AZ

Dollara tələb artıb - Manata necə təsir edəcək?

Yazını böyüt
Yazını kiçilt

Son vaxtlar Azərbaycanda dollara tələb əvvəlki dövrlərlə müqayisədə əhəmiyyətli dərəcədə artmaqdadır. Belə ki, 2024-cü ildə Dövlət Neft Fondunun təşkil etdiyi valyuta hərraclarında satılan dollar kütləsinin həcmi 2023-cü illə müqayisədə təqribən 3 dəfə artıb. Bu artım yanvar-sentyabr ayları üzrə qeydə alınıb. Fondun məlumatına görə, sentyabr ayında hərraclarda 732 milyon dollar satılıb. Bu ötən ilin sentyabr ayı ilə müqayisədə 4,4 dəfə artıqdır. Ümumiyyətlə sentyabr ayında valyutu hərraclarında satılan valyuta həcmi ilin əvvəlindən başlanan dollar rallisini davam etdirib. 2023-cü ilin ilk 9 ayında 2,1 milyard dollar satıldığı halda, 2024-cü ilin eyni dövründə valyuta satışı 5,7 milyard dolları keçib. 2024-cü ildə dollar satışı elə ilin əvavəlindən, yanvardan başlayıb – 417 milyon dollar və ya əvvəlki yanvardan 2,2 dəfə artıq olub. 2024-cü ildə yalnız mart ayında dollar satışı 2023-cü illə müqayisə oluna bilər. Qalan bütün aylarda dolların satışı əvvəlki ildən dəfələrlə artıq olub. Fevralda dollar satışı əvvəlki ildən 2,5 dəfə, apreldə 2,2 dəfə, mayda 2 dəfə, iyunda isə 5 dəfə, iyulda isə 3 dəfə artıq olub. Avqust ayında dollar satışı növbəti rekord vurub – 763 milyon dollar və ya əvvəlki ildən 8 dəfə artıqdır.

Bəs, görəsən, dollara tələbatın artması hansı səbəblərlə bağlıdır? Ölkənin tədiyyə balansının cari vəziyyəti necədir?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Pərviz Heydərov deyib ki, Azərbaycanda dollara tələbatın artmasının əsas səbəbi məhz dövlət büdcəsində investisiya xərcləri ilə bağlıdır: "Bu il dövlət büdcəsinin investisiya xərclərində ötən illə müqayisədə əhəmiyyətli artım var. Dövlət həm Qarabağ və Şərqi Zəngəzurun bərpasına, həm də COP29 ilə bağlı layihələrə, tikintiyə ciddi investisiyalar qoyur və bərpa etmədə idxal komponenti mühümdür. Məsələn, Qarabağa müharibədən sonra bu ilin sonuna qədər xərclənməyə nəzərdə tutulan vəsait 19 milyard manatdır. Dövlət büdcəsində bu istiqamətlərdə xərclər artdıqca idxal da artır. Çünki yerli istehsal obyektiv və subyektiv səbəblərdən aşağı səviyyədədir. Həm istehlak bazarında, həm də investisiya qoyan zaman istifadə olunan malların əksəriyyəti xaricdən gətirilir. Bu baxımdan dövlət investisiya layihələri artdıqca idxal da artır. Ölkədə dollara tələbatın artmasının əsas səbəbi budur. Yəni burada əhalinin şəxsi məqsədlər üçün dollar alışının artımından söhbət getmir".

İqtisadçı bildirib ki, ölkənin tədiyyə balansında müsbət saldo tədricən aşağı düşməkdədir: “Tədiyyə balansı ölkənin beynəlxalq iqtisadi əlaqələrinin mədaxil və məxaric formasında valyuta ilə ifadə olunmuş dəyəridir. Tədiyyə balansının profisiti ölkənin idxal etdiyindən daha çox mal, xidmət və kapital ixrac etməsi deməkdir. Tədiyyə balansının kəsiri isə ölkənin ixrac etdiyindən daha çox mal, xidmət və kapital idxal etməsidir. Tədiyyə balansının ən önəmli tərkib hissəsi cari əməliyyatlar balansıdır. Sadə dildə desək, cari hesablar balansı ölkəyə gələn valyuta ilə ölkədən çıxan valyutaların fərqidir. Yəni əgər bu balans profisitlidirsə, deməli, ölkəyə gələn valyuta çıxan valyutadan daha çoxdur. Biz son vaxtlar ölkənin tədiyyə balansında müsbət saldonun tədricən aşağı düşməsini müşahidə edirik. Bu istiqamətdə narahatedici məqamlar var. Bizim valyuta gəlirlərimizin əsasında neft və qaz satışından əldə olunan vəsaitlər dayanır. Azərbaycanda da neft hasilatı getdikcə azalır. Ona görə də ölkəyə daxil olan valyutanın həcmi azalır”.

