AZ

Makronlar, pallonelər, borrellər nəyi həzm edə bilmirlər? -COP29

Azərbaycan ev sahibliyi etdiyi nəhəng tədbirdə öz həqiqətlərini dünyaya tanıtmaqda daha geniş imkan qazanıb. Eyni zamanda, Azərbaycana qatı düşmənçilik edənlərin əməllərinin böyük auditoriyada ifşa edilməsinə nail olub.  O düşmənlər ki, uzun illər işğalçı Ermənistanın mövqeyini açıq və ya məxfi şəkildə müdafiə edərək Azərbaycan xalqında özlərinə qarşı dərin nifrət hissi yaradıblar. Prezident İlham Əliyev COP29 çərçivəsində keçirilən inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitindəki çıxışında bildirdi ki, Fransa və Niderlandın müstəmləkələri, xüsusən də Karib dənizi və Sakit Okean regionundakı dırnaqarası dəniz əraziləri iqlim dəyişmələrinin ən ciddi təsirinə məruz qalanlar sırasındadır. Artan dəniz səviyyəsi, kəskin hava şəraiti və biomüxtəlifliyin pozulması həmin regionlarda həyat üçün ciddi təhlükə yaradır. Həmin icmaların səsi bir çox hallarda onları ciddi nəzarətdə saxlayan rejimlər tərəfindən susdurulur. Prezident konkret fakt gətirərək bildirdi ki, Fransa Prezidenti Emmanuel Makronun qurduğu rejimin cəlladları Yeni Kaledoniyada haqqını tələb edən kanakların builki legitim etiraz aksiyasında 13 nəfərin həyatına son qoyub, 169 nəfəri yaralayıb,  1700 nəfəri həbs edib. Adi insan haqları pozulanlarının isə sayı-hesabı yoxdur. Eyni zamanda, Martinika və Qvadelupada etirazlar zamanı 38 nəfər həbsə atılıb. Bütün bunların qarşısında Avropa İttifaqı siyasi riyakarlıq edərək susur, Fransanın özbaşınalığına göz yumur. Prezident İlham Əliyev bu cinayətlərə susan Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasını da sərt tənqid etdi.

Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi ali nümayəndəsi Cozep Borrel görünür, Azərbaycan Liderinin gerçəyi dilə gətirməsindən çox narahat olub. Çünki onun Fransa və Niderlandın törətdikləri cinayətləri müdafiə etməsi bu cinayətlərə ortaqlığından xəbər verir. Əks halda o, Yeni Kaledoniya, Qvadelupa, Martinika, Fransa Qvianası, Sen-Pyer və Mikelon və digər ada dövlətlərində baş verən cinayətlərə göz yummazdı.

Təəssüf ki, Fransa Prezidenti Emmanuel Makron COP29 konfransına gəlmədi, bu sözləri özü eşidərdi. Əvəzində "ələkçinin tük verəni" Cozep Borrel əvvəlki kimi deyil, düşkün tonda mesaj verib ki, Azərbaycan Prezidenti Fransa ilə Niderlandı gərək belə sərt tənqid etməyəydi . Yəqin o, bilir ki,  BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvü olan Fransa niyə Bakıya gəlmədi? Hər halda Makronun qarnının niyə ağrıdığını hamıdan yaxşı bilən başabəla diplomat susqun qalmayacaq.

Azərbaycanın COP-a sədrlik etməsi qərarı verildikdən sonra ölkəmizə qarşı aparılan əsassız qarayaxma kampaniyasına görə məsuliyyət kimin üzərinə düşür? Qoy Borrel buna cavab versin. Niyə Avropa İttifaqı daxilində COP29-a qatılmama çağırışları edildi? Çağırışların müəllifləri kimlərdir və məqsədləri nədir? Bu sualların da açıqlanması Borreldən tələb olunur.  

Görünür, Borrel və Makron ünvanı səhv salıblar, COP29 siyasi arena deyil.  İqlim dəyişikliyinə sənayeləşmiş ölkələrin və nüvə dövlətlərinin, yəni onların da dövlətlərinin səbəb olduğu sirr deyil. Nəhayət, buyursunlar, gəlsinlər, ölkələrə tökdükləri zibillərini təmizləsinlər. Heç olmasa törətdikləri problemlərə görə insanlığa yardım etsinlər. Heç olmasa, indi ambisiyalarından əl çəksinlər, Azərbaycandan nümunə götürsünlər.

Azərbaycan Qoşulmama Hərəkatında dördillik sədrliyi dövründə 80-dən artıq ölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərib. Azərbaycan köməksiz, kiçik ada dövlətlərinin problemlərini COP29-da gündəmin müzakirəsinə çıxarıb. Bu, çox önəmlidir və  COP konfranslarında ilk belə hadisədir.  Rəsmi Bakı iqlim dəyişikliyi qarşısında sıxıntıları olan kiçik dövlətlərə yardım etmək qərarı verib. Bu dövlətlərlə bağlı maliyyə fondunun yaradılması Bakıda müzakirə edilir. Fransa bu nümunəni götürə bilməzmi? Əlbəttə, yox. Çünki Makronun əqidəsi kömək etmək deyil, ölkələri çapıb-talamaqdır.

BMT rəsmiləri də COP29-un bu günə kimi reallaşan COP tədbirləri ilə müqayisədə daha məhsuldar keçdiyini ifadə edirlər.

COP29 ilə  Azərbaycanın qonaqpərvərliyi, beynəlxalq tədbirləri yüksək səviyyədə təşkiletmə qabiliyyəti göründü.  Hamı gördü ki, Azərbaycan bəşəriyyətin xoşbəxt gələcəyinə xidmət edir. İnsanlığı təhdid edən iqlim dəyişikliyi probleminin  həllində  Qərb dövlətlərindən daha çox töhfə verməyə təşəbbüs göstərir.

Bu toplantı Azərbaycanın dünyadakı imicini daha da yüksəldəcək, onu inkişaf etmiş ölkələr sırasına çıxaracaq. Bir çox dövlətlərin başçıları ilk dəfə Azərbaycana gəldilər. COP29 ilə Azərbaycan beynəlxalq arenada böyük uğurlar qazandı. Bunlar bütün türk dünyasının uğurlarıdır. Eyni zamanda, on illərlə Azərbaycana böhtan atanları, onu şərləyənləri, təhdid edənləri, haqqında həqiqətə uyğun olmayan informasiyaları qəsdən yayanları ifşa etdi və onların iç üzlərini açıb dünyaya göstərdi.

Vəli İlyasov, "İki sahil"

Seçilən
60
ikisahil.az

1Mənbələr