AZ

Qərbin məkrli qüvvələrinin Gürcüstanda COP29-a qarşı aksiyası iflasa uğradı...

Image

COP29-a qarşı kampaniya aparan qüvvələrin Gürcüstanda təşkil etdikləi aksiya ciddi fiasko və anti-Azərbaycan qüvvələrin ciddi iflası ilə üzləşib. Qeyd edək ki, müəyyən dairələr hələ də var gücləri ilə Azərbaycana qarşı fəaliyyət göstərirlər və nəcib qlobal təşəbbüsə kölgə salmağa çalışırlar. 

Həmin qüvvələri qlobal iqlim, insan haqları problemləri maraqlandırmır. Onların məqsədləri öz çirkin niyyətlərini həyata keçirmək üçün Cənubi Qafqazda gərginlik yaratmaq, sülhə və sabitliyə mane olmaqdır.

Düzdür, erməni lobbisinin, anti-Azərbaycan mərkəzlərinin belə cılız, iyrənc siyasətləri qlobal əhəmiyyətli beynəlxalq təşəbbüslərin qarşısını ala bilmir. Bunu COP29 çərçivəsində əldə olunan tarixi razılaşmalar da təsdiq edir. Lakin həmin qüvvələr yenə öz məkrli niyyətlərindən geri qalmırlar. İsveçli iqlim fəalı Qreta Tunberqlə bağlı baş verənlər də bunun təsdiqidir. Qeyd edək ki, Qreta Tunberq COP29 iqlim sammitinə qatılmayıb. Buna səbəblərdən biri odur ki, Azərbaycanın quru sərhədləri bağlıdır, üstəlik, isveçli iqlim fəalı təyyarə ilə uçmaqdan imtina etməsi ilə məşhurdur. Ancaq o, vaxtını Gürcüstan və Ermənistanda keçirərək himayə aldığı qüvvələr vasitəsilə təxribatçı mövqe sərgiləməyə çalışıb. Məsələ ilə bağlı “Radio Free Europe” bildirir ki, Tunberqin Qafqazdakı ilk dayanacağı Gürcüstan olub. O, buraya Türkiyədən gəlib. Gürcüstana səfəri siyasi qarışıqlıq vaxtına düşüb: oktyabrın 26-da keçirilən parlament seçkilərinin nəticələrinin ləğvinə çalışan müxalifət aramsız etiraz aksiyaları keçirir. Hakim “Gürcü arzusu” partiyası böyük fərqlə qalib gəlsə də, müxalifət Qərbin təhrikiilə bununla razılaşmır.

Tunberq Gürcüstana çatınca, bu etiraz aksiyalarından birinə baş çəkib. Bu xüsusda qeyd edib: “Mən Gürcüstan xalqının demokratiya və azadlıq uğrunda mübarizəsini dəstəkləmək üçün buradayam”. Başqa bir müsahibəsində isə o bildirib: “İqlim fəallığı və insan haqları birdir”.  Amma Tunberqin istəkləri qarşılıq görməyib. Tunberq getdiyi hər yerdə, özəlliklə mühafizəkarların və iqlim dəyişikliyini dananların qızğın etirazı ilə üzləşsə də, Gürcüstanda onun dəstəkləməyə çalışdığı güclər də ona etiraz ediblər. Bəzən Tunberqin mövqeyi Tiflis küçələrində etiraz edən gürcü liberalların başlıca baxışları ilə daban-dabana zidd olub. Tiflisdə o, Türkiyə və Azərbaycan səfirliklərinə və SOCAR-a qarşı etirazlara çağırıb. Ancaq qərbyönlü gürcülərin özləri də buan qarşı çıxıblar. Azərbaycan nefti Gürcüstandan keçən Bakı-Tiflis-Ceyhan boru xətti ilə axır. Bu strateji kəmər həm Gürcüstanı Avropaya bağlayır, həm də onun Rusiyadan enerji müstəqilliyini təmin edir. Sosial mediada Tunberqin səfəri haqqında yazılan onlarla şərhdə istifadəçilər siyasi baxışlarına görə ona hücum ediblər. O, fələstinliləri dəstəklədiyi üçün “antisemit” adlandırılıb, kapitalizmi tənqid etdiyi üçünsə məsxərəyə qoyulub. Şərhlərin birində belə yazılıb: “O, Bakı-Tiflis-Ceyhan haqda zərərli postlar yazır və bizim güvənliyimizi təhdid edir. Nə qədər tez getsə, o qədər yaxşıdır”.  Digərləri Tunberqin gürcü etirazçıları dəstəkləməyə deyil, öz gündəliyi ilə gəldiyini deyiblər. O, Tiflis küçələrindəki etirazlara davamlı qoşulsa da, Gürcüstandakı duruma dair özünün milyonlarla sosial media izləyicisinə detallı bilgi verməyə çox da tələsməyib.

