AZ

Milli Məclisə Cinayət Məcəlləsinə dəyişiklik edilməsi tövsiyə olundu

Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən Yenicag.az-a bildiriblər ki, iclasda Bakı Ağır Cinayətlər Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 294-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin VIII hissəsi baxımından şərh edilməsinə dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyektlər Bakı Ağır Cinayətlər Məhkəməsinin və Azərbaycan Respublikası Milli Məclisi Aparatının mülahizələrini, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının, Azərbaycan Respublikası Prokurorluğunun və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının mütəxəssis mülahizələrini və işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin VIII hissəsi və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyanın 7-ci maddəsi baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 294.3-cü maddəsi üzrə subyekt qismində həmin Məcəllənin 294.2-ci maddəsi ilə müəyyən edilmiş şəxslər (təhqiqatçı, müstəntiq, prokuror və ya müdafiəçi) çıxış edə bilərlər.

Konstitusiya Məhkəməsinin bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 294.3-cü maddəsində tövsifedici əlamət olaraq nəzərdə tutulmuş “ağır nəticələrin” mülki iş üzrə sübutların saxtalaşdırılması nəticəsində də yaranması mümkün olduğu nəzərə alınaraq, Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndinə əsasən, həmin maddəyə bu istiqamətdə müvafiq dəyişikliklərin edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunsun.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Seçilən
24
yenicag.az

1Mənbələr