AZ

COP29-da iqlim dəyişmələri kontekstində insanların yerdəyişməsinin həlli üzrə qlobal əməkdaşlığın gücləndirilməsi müzakirə olunub

Noyabrın 18-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Mavi Zonada "COP29: İqlim dəyişmələri kontekstində insanların yerdəyişməsi üçün inteqrə olunmuş həll yolları üzrə qlobal əməkdaşlığın gücləndirilməsi" mövzusunda yüksəksəviyyəli panel iclas keçirilib.

“İki sahil” xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Beynəlxalq Miqrasiya Təşkilatı tərəfindən təşkil olunub.

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov tədbirdə çıxış edərək bildirib: "Təəssüf ki, iqlim dəyişmələrinin yaratdığı aktual problemlər və insanların yerdəyişməsinə güclü təsiri indi həmişəkindən daha önəmlidir. Hesablamalara görə, son on il ərzində iqlimlə bağlı fəlakətlər davamlı olaraq illik yerdəyişmələrin artmasına səbəb olub. Tədqiqatlar göstərir ki, lazımi adaptasiya tədbirləri tətbiq olunmasa, iqlim dəyişmələri ilə əlaqədar fəlakətlərin artması dünyanın bir çox yerində yerdəyişmələrin miqyasının böyüməsinə səbəb ola bilər. Bu kontekstdə, bugünkü müzakirələrin əsas məqsədləri olan insanların yerdəyişməsi və iqlim dəyişmələri arasındakı əlaqənin kollektiv şəkildə anlaşılması ətrafında dialoqun təşviqi, müvafiq maraqlı tərəflər arasında məlumatlılığın artırılması, eləcə də iqlim dəyişmələrinə dayanıqlılığın artırılması və adaptasiya planlarının hazırlanması üçün inklüziv və vahid strategiyaların müəyyənləşdirilməsi vacibdir. Buradakı müzakirələrimiz həm də fəaliyyətlərin stimullaşdırılmasına yönələcək", - deyə V. Hüseynov diqqətə çatdırıb.

Xidmət rəisi əlavə edib ki, yalnız lazımi diqqət göstərməklə və sərhədyanı əməkdaşlığı genişləndirməklə, habelə iqlimdən qaynaqlanan yerdəyişmənin mürəkkəbliyini nəzərə alan hərtərəfli strategiyaları işləyib hazırlamaqla insanların yerdəyişməsinin ləyaqətlilik, bərabərlik və dayanıqlılıq prinsipləri əsasında idarə olunmasını təmin edən hərtərəfli həllər hazırlamaq mümkündür: "Bu baxımdan, iqlim dəyişmələri kontekstində Özbəkistan hökuməti tərəfindən irəli sürülən insanların yerdəyişməsinə dair Regional İpək Yolu Bəyannaməsinin layihəsini vurğulamaq istərdim. Ümid edirik ki, yaxın gələcəkdə bu sənəd qəbul olunacaq və iqlim dəyişmələrinin yerdəyişmə ilə bağlı ümumi problemlərin həlli istiqamətində kollektiv tədbirlər görmək üçün faydalı çərçivə olacaq".

Beynəlxalq Miqrasiya Təşkilatının baş direktorunun müavini xanım Uqoçi Daniels çıxışında təşkilatın Dünya Miqrasiya Hesabatına əsasən, 280 milyondan çox insan doğulduğu yerdən kənarda yaşadığını vurğulayıb. Onun sözlərinə görə, 2022-ci ilin sonuna qədər 71 milyondan çox insan öz ölkəsi daxilində miqrasiyaya məruz qalıb və bunun 20 milyondan çoxu fəlakətlər səbəbindən baş verib.

“İqlim dəyişikliyinə görə bu göstəricilər daha da pisləşəcək. Proqnozlara əsasən, 2050-ci ilədək 260 milyondan çox insan öz ölkəsi daxilində yerdəyişməyə məruz qalacaq. Bilirik ki, effektiv iqlim tədbirləri bu rəqəmi 80 faiz azalda bilər. Buna görə miqrasiyanı uyğunlaşdırılmış həll yoluna çevirməyin yollarını düşünməliyik”, - deyə Beynəlxalq Miqrasiya Təşkilatının rəsmisi diqqətə çatdırıb.

Qeyd edək ki, müxtəlif ölkələrin və beynəlxalq təşkilatların yüksəksəviyyəli rəsmilərinin iştirakı ilə keçirilən panel müzakirə miqrasiya, ətraf mühit və iqlim dəyişikliyi arasındakı əlaqəyə diqqət yetirəcək və bu sahədə inteqrasiya olunmuş həllərin hazırlanması üçün qlobal əməkdaşlığı təşviq edəcək.

Seçilən
26
1
ikisahil.az

2Mənbələr