Son dövrlərdə səhmlərin geri alınması proqramını elan edən şirkətlər sırasına daha biri əlavə olunub.
Valyuta.az "Bloomberg"ə istinadən xəbər verir ki, Cənubi Koreyanın elektronika nəhəngi "Samsung", gələn il üçün təxminən 10 trilyon von (7,2 milyard dollar) məbləğində geri alım proqramı həyata keçirəcəyini açıqlayıb. Bu xəbərin elan olunması ilə şirkətin səhmləri 7 faizdən çox dəyər qazanıb.
"Samsung"un səhmləri, süni intellekt bazarında yaddaş çipləri seqmentinin geridə qaldığına dair narahatlıqlar səbəbilə bu il təxminən 28 faiz dəyər itirmişdi. Analitiklər geri alım proqramının səhmlər üçün katalizator rolunu oynayacağını və bunun şirkətin təsisçi ailəsinin nəzarətini gücləndirəcəyini qeyd edirlər.
Geri alım qərarı gözlənilməz oldu
"JPMorgan Chase & Co."nun analitiki Cey Kvon (Jay Kwon) tədqiqat qeydlərində bildirib: “Geri alım qərarı bizim üçün müsbət sürpriz oldu. "Samsung" rəhbərliyinin səhmlərin qiymətinin daha da azalmasının qarşısını almaq üçün fəal şəkildə hərəkət etdiyinə inanırıq. Lakin texnologiya liderliyini yenidən qazanmaq üçün yenidənqurma və strategiya/əməl planlarının orta və uzun müddətdə səhmlərin qiyməti üçün daha vacib olacağını düşünürük.”
Planın ilk mərhələsinə əsasən, "Samsung" 2025-ci ilin fevralına qədər təxminən 3 trilyon von dəyərində səhmləri geri alacaq və onların hamısını bazardan çıxaracaq. Şirkətin idarə heyəti qalan 7 trilyon vonun necə istifadə ediləcəyinə qərar verəcək.
Təsisçi ailənin şirkət üzərində nəzarəti güclənəcək
"Clepsydra Capital"dən Sanxyun Park (Sanghyun Park) qeyd edib ki, geri alım proqramı qurucu ailənin şirkət üzərində nəzarətini möhkəmləndirməsinə kömək edəcək. Bu, bazarda açıq qalan səhmlərin azalması ilə mümkün olacaq.
Ailə üzvləri varislik vergilərini ödəmək üçün qrup şirkət səhmlərini girov qoyublar. Ailə üzvlərinin bir hissəsi həmçinin maliyyə qurumlarından borc almaq üçün səhmləri təminat olaraq istifadə edib. Lakin səhmlərin qiyməti müəyyən səviyyədən aşağı düşərsə, bu borclar marja çağırışı riskinə səbəb ola bilər.
Rəhim