AZ

Ermənistandakı istefalar Azərbaycanın təcrübəsini təkrarlamağa cəhd kimi görünür - ÖZƏL

"Ermənistandakı istefalar bir növ həmin ölkənin Azərbaycanın təcrübəsini təkrarlamağa cəhdi kimi görünür". 

Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

"Xatırlayırsızsa 2019-cu ildə prezident İlham Əliyev, özəlliklə də hökumətin ən üst qatında köklü islahatlara başladı, yeni kadrları cəlb etdi. Bir qədər də bu prosesi sonrakı mərhələdə genişləndirdi və nəticə etibarilə Azərbaycanda yeni dönəm başladı. Yəni 2019-dan sonrakı dönəmdə Milli Məclisdə seçkilər keçirildi, ondan savayı Azərbaycan dövləti uzun illər həllini gözləyən Qarabağ məsələsini də kökündən həll etdi. Təbiidir ki, başqa böyük məsələlərin həllini tapdı. Bu günlərdə Bakıda keçirilməkdə olan COP29 da elə o islahatların Azərbaycana gətirib çıxardığı zirvənin bir nəticəsi kimi görünə bilər. Görünür, Ermənistan bu uğurlarımızı ciddi şəkildə izləyir və özü üçün təhlil edir, nəticə çıxarır. Qərara gəlir ki, onlar da artıq köhnə kadrlarla üzləşməlidirlər, komandanı yeniləməlidirlər, yeni insanlarla yeni hərəkatlara rəvac verməlidir. Əlbəttə ki, bu, bizim üçün pis deyil. Çünki qonşu ölkədə əgər normal dövlətləşməyə meyil güclənirsə, üstəlik də bizim təcrübəmizdən yararlanmaq istəyirlərsə, olsun. Amma bir şeyi unutmamalıyıq ki, Ermənistan rəhbərliyi Azərbaycan rəhbərliyinin ayaqqabılarını geyinə bilər, yerişini yeriyə bilməz. Ermənistan özünün bütün göstəricilərinə görə Azərbaycandan ciddi şəkildə geridə qalır. Yəni sadəcə kadrların hesabına nəyisə həll edə bilməyəcəklər. Ona görə ki, onlarda bu potensial yoxdur, yəni ölkənin potensialı yoxdur. Hərbi, iqtisadi, siyasi, ümumiyyətlə, bütün sahələrdə Ermənistanın potensialı Azərbaycandan qat-qat geridədir. Üstəlik də Azərbaycan və qardaş Türkiyə ilə münasibətlərin gərginliyi fonunda nəsə bir irəliləyişə nail olmaları mümkünsüzdür. Ona görə də deyirəm ki, Ermənistan kadrları dəyişməklə qalmamalı, Fransa kimi, yaxud da ki, bənzər dövlətlər və mərkəzlərin qızışdırmaları ilə Azərbaycanla Türkiyə ilə münasibətlərin gərginliyini qoruyub saxlamamalıdır. Yəni Ermənistan çıxış yolu axtarırsa, bu, Fransada deyil, ABŞ və ya Fransadakı erməni diasporunda deyil, Ermənistanı qızışdıran dövlətlərdə deyil, çıxış yolu qardaş Türkiyə və Azərbaycanla dil tapmaqdadır. Ona görə də, əgər kadr islahatı aparıb nəyəsə nail olmaq fikrindədirlərsə, hər şeydən öncə Azərbaycanla süni şəkildə uzatdıqları sülh prosesini bitirməyə razılaşmalıdırlar. Bu proses uzandıqca, Ermənistan itirməyə davam edəcək və nəticə etibarilə bizim bölgəmizdə də bir gərginlik qalmağa davam edəcək. Bundan da heç kim qazanan deyil. Azərbaycan sülh müqaviləsi bağlamağa hazırdır, Ermənistan da bu ədalətli yanaşma ilə həmahəng davranarsa, tezliklə özünün də problemlərini həll edə biləcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
38
olaylar.az

1Mənbələr