AZ

Mənzil bazarında durğunluq var, amma ucuzlaşma gözlənilmir

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



2024-cü ilin son aylarını yaşayırıq. Hazırda əmlak bazarında vəziyyət necədir? İllərdir mənzil sahibi olmaq istəyənlərin ümid yeri olan əmlak bazarı vətəndaşlara müsbət, yoxsa mənfi notlar vəd edir?
Ümumilikdə götürdükdə son dövrlərdə əmlak sektorunda alıcı durğunluğu nəzərə çarpır. Lakin eyni sözü əmlak qiymətləri üçün deyə bilmirik. Qiymətlər artmaqda davam edir.
"Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edirik.
"Azərbaycan Rieltorlar Assosiasiyası" İctimai Birliyinin icraçı direktoru Elnur Azadovun sözlərinə görə, bu il əmlak qiymətlərinə bir neçə amilin təsiri müşahidə olunub: "Bu ildən etibarən ipoteka kreditlərinin sayı və həcmi azalıb. Nəticədə az da olsa, qiymət stabilləşməsi müşahidə olunub. Fevral və mart aylarından etibarən yenidən ipoteka kreditləri verilməyə başlayanda tələbi ödəməyən daşınmaz əmlak çatışmazlığı bazara qismən təsir edib. Nəticədə bu ilin ilk altı ayında 5-7 faiz artım qeydə alınıb. Bəzi sahələrdə torpaq sahələrinin az, lakin tələbatın yüksək olması da qiymətləri yüksəldib. Eyni zamanda, tikinti şirkətlərinə verilən icazələrin az olması ilə bağlı onların əlində qalan məhdud sayda mənzillərin də qiymətində süni artım olub".
E.Azadov bildirib ki, keçən illə bu il arasında qiymət cəhətdən cüzi artımlar olsa da, bazarda əsasən stabilləşmə hökm sürür: "Mənzil bazarında əvvəlki kimi ajiotaj yoxdur. Tələbələrin gəlişi və mötəbər tədbirlər fonunda bəzi qiymət artımları müşahidə olunub. Tikinti şirkətləri arasında rəqabət də o qədər çox deyil. Bu ilin sonuna kimi tikinti şirkətləri tərəfindən satışa çıxarılan mənzillərdə qiymət artımları az da olsa, müşahidə ediləcək. Satışa çıxarılan mənzillərin sayı az olsa da, oktyabrdan ipoteka ilə alınan evlərin sayı kəskin azalıb, çünki bankların ipoteka resursları demək olar ki, bitib".
Ekspertin fikrincə, 2025-ci ilin əmlak bazarı üçün proqnoz vermək bir qədər çətindir: "Çünki tikinti şirkətlərinə bildirilib ki, ilin sonundan tikintilərlə bağlı sərəncamların verilməsinə başlanılacaq. Əgər icazələrin sayı artarsa, tədricən rəqabət də yüksələcək və qiymətlər stabilləşəcək. Əks halda, heç bir rəqabət olmayacaq, satışda olan mənzillərin qiymətləri də artacaq".
Əmlak məsələləri üzrə ekspert Anar Nəsirov isə düşünür ki, ötən illə müqayisədə bu il bazarda alıcılıq qabiliyyəti zəif olsa da, qiymətlər artan tempdə olub: "Tikinti şirkətlərinin xərclərinin artmasının mənzil bazarına təsiri hiss edilir. Həmçinin yeni layihələr də yoxdur. Satışda olan mənzillər də azdır. Bu da qiymətlərə təsir edir. Son 2-3 ayda mənzil bazarında ciddi durğunluqdur".
A.Nəsirov kirayə mənzil bazarındakı vəziyyətə də aydınlıq gətirib: "Kirayə mənzil bazarında qiymətlər demək olar ki, hər gün yüksəlir. Əvvəl gündəlik 15-20 mənzil təkrar kirayə bazarına çıxırdısa, indi o rəqəm maksimum beşdir. Hər il bazara çıxarılan mənzillərin sayında azalma müşahidə edilir. Bu səbəbdən qiymətlər də yüksəlir. Hazırkı dövrdə elan saytına yerləşdirilən kirayə mənzil maksimum 15-20 dəqiqədən sonra sahibini tapır".
A.Nəsirovun fikrincə, mənzil bazarında qiymət artımı ilin sonuna kimi səngiməyəcək: "Qiymət artımları noyabrdan sonrakı dövr üçün də davam edəcək. Çıxarışı olan mənzillərdə bu, daha çox müşahidə olunacaq. Çıxarışlı və ipotekaya yararlı mənzillərin qiymətinin artması bütün bazara təsir edir. Satışda olan mənzillər də azdır. MTK-lar özləri də bazara az mənzil çıxarmaq siyasəti yeridirlər. Bazara çıxardıqları mənzillərin qiymətlərini də yüksək təyin etdikdə, bu, ümumilikdə bazarda yüksək qiymətlər formalaşdırır".
A.Nəsirovun sözlərinə görə, əvvəl insanlar daha çox həyət evləri alırdılarsa, indi vəziyyət xeyli dəyişib: "Həyət evlərinin sənədi olmadığı üçün artıq onlara maraq azalıb. Əksər insanlar bina evlərinə yönəlirlər. Daha çox mərkəzə yaxın ərazilərə tələbat olur ki, bu da qiymətlərə təsir edir. Təkrar satış bazarında da sənədli evlər daha yüksək qiymətə təklif olunur".
Müsahibimiz sonda qeyd etdi ki, əgər sənədsiz evlərlə bağlı düyün həll olunsa, qiymətlərdə dəyişiklikləri görə bilərik: "Bu ilin sonuna qədər sənədsiz evlərlə bağlı məsələlər öz həllini tapmalı idi. Həmin mənzillər də əmlak bazarına daxil olarsa, qiymətlərdə cüzi də olsa azalma müşahidə ediləcək. Amma qiymətlərin kəskin enişini gözləmək absurddur. Çünki hazırda bütün dünyada həyat şəraitinin bahalaşdığı bir dövrdə bu, mümkünsüzdür".
Seçilən
31
50
oxu.az

10Mənbələr