AZ

Azərbaycan regionun rəqəmsal ticarət qovşağına çevrilir – ŞƏRH

Azərbaycanın həyata keçirdiyi meqalayihələr, xüsusilə enerji və nəqliyyat sahələrində, Avrasiyada strateji marşrutların transformasiyasına əhəmiyyətli töhfə verir. Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu və Zəngəzur dəhlizi kimi təşəbbüslər, bölgədə enerji təhlükəsizliyini gücləndirməklə yanaşı, çoxtərəfli əməkdaşlığın genişlənməsinə də şərait yaradır. Bu layihələr Azərbaycanı qlobal logistika və enerji şəbəkələrinin mərkəzlərindən birinə çevirir.

Məsələ ilə bağlı, Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, dosent Təbriz Yadigarov Crossmedia.az-a açıqlaması zamanı bildirib ki, Azərbaycanın irimiqyaslı meqalayihələri Avrasiyada enerji və nəqliyyat marşrutlarının yenidən formalaşdırılmasında mühüm rol oynayır. Xüsusilə, Zəngəzur dəhlizinin reallaşdırılması və “Cənub Qaz Dəhlizi” layihələri regionda iqtisadi əməkdaşlığı gücləndirir və enerji təhlükəsizliyini təminatına gətirib çıxarır. Bu layihələr Avropa və Asiya arasında inteqrasiyanı artıraraq çoxtərəfli tərəfdaşlıq üçün yeni imkanlar yaradır:

“Ölkənin əldə etdiyi nailiyyətlər, ilk növbədə, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev tərəfindən müəyyən edilmiş strateji siyasətin və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl tədbirlərinin nəticəsidir. Azərbaycanın enerji strategiyası çərçivəsində icra edilən Bakı-Novorossiysk, Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərləri və Bakı-Tbilisi-Ərzurum, Trans-Anadolu (TANAP), Trans-Adriatik (TAP) təbii qaz kəmərləri kimi layihələr Avrasiyanın enerji xəritəsini dəyişdirərək, ölkəmizin beynəlxalq enerji bazarlarında mövqeyini gücləndirib”.

“2023-cü ildə Azərbaycanın boru kəmərləri vasitəsilə 39,8 milyon ton neft və 28,3 milyon ton təbii qaz nəql edilib ki, bu da əvvəlki illə müqayisədə müvafiq olaraq 1,97 milyon ton və 32 min ton artım deməkdir. Bundan başqa, 2023-cü ildə nəqliyyat dəhlizləri ilə 32,8 milyon ton yük daşınıb ki, bunun da əsas hissəsi Şərq-Qərb dəhlizinə aid olub. Azərbaycanın “Orta Dəhliz” konsepsiyasının uğurla həyata keçirilməsi və Zəngəzur dəhlizinin perspektivləri ölkəmizin Avropa ilə Asiya arasında əsas nəqliyyat arteriyasına çevrilməsinə töhfə verir”.

T.Yadigarov onu da qeyd edib ki, Azərbaycan, həmçinin qeyri-neft sektoru və rəqəmsal iqtisadiyyatın inkişafı istiqamətində də ciddi addımlar atır. Onun sözlərinə görə, elektron və mobil rezidentlik proqramlarının tətbiqi ilə ölkəmiz regionda rəqəmsal ticarət qovşağına çevrilməkdədir. Bu yanaşma Azərbaycanın qlobal miqyasda rəqabət qabiliyyətliliyini artırır və iqtisadi sabitliyini möhkəmləndirir:

“Azərbaycanın həyata keçirdiyi meqalayihələr həmçinin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Dünyanın ən böyük “yaşıl enerji” konfranslarından biri olan COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin dayanıqlı enerji siyasətinə olan etimadı əks etdirir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu meqalayihələr Avrasiyada enerji və nəqliyyat marşrutlarının transformasiyasını davam etdirərək, Azərbaycanın qlobal səviyyədə strateji əhəmiyyətini də artırmağa davam edəcək”.

Seçilən
63
moderator.az

1Mənbələr