AZ

Azərbaycan xarici qonaqların gözü ilə -COP29

İqlim dəyişmələri ilə bağlı Bakıda keçirilən sessiyanın iştirakçıları, eləcə də bu mötəbər beynəlxalq tədbirlə əlaqədər Azərbaycana gələn turistlər paytaxtımızın tarixi və müasir memarlığından, respublikamızın ayrı-ayrı bölgələrinin tarixi-memarlıq incilərindən, milli musiqimizdən, ölkəmizin təbiətinin gözəlliklərindən və füsunkar mənzərələrindən heyranlıqla bəhs edirlər

Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) davam edir. İqlim dəyişmələri ilə bağlı müzakirə olunan məsələlərin aktuallığı beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməklə yanaşı, tədbir iştirakçılarının da təqdirini qazanır. Tədbirdə çağdaş dünyamızda artan iqlim dəyişikliyi təsirlərindən yaranan miqrasiya və köçkünlük məsələlərinin müzakirəsi ilə bağlı BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Xüsusi Məsləhətçisinin Ofisinin baş siyasətçisi Mişel Yonetani bildirib ki, iqlim dəyişikliyi həssas insanlara mənf təsir edir. “Refugees İnternational”ın rəsmisi Ayoo Hellen qeyd edib ki, iqlim fəlakəti realdır və yoxsul insanlara daha çox təsir edir.

Tailand Nümayəndələr Palatasının üzvü Saniban Buaban isə deyib ki, iqlim problemindən ən çox əziyyət çəkən həm də fermerlərdir:
“Daşqınların artması, quraqlıq kənd təsərrüfatına çox ciddi təsir göstərir. Bu səbəbdən fermerlər şəhərlərə köçür və məcburi urbanizasiya baş verir. Tailandın şimal və cənubunda iqlim fəlakətləri tez-tez baş verir. Burada bir çox hallarda infrastruktur dağılır və orada yaşayan insanlar köçmək məcburiyyətində qalır. Əhalimizin 30 faizi riskli ərazilərdə yaşayır”.

UNICEF-in Avropa və Mərkəzi Asiyada iqlim dəyişikliyi üzrə regional müşaviri Mariya Osbek noyabrın 18-də Bakıda COP29 çərçivəsində keçirilən “Yaşıl gələcək naminə insan kapitalının artırılması” mövzusundakı tədbirdə bildirib ki, UNICEF uşaqların COP29 müzakirələrinin mərkəzinə qoyulması təşəbbüsünü yüksək qiymətləndirir. Onun sözlərinə görə, yaşıl gələcək üçün insan kapitalının artırılması təşəbbüsü investisiyaların indidən qoyulması prosesinin əsasını təşkil edir: “COP29-da ilk dəfədir uşaqlara və gənclərə həsr olunmuş xüsusi gün təşkil edilir. İnanıram ki, təhsilə qoyulan investisiya daha böyük gəlir gətirir. Buna baxmayaraq, bu gün banklar tərəfindən verilən iqlim maliyyəsinin çoxu uşaqlara lazım olan əsas sosial xidmətlərə, o cümlədən təhsilə daha az yönəlir. İqlimlə bağlı fəaliyyət üçün çoxtərəfli fondların yalnız 2,4 faizi uşaqlara lazım olan əsas sosial xidmətlərə yönəlib. Biz bunu dəyişdirməliyik”.

COP29 kənd təsərrüfatında yeni davamlı texnologiyaların inkişafı üçün platforma olacaq. ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza COP29-un “Yaşıl Zona”sına səfəri çərçivəsində şoranlaşmış torpaqların bərpa edilməsi və aqrar sektorda innovativ texnologiyalar təqdim edən “AZCHEMCO” şirkətinin pavilyonunda çıxışında təkcə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində deyil, həm də qlobal miqyasda qabaqcıl aqrar texnologiyaların istifadəsinin vacibliyinə xüsusi diqqət çəkib. Bildirib ki, hazırda kənd təsərrüfatı qlobal iqlim dəyişikliyinin səbəblərinin 8 faizini təşkil edir və bu sahədə siyasətin düzgün aparılmaması su qıtlığına və torpaqların deqradasiyasına səbəb olur: “Azərbaycan Prezidenti cənab İlham Əliyev kənd təsərrüfatının inkişafına, qlobal ekoloji və iqlim təşəbbüslərinə sadiqliyi ilə bağlı dəqiq kurs müəyyən edərək həm dövlət, həm də özəl sektorun göstərilən istiqamətlərdə inkişafı üçün bütün imkanları yaradıb. COP29 konfransının iqlim dəyişikliyi ilə mübarizədə dünya lideri kimi Azərbaycana verdiyi bugünkü nəhəng imkanlar dövlətin qlobal miqyaslı problemlərin həllində düzgün inkişaf kursunu tam əks etdirir”.

İqlim dəyişmələri ilə bağlı mötəbər tədbirin iştirakçıları COP29-a ən unikal formada ev sahibliyi edən, eləcə də bu istiqamətdə qlobal əməkdaşlıq üçün əlverişli imkan yarardan, iqlim dəyişiklikləri ilə mübarizədə mütərəqqi ideyaları ən yüksək səviyyədə təşviq edərək qlobal liderə çevrilən Azərbaycana təşəkkür edirlər.

COP29-un iştirakçıları, eləcə də ölkəmizə gələn turistlər tədbirin yüksək səviyyədə təşkil olunduğunu qeyd etməklə yanaşı, Azərbaycana məftun olduqlarını, xalqımızın qonaqpərvərliyinə, buradakı yüksək tolerantlığa heyran qaldıqlarını məmnunluqla ifadə edirlər. COP29-un Mozambikdən olan iştirakçıları söhbət zamanı bildirdilər ki, bir neçə gün ərzində Azərbaycanda gördükləri xoş münasibəti, insanların səmimiyyətini, dostcanlılıqlarını heç zaman unutmayacaqlar. Qonaqlar, həmçinin milli mətbəximizin çeşid-çeşid dadlı nemətlərindən, ləziz yeməklərindən, qəlbləri fəth edən milli musiqimizdən, Bakının tarixi və müasir memarlığından, respublikamızın ayrı-ayrı bölgələrinin mədəni həyatından, tarixi-memarlıq incilərindən, ölkəmizin təbiətinin gözəlliklərindən və füsunkar mənzərələrindən heyranlıqla bəhs etdilər.

Zahid Rza, “İki sahil”

Seçilən
53
ikisahil.az

1Mənbələr