AZ

“Dayanıqlı gələcək üçün irsin inkişafı” mövzusunda panel müzakirə keçirilib

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Dayanıqlı gələcək üçün irsin inkişafı: kənd təsərrüfatı, mədəniyyət və dayanıqlığın iqlim dəyişikliyinə uyğunlaşması” mövzusunda panel müzakirə keçirilib.

“Qafqazinfo” xəbər verir ki, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Mavi Zonada yerləşən pavilyonunda baş tutan tədbirdə iqlim dəyişikliyinin həlli, biomüxtəlifliyin qorunması, təbii ehtiyatların idarə edilməsi və sosial-mədəni dəyərlərin təşviqi üçün kənd təsərrüfatı irsinin müasir təcrübələrlə inteqrasiyası yolu ilə davamlı inkişafa vahid yanaşmanın formalaşdırılması məsələləri müzakirə olunub.

Panel iclasın moderatorluğunu Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli edib. İclasda kənd təsərrüfatı naziri Məcnun Məmmədov, ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Baş direktorunun köməkçisi Manuel Barange, ICESCO-nun Baş direktorunun müşaviri Heşam Əl-Əskəri çıxış ediblər.

Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli müasir çağırışlar fonunda ənənəvi kənd təsərrüfatı təcrübələrinin innovativ texnologiya və həllərlə inteqrasiyasını dəstəkləyən iqlimə uyğun ağıllı kənd təsərrüfatı siyasətlərinin inkişafının zəruri olduğunu diqqətə çatdırıb. Aqrar fəaliyyət nəticəsində kənd təsərrüfatı ənənələri və mədəni irsin qarşılıqlı inkişaf etdiyini deyən Azad Cəfərli bu amilin gələcəkdə də uğurlu fəaliyyət üçün möhkəm bünövrə olmaqla müasir texnologiyaların tətbiqinə müsbət təsir edəcəyini vurğulayıb.

Tədbirdə kənd təsərrüfatı naziri Məcnun Məmmədov “Ənənənin innovasiya ilə inteqrasiyası: Azərbaycanın dayanıqlı kənd təsərrüfatına çoxşaxəli yanaşması” mövzusuna toxunub. Azərbaycanın kənd təsərrüfatı irsi və onun biomüxtəlifliyinin qorunması və suyun idarə olunmasında rolu, dəyişən iqlim şəraitinə uyğunlaşma üçün ənənəvi əkinçilik texnikalarının müasir texnologiyalarla birləşdirilməsi üzrə uğurlu tədqiqatlarından bəhs edib.

Nazir Məcnun Məmmədov bildirib ki, zəngin tarixə və köklü əkinçilik ənənələrinə malik ölkə olan Azərbaycanda müxtəlif bitkilərin becərilməsi üçün əlverişli iqlim şəraiti mövcuddur. Bununla belə, bütün dünyada olduğu kimi iqlim dəyişikliyi Azərbaycana da təsir edir. Son illərdə ölkədə quraqlıq, su qıtlığı, eləcə də qeyri-müntəzəm yağıntılar tez-tez müşahidə olunur. Nazir Azərbaycanda aqrar sektorun iqlim dəyişikliyinə adaptasiyası üçün həyata keçirilən tədbirlərə toxunub, ölkəmizdə ətraf mühitin mühafizəsi, torpaq və su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi istiqamətində davamlı işlərin aparıldığını diqqətə çatdırıb. 

ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki iqlimə uyğun kənd təsərrüfatı, biomüxtəlifliyin qorunması, suyun idarə edilməsinin əhəmiyyətinə toxunub. ICESCO rəsmisi biomüxtəlifliyin itirilməsi, iqlim dəyişikliyi, torpaqların deqradasiyası və su qıtlığının aqro-ərzaq sistemlərinə böyük təhdidlər yaratdığını qeyd edib. 

Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Baş direktorunun köməkçisi Manuel Barange, ICESCO-nun Baş direktorunun müşaviri Heşam Əl-Əskəri yeni çağırışlara cavab olaraq torpaq və su resurslarından səmərəli istifadə, resursqoruyucu yanaşmaların tətbiqi, ətraf mühitin mühafizəsi, dayanıqlı və innovativ təsərrüfatçılıq ənənələri, mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi, yerli genefond materialların toplanması, saxlanması və onların artırılması, bu istiqamətlərdə təcrübə mübadiləsi ilə bağlı fikirlərini bölüşüblər.

Panel müzakirələr sual-cavab formatında davam etdirilib.



Seçilən
14
50
qafqazinfo.az

10Mənbələr