AZ

Azərbaycanda sərnişin daşımaları 9% artıb

2024-cü ilin yanvar-oktyabr ayları ərzində yük və sərnişin daşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 4,1 faiz və 9,2 faiz artıb.

FED.az Dövlət Staistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 193,8 milyon ton yük daşınıb.

Yüklərin 3,7 faizi dəniz, 8,0 faizi dəmir yolu, 0,2 faizi hava, 59,3 faizi avtomobil nəqliyyatı, 28,8 faizi isə boru kəməri ilə daşınıb.

Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 5,8 faiz artmış, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 78,9 faiz təşkil edib.

2024-cü ilin yanvar-oktyabr aylarında nəqliyyatçılar 1695,0 milyon sərnişinə xidmət göstərmişlər. Sərnişinlərin 88,2 faizi avtomobil nəqliyyatı, 11,1 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Dəmir yolu nəqliyyatı ilə 2024-cü ilin yanvar-oktyabr aylarında 15,5 milyon ton yük, 6941,7 min sərnişin daşınmış, 2023-cü ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 1,3 faiz, sərnişin daşınmasında isə 23,6 faiz artım müşahidə olunub. Orta hesabla sutkada 386 vaqon yüklənmiş, 434 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 18,1 min ton, Qərb istiqaməti üzrə 4,2 min ton, Cənub istiqaməti üzrə isə 0,7 min ton yüklənmə işi yerinə yetirilib.

Dəniz nəqliyyatı ilə 2024-cü ilin yanvar-oktyabr aylarında daşınmış yüklərin həcmi 7164,2 min ton təşkil etmiş və əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,4 faiz azalıb. Yüklərin 47,6 faizini neft yükləri təşkil edib. Dəniz limanları tərəfindən 11704,4 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilmiş və yüklərin 9360,2 min tonunu və ya 80,0 faizini tranzit yüklər təşkil edib. 2024-cü il noyabr ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 501,7 min ton olub. Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2023-cü ilin müvafiq dövrünə nisbətən 20,4 faiz artaraq 24,2 min nəfər olub.

Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 115,1 milyon ton yük, 1495,7 milyon sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 8,4 faiz və 9,5 faiz artım qeydə alınıb.

Sərnişinlərin 95,3 faizi avtobus, 4,7 faizi isə minik taksilərinin xidmətlərindən istifadə etmişdir. Yük dövriyyəsi 16,6 faiz, sərnişin dövriyyəsi isə 10,8 faiz artıb.

Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 6,2 faiz artaraq 188,9 milyon nəfər olub.

Hava nəqliyyatı ilə 3369,6 min və ya 39,5 faiz çox sərnişin daşınıb, daşımaların 99,9 faizi dövlət, 0,1 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib. Bu nəqliyyat növü ilə yükdaşıma 17,6 faiz artaraq 341,2 min ton olub.

Magistral neft kəmərləri ilə 32127,8 min ton neft nəql edilir. Nəqletmənin 75,3 faizi Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib və cari ilin yanvar-oktyabr ayları ərzində bu kəmər vasitəsilə 24180,3 min ton neft ötürüüb.

Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 81,5 faizini və ya 19704,9 min tonunu Azərbaycanda hasil edilən neft, 18,5 faizini və ya 4475,4 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.

Magistral qaz kəmərləri ilə 32 milyard 832,3 milyon kub-metr qaz nəql edilmiş və əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,4 faiz azalma müşahidə olunub. Qazın nəqlinin 57,4 faizi BakıTbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçiriib və 18 milyard 832,0 milyon kub-metr qaz ötürülüb.

2024-cü ilin yanvar-sentyabr aylarında nəqliyyat dəhlizlərində daşınmış yüklərin həcmi 24 milyon 620,1 min ton olub. Yüklərin 11 milyon 304,2 min tonu və ya 45,9 faizi dəmir yolu nəqliyyatı, 7 milyon 353,6 min tonu və ya 29,9 faizi avtomobil nəqliyyatı, 5 milyon 962,3 min tonu və ya 24,2 faizi dəniz nəqliyyatı ilə daşınıb. Dəhlizlər vasitəsilə daşınmış yüklərin 57,9 faizini və ya 14 milyon 247,1 min tonunu tranzit yüklər təşkil edib.

Seçilən
40
2
fed.az

10Mənbələr