AZ

İftira - "COP29-da 1700-dən çox neft-qaz lobbiçisi iştirak edir"...

Image

Ceyhun Məmmədov: “Bu kimi iddiaların heç bir əsası yoxdur”

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının Azərbaycanda keçirilməsini həzm edə bilməyən qüvvələr, müxtəlif dövlətlər və təşkilatlar bu gün də qara piar kampaniyasını dayandırmırlar. 

Əslində, bu qüvvələri heç də bəşəriyyətin üzləşdiyi ağır iqlim dəyişikliyi, ciddi ekoloji fəlakətlər və onların qarşısının alınması qətiyyən maraqlandırmır, onların əsas məqsədi Azərbaycanı qaralamaq və ölkəmizin nüfuzuna xələl gətirməkdir. 

Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (COP29) Tərəflər Konfransının 29-cu sessiyasına kölgə salmaq istəyən bir qrup şəxsin adından dünya qurumunun rəhbərliyinə müraciət edilib və müraciətdə həqiqətə uyğun olmayan iddialar səsləndirilib. 

BMİDÇS-in icraçı katibi Saymon Stilə, BMT-nin baş katibi Antonio Quterreşə və BMT-nin Üzv Dövlətlərinə ünvanlanan bu məktubu BMT-nin keçmiş Baş katibi Pan Gi Mun, keçmiş İrlandiya prezidenti Meri Robinson, UNFCCC-nin keçmiş icraçı katibi Kristiana Fiqeres və digər ekspertlər imzalayıb. 

Onlar sözügedən qurumları COP proseslərinin “əsaslı yenidən qurulmasına” çağırıblar. 

İddia ediblər ki, BMT-nin iqlim dəyişikliyi konfranslarında çoxlu sayda qalıq yanacaq lobbiçiləri var. Yazırlar ki, kömür, neft və qaz sənayesindən ən azı 1773 lobbiçi COP29-da iştirak etmək üçün rəsmi akkreditasiyadan keçib. Qeyd edirlər ki,  2003-cü ildən bəri qalıq yanacaq lobbiçiləri COP-a 10 mindən çox akkreditasiya veriblər və keçən il Dubayda keçirilən sammitə “rekord sayda lobbiçi” gəlib. Onların sayının 2500 nəfər olduğunu iddia edirlər. 

Bu müraciəti edənlər iddia edirlər ki, 2003-cü ildən indiyə kimi COP konfranslarında iştirak edənlərin içində dünyada 2500-dən artıq neftin, qazın istehsalının artırılmasının lobbiçiliyini edən adamlar iştirak edib. Yəni onlar demək istəyirlər ki, biz bu tədbirləri keçiririk ki, neftdən, qazdan imtina edək, amma bu tədbirlərə gizli şəkildə neft və qazın lobbiçiləri gedib-gəlirlər. İddia edirlər ki, COP-da 2003-cü ildən 2500-dən artıq adam iştirak edib. Guya COP29- da  isə neft və qazın 1773 lobbiçisi iştirak edir. Təbii ki, bu çox ağır ittihamdır. Xüsusilə də onlar dövlətimizi hədəfə alırlar. 

Onların bu yanaşması nə dərəcədə doğru yanaşmadır?

“Bu dövlətlər belə kampaniyalara son qoymalıdırlar”

Millət vəkili Ceyhun Məmmədov “Bakı-Xəbər”ə “Qeyd etmək lazımdır ki, bu kimi iddiaların heç bir əsası yoxdur. Əslində, bu məsələnin Azərbaycanın COP29-a ev sahibliyi etdiyi dövrdə qaldırılması da Azərbaycana qarşı aparılan təbliğatın bir parçasıdır və qara piarın bir hissəsidir. Azərbaycan sürətli bir formada bu prosesə qoşulub, ölkəmizdə BƏƏ-nin “Masdar” şirkəti ilə birgə “Şəfəq” Günəş-Elektrik Stansiyası qurulur, Külək enerjisindən istifadə üçün Azərbaycan bütün adımları atır. Əslində, cənab Prezidentin çıxışında bu məsələlərə çox geniş və ətraflı toxunulub. Yəni bu yazıda Azərbaycana qarşı səsləndirilən ittihamların, iddiaların isə heç bir əsası yoxdur”-deyə bildirdi. 

C.Məmmədovun sözlərinə görə, COP29-da aparılan müzakirələr də göstərir ki, Azərbaycan bu prosesə öz töhfəsini verməyə və iqlim dəyişikliklərindən əziyyət çəkən ölkələrə bu prosesdə dəstək olmağa    çalışır. “Yəni bu gün Azərbaycanda müzakirə olunan mövzular çox aktual, çox önəmli mövzulardır. Azərbaycanın belə bir tədbirə ev sahibliyi etməsi təsadüfi deyil. Yəni Azərbaycan kiçik bir ölkə olsa da, beynəlxalq müstəvidə bu proseslərə öz töhfəsini verir. Bu gün neftdən aslılığın azaldılması istiqamətində addımlar atır. Hesab edirəm ki, cənab Prezidentin, həm də digər rəsmilərin çıxışlarında səsləndirdilləri fikirlər də çox önəmli və əsaslandırılmış fikirlərdir. Yəni söhbət ondan gedir ki, bu gün bütün dünya iqlim dəyişikliyindən əziyyət çəkir və Azərbaycan da daxil olmaqla bütün dünya istiliyin azaldılması üçün real addımlar atır. Rəqəmlər qorxuncdur. Əgər bu addımlar atılmazsa 2050-ci ildə istiliyin 4 dərəcəyə qalxması və ilin 4 ayının quraqlıq keçməsi ilə bağlı ciddi problem baş verə bilər. Ona görə Azərbaycan da bu proseslərin önündə gedir  və bu proseslərə öz töhfəsini verir, çalışır ki, dövlətimiz bu çətinliklərdən əziyyət çəkməsin, dünyada da bu prosedən əziyyət çəkən ölkələrə dəstək verilsin.

Bu gün əslində, dünyamızı, ekologiyamızı çirkəndirən, karbon emissiyasını havaya buraxan ölkələr məhz Qərb ölkələridir, onların faiz nisbəti böyükdür və bunların başında da Fransa durur. Azərbaycanın isə burada payı və rolu olduqca kiçikdir. Ona görə də, bu dövlətlər belə kampaniyalara son qoymalıdırlar”.

C.Məmmədov əlavə etdi ki, tədbir uğurla davam edir və Azərbaycanın növbəti uğurunun, növbəti müvəffəqqiyyətinin parlaq göstəricisidir. “Bu cür addımlarla, belə məqalələrlə, yazılarla onlar heç nəyə nail ola bilməyəcəklər. Azərbaycan artıq məqsədinə nail olub. 80 prezident, ölkə başçısı, 76 min qonağın bu tədbirdə iştirakı da bu fikri bir daha təsdiq edir”-deyə C.Məmmədov bildirdi. 

İradə SARIYEVA





Seçilən
14
baki-xeber.com

1Mənbələr