Üç ilə yaxındır davam edən Rusiya-Ukrayna müharibəsi dünya iqtisadiyyatı və ticarət dövriyyəsinə ciddi təsir göstərib. Xüsusilə Qərbin Rusiyaya tətbiq etdiyi və zaman-zaman genişləndirilən sanksiyalar müxtəlif məhsulların tədarükü, yüklərin daşınması və s. sahələrdə problem yaradır. Bu kimi amillər bir sıra iqtisadi çətinliklərə yol açır.
Son olaraq ABŞ, Fransa və Böyük Britaniyanın Ukraynaya uzaqmənzilli raketlərlə Rusiya ərazisinə zərbə endirməyə icazə verdiyinə dair məlumatlar gərginliyi daha da artırıb. Hətta Üçüncü Dünya müharibəsinin ola biləcəyinə dair mülahizələr səsləndirilir.
Rusiya-Qərb qarşıdurmasının artması fonunda dünya iqtisadiyyatında nə kimi dalğalanmalar gözlənir?
Globalinfo.az-a danışan iqtisadçı-analitik, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri, professor Elşad Məmmədov deyib ki, Rusiya və Qərb arasındakı qarşıdurmanın fundamental səbəbləri dünya iqtisadiyyatında olan problemlərdir:
“Valyutaya söykənən qlobal maliyyə yönümlü kapitalizmin sürətlə tənəzzülə doğru getməsi birqütblülükdən çoxqütblülüyə keçidi zərurətə çevirdi. Bu baxımdan həmin proseslərin dərinləşməsi fonunda kollektiv Qərb tərəfindən liderliyin verilməməsi, liberal gündəmin dəyişməməsi üçün aqressiv səylər nümayiş etdirilməyə başladı. Bunu həm də yaşıl iqtisadiyyat ətrafında kollektiv Qərbin yaratdığı şouda, həm də sürətlə NATO-nun genişləndirilməsi cəhdlərində görürük. Bütün bunlar Qərbin iqtisadi cəhətdən kifayət qədər gücünün olması fonunda reallaşa bilər. Amma hazırda vəziyyət belə deyil. Qərbin iqtisadi gücü tükəndikcə, Rusiya çoxqütblü dünyanın formalaşması istiqamətində addımlar atmağa başladı. Çünki bu qlobal iqtisadiyyatdan tədricən Rusiyanın, digər potensial qütblərin resurs əldə etmək imkanları iqtisadi böhranın dərinləşməsi ilə azalıb. Bu siyahıya Rusiya ilə yanaşı Çin və Hindistanı da daxil etmək olar. Cənubi Amerikada yeni qütbün formalaşması istisna edilmir”.
Elşad Məmmədov
Elşad Məmmədovun sözlərinə görə, BRİKS sammiti çərçivəsində açıq-aşkar çoxqütblü dünyanın formalaşmasının reallığa çevriləcəyinin şahidi olduq:
“Dünya iqtisadiyyatında çox dərin dəyişikliklərin olması qaçılmazdır. Bu dəyişikliklər isə münaqişələr, ağrılı siyasi-iqtisadi problemlər vasitəsilə reallaşacaq. Tarixən də bütün bu tip köklü struktur, iqtisadi dəyişikliklər siyasi-hərbi münaqişələr vasitəsilə reallaşdırılırdı. Nüvə silahının olması dünya miqyaslı hərbi münaqişənin yaranmasına imkan vermir. Lokal, regional münaqişələr vasitəsilə faktiki olaraq dünya iqtisadiyyatı yenidən qurulur. Qərb maksimum səviyyədə yaşıl gündəm və digər həssas məqamlar ətrafında ictimaiyyətin fikirlərini formalaşdırmağa çalışır. Amma həm enerji, həm də iqtisadi qüdrət baxımından Qərbin imkanları tükənməkdədir. Sözügedən proseslərə əslində elmi cəhətdən əsaslandırılmış yanaşmalar olmalıdır. Kollektiv Qərb isə məsələyə öz siyasi, iqtisadi maraqları kontekstində yanaşmağa çalışır. Bunun perspektivinin olduğunu düşünmürəm. Çünki texnologiyalar, dünya iqtisadiyyatı öz məntiqi ardıcıllığı ilə inkişafını davam etdirir. Dollara söykənən liberal iqtisadi sistem tədricən öz məntiqi sonluğuna, çoxqütblülüyə doğru inkişaf edir”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta