AZ

AMB sədri dolların məzənnəsi haqqında: “Gördüyünüz kimi, növbəti illərdə büdcə 1,7 manat/dollar məzənnə ilə proqnozlaşdırılıb”

Mərkəzi Bankın əsas işi ilk növbədə ölkədə makroiqtisadi sabitliyi təmin etməkdir.

FED.az xəbər verir ki, bu barədə noyabrın 18-də parlamentdə büdcənin ilk müzakirəsində Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov gələn il dolların məzənnəsi barədə danışarkən bildirib.

Xatırladaq ki, 2025-ci ilin büdcə layihəsi artıq Milli Məclisə təqdim edilib və ölkənin əsas maliyyə sənədi ilk olaraq Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılıb.

Ənənəvi olaraq büdcə müzakirəsində qaldırılan əsas suallardan biri də 2025-ci ildə manatın məzənnəsi, daha dəqiqi dollar-manat məzənnəsi ilə bağlı olub.

Xatırladaq ki, Azərbaycanda dolların məzənnəsi 2015-ci ildə baş verən 2 qat devalvasiyadan sonra 2017-ci ildə 1 dollar 1,7 manat səviyyəsində sabitləşib və o vaxtdan dəyişmir.

Bu dəfə müzakirələrdə dolların məzənnəsinin gələn il hansı səviyyədə olması ilə bağlı məsələ qaldırılıb. O cümlədən komitə üzvü, millət vəkili Əli Məsimov manatın üzənr məzənnəyə keçməsi barədə danışıb.

Bu təklif baş bankir Taleh Kazımova AMB-nin və ümumilikdə hökumətin dollar-manat məzənnəsi ilə bağlı mövqeyini açıqlamaq imkanı verib. 

«Mərkəzi Bankın ilk növbədə mandatı makroiqtisadi sabitliyin təmin edilməsidir. Bu məqsədə nail olmaq üçün hər hansı rejim uyğundursa, onu da seçəcəyik»-deyən baş bankir əlavə bildirib ki, hazırda ən uyğun variant sabit məzənnədir: «Bu gün hökumətlə bir yerdə düşünürük ki, makroiqtisadi sabitliyin təmin edilməsi üçün sabit məzənnə rejimi ən əlverişlidir».

AMB sədrinin sözlərindən aydın olub ki, Mərkəzi Bankın yaxın gələcəkdə «üzən məzənnəyə» keçid planı yoxdur: «Gələn il, o biri il üzən məzənnəyə keçmək kimi məqsədimiz yoxdur».

Baş bankir məzənnənin dəyişməyəcəyinə də işarə edib: «Bu il, növbəti illərdə də büdcə və orta müddətli xərclərdə də gördüyünüz kimi, manat/dollarda 1,7 məzənnə proqnozlaşdırılıb. Hesab edirik ki, orta müddətli dövrdə də sabit məzənnə rejimi makroiqtisadi sabitliyin təmin edilməsi üçün əlverişlidir» - deyə Taleh Kazımov bildirib.

Seçilən
101
15
fed.az

10Mənbələr