Yeri gəlmişkən, 2024-cü ilin 6 ayında Azərbaycanın tədiyyə balansında 648.1 milyon ABŞ dolları həcmində profisit yaranıb. Mərkəzi Bankın məlumatında bildirilir ki, bu xarici mühitdə formalaşan müxtəlif istiqamətli meyllərdən təsirlənib. Məsələn, keçən ilin eyni dövründə tədiyyə balansındakı profisit 5 245 milyon dollar idi. Cari əməliyyatlar balansında 2.6 milyard dollar həcmində profisit formalaşmış, kapital və maliyyənin hərəkəti balansında (əsasən maliyyə öhdəliklərinin azalması ilə əlaqədar) isə 2.2 mlrd. dollarlıq kəsir yaranıb.

Azərbaycan Mərkəzi Bankının Statistika departamentinin direktoru Samir Nəsirov deyib ki, Azərbaycanın tədiyyə balansının tarazlığını saxlamaq üçün dünya bazarında “Azeri Light” markalı neftin 1 barelinin qiyməti 40-45 ABŞ dolları olmalıdır: “Hazırda neftin qiyməti ilə bağlı heç bir narahatlığa ehtiyac yoxdur”.

İqtisadçı-ekspet Emin Qəribli isə hesab edir ki, ölkə iqtisadiyyatı böyüdüyündən dollara tələbat da artır: “Əslində bu gün Azərbaycanın idxal-ixrac əməliyyatlarına, makroiqtisadi göstəricilərinə baxsaq görərik ki, ölkədə iqtisadi vəziyyət sabitdir. Amma buna baxmayaraq müəyyən şayiələr səbəbindən insanlar arasında psixoloji gərginlik var. Ona görə də əhali dollar almağa meyllidir. Bundan başqa dövlət büdcəsində müəyyən kəsr mövcuddur ki, həmin kəsri doldurmaq üçün Neft Fondundan transfertlər olunur. Bu transfertlər dollar şəklində həyata keçirildiyində dollara tələbat artır. İndiki halda dollara tələbatın artması manata ciddi təhlükə yaratmır. Ümumiyyətlə, son devalvasiyaya və ona qədər gedən proseslərə nəzər yetirsək görərik ki, orada dolların qalxmasına müəyyən zəmin var idi. Ancaq indi baxsaq görərik ki, iqtisadiyyat inkişaf edir, valyuta bazarında dolların satışı artmışdır, amma digər makroiqtisadi göstəricilərə baxsaq görərik ki, belə bir zəmin yoxdur. Hazırda makroiqtisadi göstəricilər də stabildir, hesab edirəm ki, təşvişə düşməyə və narahatlığa ehtiyac yoxdur”.

Mütəxəssis həmçinin vurğulayıb ki, qeyri-neft sektorunu, özəl sektoru inkişaf etdirmək istəyiriksə valyuta siyasətinə yenidən baxmalıyıq: “Azərbaycanda şaxələndirilmə siyasəti aparılır və bizdə qeyri-neft sektorunu, özəl sektoru inkişaf etdirmək istəyiriksə valyuta siyasətinə yenidən baxmalıyıq. Hazırda hökumət bu, məsələyə diqqət yetirir, kursu stabil saxlayır. Bu zaman da müəyyən resurslar xərclənir. Bizdə sosialyönümlü siyasətdir. Burda da təbii ki, valyutanı stabil saxlamaqla məzənnə artımının qarşısı alınır. Hesab edirəm ki, bazar iqtisadiyyatında yaşayırıq. Gec-tez liberallaşdırmağa doğru getməliyik, bu gün də bu istiqamətdə addımlar atılmalıdır, mərhələli olsa da, manata olan təsirə görə cuzi şəkildə məzənnə barəsində düşünmək olar”.

 

Seçilən
30
hafta.az

1Mənbələr