AZ

Mərakeş mediası COP29 haqqında geniş materiallar dərc edib

Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində baş tutan tədbirlər Mərakeşin media orqanlarının diqqət mərkəzindədir. SİA xəbər verir ki, bu ölkənin rəsmi MAP xəbər agentliyinin ölkəmizə ezam etdiyi media nümayəndələri tədbir barədə reportajlar və müsahibələr hazırlayıblar.

Materiallarda COP29 tədbirlərində iştirak etmək üçün Bakıya gəlmiş Mərakeşin Baş naziri Əziz Axnuşun rəhbərlik etdiyi nümayəndə heyətinin keçirdiyi görüşlər və çıxışlar, eləcə də panel iclaslarında müzakirə edilən məsələlər barədə geniş məlumat verilib.

Mərakeşin “Medi1 tv” kanalı yayımladığı reportajda Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 12-də Bakıda keçirilmiş Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimində çıxışından sitat gətirib və dünyada ekoloji problemlərin müzakirəsi baxımdan tədbirin əhəmiyyətini vurğulayıb.

Jurnalist Həsən əl-Yusifi əl-Məğari “əl-Elami” nəşrindəki COP29 haqqındakı yazısında bildirib ki, medianı ekoloji hədəflərin həyata keçirilməsi işinə daha yaxından cəlb etmək lazımdır. Vurğulanıb ki, informasiyaların daha geniş izləyici kütləsinə çatmasında onun imkanlarından istifadə etmək olar.

“Ənfas press” nəşri isə Mərakeşin “Tansift” inkişaf mərkəzinin rəhbəri dr.Əhməd əş-Şəhbuninin iqlim maliyyələşməsi mövzusuna həsr olunmuş seminarda çıxışı barədə yazıb. Nəşrin məlumatına görə, əş-Şəhbuni bildirib ki, iqlim maliyyələşməsi iqlim dəyişikliyinə qarşı mübarizədə mühümdür. Həmçinin qeyd edib ki, özəl və dövlət investisiyaları istixana qazlarının azaldılmasına töhfə verəcək layihələrə yönəldilməlidir.

“Məğrib nyuz 7” və “Məcəllə 24” nəşrləri də COP29 tədbiri haqqında dərc etdikləri silsilə materiallarda Bakıda müzakirə edilən mövzuların əhəmiyyətini qeyd edib, Mərakeşin iqlim davamlılığı sahəsində nailiyyətlərinin COP29 çərçivəsində diqqətə çatdırıldığını bildirib.

Seçilən
39
1
sia.az

6Mənbələr