrdə keçirilməsin. Hətta bunu Pan Gi Mun da imzalayıb. Bunlar nə etmək istəyir, məqsədləri nədir? Axı dünya hələ gəlib o səviyyəyə çatmayıb ki, hasilat yanacağından imtina etsin.

Sualımıza cavabında siyasi şərhçi Azər Həsrət bildirdi ki, ümumiyyətlə, dünyanın taleyi üçün kimsə narahat olursa, bu yaxşı haldır: "Yəni istənilən məsələyə münasibət bildirmək və bu zaman da bəşəriyyətin taleyi ilə bağlı fikirlərin irəli sürülməsi təqdir olunmalıdır. Amma söhbət konkret olaraq neft və qaz istehsal edilən ölkələrdə COP tədbirlərinin keçrilməməsindən gedirsə, bu yanlış bir yanaşmadır. Ona görə ki, dünyanın neft və qaz ölkələri, təbiidir ki, dünyadan təcrid olunmayıblar. İqlim dəyişmələrində, təbiətlə baş verən hadisələrdə onlar da iştirak edirlər. Eyni zamanda, bunun xeyrini də görürlər, əziyyətini də çəkirlər. Yəni biz hamımız bəşəriyyət olaraq "bir gəmidəyik", o "gəmidə" nə baş verəcəksə bundan biz hamımız təsirlənəcəyik. Ona görə də iqlim sammitlərinə bu cür qadağalar qoymaq, dünyanı iki yerə bölmək doğru deyil.

Birincisi, onu soruşmaq lazımdür ki, başqa ölkələr bu tədbirləri keçirmək istəyirmi və ya buna hazırdırmı? Onlar bu həcmdə iştrakçının qatıldığı tədbirə ev sahibliyi etmək imkanına malikdirmi? Heç də bütün ölkələrin buna gücü çatmır.

İkincisi, bu qədər yüksək səviyyəli qonaqların gələcəyi bir tədbirə ev sahibliyi etmək həm də yüksək səviyyəli təhlükəsizlik təminatı tələb edir. Görək dünyanın hasilət yanacağı istehsal etməyən ölkələrinin hamısında bu imkanlar var? Əlbəttə, yoxdur, hətta öz daxili təhlükəsizliyini özü təmin edə bilməyən ölkələr var. Deməli, o dövlətlər neft istehsal etmədiklərinə görə gedib COP-u bu ölkələrdə keçirməlidirlər?

Yəni bu yanaşma ifadə azadlığı kimi dəyərləndirilə bilər, amma fikrimcə, neft-qaz ölkələrinə belə bir qadağa qoymaq düzgün deyil. Çunki elə hasilat yanacağı istehsal edən ölkələr bu məsələnin önündə getməlidirlər. Yəni həmin ölkələr hasilat yanacağından imtina edilməsi yollarının tapılmasına daha çox töhfə verməlidirlər, onların buna daha çox imkanı var. Çünki İlham Əliyevin də dediyi kimi, bu bizə Allahın bir hədiyyəsidir.

Digər tərəfdən, əlimizdə imkanlar var ki, bu cür iri həcmli müzakirələrın keçirildiyi tədbirləri təşkil edək. Neft istehsal edən ölkələr bu məsələnin marağında olmasaydılar, COP-u öz ölkələrinə dəvət etməzdilər. O cümlədən də Azərbaycan bu məsələlərin həllində maraqlıdır. Azərbaycan iqlim dəyişmələrinə həssas yanaşdığına görə bu tədbirə ev sahibliyi üçün iddia irəli sürüb və əksər ölkələr də ona dəstək verib. Ona gorə də düşünürəm.ku, o müraciət müəllifləri belə narahatlıq ifadə etməkdə sərbəstdirlər, amma yetərincə dərindən düşünməyiblər.

Yeri gəlmişkən, bu məktubu imzalayanlar arasında tanış imzalar da var. Məsələn, İrlandiyanın keçmiş prezidenti Meri Robinsonun digər məsələlərdə də mövqeyi birtərəfli olub. Xüsusilə də o, Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasına da birtərəfli mövqedən çıxış edərək, açıq şəkildə işğalçı Ermənistanın tərəfində olduğunu ifadə edir. Bu cür aydın bir məsələdə tərəfsiz mövqe sərgiləməyən birisi iqlim məsələsində obyektiv və tərəfsiz ola bilərmi? Məncə, ola bilməz. Bunların da arxasında müəyyən maraq qrupları var, onlar da həmin qrupların dəstəvuzuna çevriliblər. O qruplara əl yetirirlər ki, bəlkə nəsə alınar. Amma bir şeyi unudurlar ki, neft ölkələri olmadan dünyada bu cür nəhəng problemləri həll etmək elə də asan deyil.

Dəniz NƏSİRLİ





Seçilən
20
baki-xeber.com

1Mənbələr