AZ

"Haber Global" COP29-la bağlı: "Azərbaycan yaşıl enerjiyə keçid üçün düyməni basdı"

"Azərbaycan yaşıl enerjiyə keçid istiqamətində sürətli addımlar atır. Xəzər dənizinin küləyi bərpaolunan enerji mənbəyi kimi qiymətləndiriləcək. İstehsal olunan enerji Avropaya da nəql olunacaq. Layihə, həmçinin, Bakıda keçirilən BMT-nin iqlim sammiti COP29-un gündəliyindədir".

Bu barədə "Haber Global"ın Azərbaycanın paytaxtı Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı yayımladığı reportajda bəhs edilir.

"Azərbaycanın paytaxtı Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası davam edir. Planetin gələcəyi ilə bağlı mühüm qərarlar müzakirə olunur. Sammit çərçivəsində Azərbaycan da yaşıl enerjiyə keçidlə bağlı bir çox təşəbbüslər irəli sürür", - deyə materialda bildirilir.

Reportajda, həmçinin, Bakıda fəaliyyət göstərən Sosial Araşdırmalar Mərkəzinin sektor müdiri İlyas Hüseynovun Azərbaycanın həyata keçirdiyi işlər barədə "Haber Global"a müsahibəsi yer alıb.

"Azərbaycanın da yaşıl enerjiyə keçidlə bağlı qlobal təşəbbüsləri və niyyətləri var. Çünki Xəzər dənizinin küləyi nəticəsində əldə edilən enerjinin Qərbə nəqli istiqamətində də araşdırmalar davam etdirilir. Burada Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında imzalanan saziş nəticəsində Qara dənizin dibindən elektrik kabeli çəkiləcək və bu kabel Avropaya yönəldiləcək. Bu layihə çox gözəl perspektivə malikdir. Azərbaycanın enerji təhlükəsizliyi ilə bağlı atdığı addımların nə qədər düzgün olduğu Rusiya-Ukrayna müharibəsi ilə təsdiqini tapdı. Bu nöqteyi-nəzərdən, Azərbaycan bu fəaliyyətlərlə çox qabaqcıl baxış nümayiş etdirir", - deyə İlyas Hüseynov bildirib.

Qeyd edək ki, Azərbaycan 2024-cü ili "Yaşıl enerji ili" elan edib.

Hüseynov Azərbaycanla yanaşı, türk dünyasının atdığı addımlara da diqqət çəkib.

"Bizim üçün önəmli olan dünyanın qorunması və yaşıl bir dünyanın yaranmasıdır. Möhtərəm Prezident İlham Əliyev tərəfindən 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib. Bizim üçün önəmli olan su resurslarının bərabər şəkildə paylanması, ekologiyanın mühafizəsi, ətraf mühitə verilən zərərin qarşısının alınmasıdır. Eyni zamanda, türk qardaşlarımızla da birlikdə mühüm işlər həyata keçirilməkdədir. COP29 zamanı Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında çox mühüm bir razılaşma imzalandı və bu razılaşma nəticəsində Orta Asiyada türk dövlətlərinin enerji sahəsində fəaliyyətlərini biz tranzit ölkə olaraq Qərbə nəql edəcəyik", - deyə o bildirib.

 

 

 

 

Seçilən
21
2
moderator.az

3Mənbələr