Noyabrın 11-də - Gürcüstanda keçirdiyi son axşam o, COP29-a qarşı etiraz aksiyası keçirib. Etiraz aksiyasının həmtəşkilatçısı bir qrup solçu azərbaycanlıdan oluşan Feminist Sülh Kollektivi olub. Lakin aksiyada iştirakçıların sayı çox az olub. Bu aksiyadan cəmi bir neçə yüz metr aralıda isə Qərbə fərqli yanaşan başqa bir etiraz aksiyası keçirilib. Avropa Parlamentinin bir neçə üzvü də müxalifətin hökumətə qarşı mübarizəsini və Avropaya qoşulmaq iddiasını dəstəkləməyə gəlib. Tunberq və onunla birgə etiraz edənlər bu, daha iri nümayişə qoşulmaq üçün addımlasalar da, Tunberqin əhatəsindəki media təmsilçiləri nəzərə alınmasa, onlara çox da məhəl qoyulmayıb. Avropanı dəstəkləyən nümayişin Maya adlı bir iştirakçı bildirib: “Bu, bir az diqqət yayındırmaqdır. Mən düşündüm ki, onlar demokratiya və azadlıqdan, yaxud bizim nümayişin əsl məqsədinə dair bir şeydən danışacaqlar”. Tunberqin Ermənistana səfəri isə daha hamar keçib. Bugünlərdə Ermənistanın daxili siyasətində elə bir rəqabət gözə dəymir, Tunberqin özü isə Azərbaycanla münaqişədə qəti ermənipərəst mövqe tutub. Bu da Tunberqin erməni diasporuna bağlı olduğunu, liberal filantrop Corc Soros və digər qüvvələrin oyuncağı rolunu oynadığını göstərir. Burada xatırladaq ki, apreldə Azərbaycan Xarici İşlər Nazirliyi Tunberqin Amsterdamda keçirilən iqlim aksiyasında saxlanmasına görə Niderland hökumətini tənqid etmişdi. Amma Tunberq bunu “unudub”. İndilikdə isə Azərbaycanın COP29 kimi mötəbər tədbirə ev sahibliyi etməsi ölkəyə yerli, regional və beynəlxalq miqyasda çox böyük divindendlər qazandıracaq. Ölkəmizə qarşı çirkin kampaniya aparanlar bunu çox gözəl bilirlər. Onlar yaxşı başa düşürlər ki, Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayan Azərbaycan “yaşıl” enerji ilə bağlı da ambisiyalı layihələrlə çıxış edir. Bərpaolunan enerji mənbələri iqlimlə bağlı hədəflərə nail olmaqda ən perspektivli həll yolu təklif edir. “Yaşıl” enerjinin istehsalı və dünya bazarına nəqli Azərbaycanın enerji siyasətində prioritet sahələrdən biridir.

Tahir TAĞIYEV





Seçilən
37
baki-xeber.com

1Mənbələr