“Sabah güclü rəqibə qarşı iynayacağıq. Bizi çətin oyun gözləyir”.
QOL.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin hücumçusu Mahir Emreli UEFA Millətlər Liqasının 6-cı turunda sabah İsveçlər keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.
"Nürnberq"də (Almaniya) son oyunlarda qol vuran 27 yaşlı futbolçu sabahkı matçda da bunun üçün çalışacağını bildirib: “Cüzi də olsa, şansımız var. Rəqib bizə çox yaxşı məlumdur. Uğurlu nəticə qazanmaq istəyirik. Hər bir hücumçunun istəyi qol vurmaqdır. Amma qoldan daha önəmli olan qələbə qazanmaqdır. Qolu kimin vurmasından asılı olmayaraq, əsas yığmanın uğurlu nəticə qazanmasıdır. Sabah mən də qol vurmaq istəyirəm. Klubumda son oyunlarda start heyətdə meydana çıxıram. Məşqçim də mənə güvənir. Hazırda özümü yaxşı hiss edirəm. İnanıram ki, sabah hücumda komandama kömək edə biləcəm”.
Qeyd edək ki, sabah Solnadakı "Strouberri Arena”da keçiriləcək İsveç - Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.