AZ

"Gürcüstan Azərbaycanı özünə örnək alıb" - AÇIQLAMA

Gürcüstandakı seçkilərin nəticəsi birinci növbədə rəsmi Tbilisinin Qərblə arasında məsafə qoymasına gətirib çıxaracaq.

Bu sözləri Redaktor.az-a  politoloq Turan Rzayev Gürcüstanda baş verən hadisələri şərh edərkən dedi. Onun sözlərinə görə, Qərbin Gürcüstana verdiyi sözləri yerinə yetirməməsi münasibətləri soyutdu.

"Gürcüstana verilən vədlər 2008-dən bu günə qədər yerinə yetirilməyib. Söhbət nədən gedir? Birincisi, Cənubi Osetiya və Abxaziya problemləri həll olunmadı. Buna görə 2008-dən sonra bu ərazilər özlərini müstəqil dövlət kimi aparırlar və Rusiyanın daxili subyekti olmaq belə istəyirdilər. İkinci məsələ, gürcülər açıq şəkildə Avropa İttifaqı və NATO-ya üzv olmalarını tələb edirlər. Ancaq bu istəklərin heç biri reallaşmadı və belə olan təqdirdə də mövcud hakimiyyət artıq Qərblə arasına məsafə qoydu. Digər bir nüansı da qeyd edim ki, əslində Azərbaycanın 44 günlük müharibə və lokal xarakterli aniterror tədbirləri fonunda Qarabağ münaqişəsinin Dağlıq Qarabağ etabını bitirməsi, eləcə də Rusiyanın bu məsələdə neytral qalması Gürcüstanı həvəsləndirib. Yəni Azərbaycanın tutduğu bu balanslaşmış siyasət və usta diplomatik manevr qabiliyyətləri nəticəsində biz münaqişəni həll etdik, Rusiya neytral qaldı və təkbətək müharibədə biz ermənilərə qalib gəldik".

Turan

Politoloq qeyd etdi ki, Gürcüstan Azərbaycanın balans modelini örnək alaraq, hərəkət edir.

Abxaziya, Osetiya  məsələsində Rusiya ilə münasibətləri normallaşdırmaq olar. Əslində vaxtilə Kobaxidzenin verdiyi bir açıqlamada qeyd edir ki, əgər bizim Qərbin narazı qaldığı xarici agentlər haqqında qanunları geri çəkməyimizi istəyirsinizsə, onda bizi Avropa İttifaqına üzv edin. Avropa İttifaqı və NATO-ya üzv olmaq üçün birinci növbədə dövlətlər ən azından münaqişə içərisində olmamalıdır. Ancaq Abxaziya, Osetiya münaqişəsi olduğu təqdirdə Gürcüstanı onsuz da bu ittifaqlara qəbul etməyəcəklər. Gürcüstan da bunun artıq fərqindədir. Buna görə də Qərbi şantaj və münaqişələri həll etmək məqsədilə Rusiya ilə əlaqələrin normallaşma mərhələsinə keçirlər. Gürcüstan Cənubi Qafqazdakı varlığının əhəmiyyətini başa düşür və bunu daha qiymətli və daha dəyərli hala gətirmək üçün xarici siyasətdə Azərbaycanın balans modelini örnək alıb hərəkət etmək istəyir. Yenə də Gürcüstan Qərbdən tam uzaqlaşmayacaq. Amma Qərb sanksiyaları tətbiq edərsə və mövcud imtiyazlarını Gürcüstandan alarsa, bu, Qərblə münasibətlərin birmənalı bitməsinə gətirib çıxara bilər".

Türkan İSGƏNDƏRLİ

Seçilən
39
redaktor.az

1Mənbələr