AZ

Nazir: "2015-ci ildən bəri pambıq əkini sahələri 6 dəfə, məhsuldarlıq isə 2 dəfəyə yaxın artıb"

Azərbaycanda pambıqçılıqda "ağıllı" üsullardan istifadə edilməsi nəticəsində 2015-ci ildən bəri ölkədə pambıq əkini sahələri təxminən 6 dəfə, məhsuldarlıq isə 2 dəfəyə yaxın artıb.

FED.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov COP29 çərçivəsində təşkil olunmuş "Davamlı Gələcək üçün İrsin Yetişdirilməsi: Kənd Təsərrüfatı, Mədəniyyət və İqlim Dayanıqlığının İnteqrasiya edilməsi" adlı tədbirdə bildirib.

"İnnovativ təcrübələr Azərbaycanın kənd təsərrüfatı mənzərəsini formalaşdırır. Qoruyucu və dəqiq əkinçilik torpağın sağlamlığını artırır, sintetik gübrələrdən asılılığı və istixana qazı emissiyalarını azaldır. Böyük aqroparklarda yerləşdirilmiş texnikalar karbonun saxlanılmasına kömək edir və strategiyamızın ayrılmaz hissəsi olan davamlı torpaq idarəçiliyini təşviq edir", - deyə o qeyd edib.

Nazirin sözlərinə görə, iqlim problemləri olsa da, biomüxtəlifliyin qorunması və suyun idarə olunmasına yönəlmiş müasir islahatlar vasitəsilə əkinçilik ənənələri qorunub-saxlanılır: "İqlim dəyişikliyi dünyanın hər bir regionuna təsir edir və Azərbaycan da istisna deyil. Son illər biz tez-tez quraqlıqlar, qeyri-müntəzəm yağıntılar və su qıtlığı müşahidə edirik. Aqrar istehsalın 80-90 %-i suvarmadan asılıdır. Suyumuzun yarısından çoxu sərhədlərimizdən kənarda formalaşır, yağıntı miqdarının dəyişməsi ilə suyun səmərəli idarə edilməsi prioritet məsələyə çevrilib. Bu problemləri həll etmək üçün biz suvarma sistemlərimizi modernləşdiririk. Hər damcı su önəmlidir".

Bundan başqa, M.Məmmədov deyib ki, 2022-ci ildə rəhbərlik etdiyi nazirlik Milli Əhəmiyyətli Kənd Təsərrüfatı İrsi Sistemlərinin (GİAHS) müəyyən edilməsi və mühafizəsi üzrə İşçi Qrup yaradıb: "Bu təşəbbüs vacib sortların müəyyən edilməsi və mühafizəsi üçün institusional çərçivəni inkişaf etdirmək məqsədi daşıyır. Mədəni, tarixi və ekoloji əhəmiyyəti ilə tanınan MIAHS nəsillərə ötürülən köhnə təcrübələr vasitəsilə milli ərzaq təhlükəsizliyinə, biomüxtəlifliyə və mədəni kimliyə töhfə verən ənənəvi kənd təsərrüfatı sistemlərini əhatə edir. Məsələn, Almaniya Üzümçülük İnstitutu ilə birgə üzüm irsimizi canlandıran və iqlimə davamlı üzüm bağlarını təşviq edən yüzdən çox yerli üzüm sortunu müəyyən edib. Bununla yanaşı, Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlıq su qıtlığına daha yaxşı dözə bilən yerli pambıq sortları müəyyən edilir. Yerli məhsulları tanıtmaq və kənd təsərrüfatı irsimizi qeyd etmək üçün biz ölkə daxilində festivallar təşkil edirik. Göyçayda Nar Festivalı, Zaqatalada Fındıq və Qoz Festivalı, Lənkəranda Çay, Çal və Sitrus Festivalı kimi tədbirlər Azərbaycanın kənd təsərrüfatının güclü tərəflərini vurğulayır və yerli iqtisadiyyatı dəstəkləyir. Hər il keçirilən Milli Yaylaq Festivalı dağ otlaqlarına köçmək, torpaqla mədəni əlaqələri qorumaq və davamlı təcrübələri təşviq etmək ənənəmizə hörmətlə yanaşmaqdır". (Report)

Seçilən
17
1
fed.az

2Mənbələr