AZ

Abxaziya qarışdı...

Etirazçılar nə istəyir?

Bjaniya istefa verməyə razıdır, saziş isə ratifikasiya edilmədi...

Tanınmamış Abxaziyanın Rusiya ilə bağlanmış investisiya sazişinə qarşı etirazlar siyasi gərginliyi artırıb. Qeyd edək ki, tanınmamış Abxaziya rəsmi Moskva ilə investisiya sazişi bağlayıb və bu sazişə görə, Rusiya şirkətləri Abxaziya ərazisində xüsusi imtiyazlar əldə edir. Abxaziya müxaliəti isə bu sazişin yerli biznesin sıxışdırılmasına gətirib çıxaracağını deyir. Etirazlar noyabrın 11-də təhlükəsizlik qüvvələrinin beş müxalifətçini saxlamasından sonra güclənib. Fəallar sərbəst buraxıldıqdan sonra mitinqlər müvəqqəti olaraq dayandırılıb, lakin noyabrın 15-də parlament sazişin ratifikasiyası məsələsinə baxmaq üçün toplaşacağını bildirəndə etirazlar yenidən başlayıb.

Bjaniya kəndinə qayıtdı...

Qeyd edək ki, etirazlar başlanan zaman müxalifət hakimiyyətdən Rusiya ilə investisiya sazişinin ratifikasiyasından tamamilə imtina etməyi, tanınmamış respublikanın “prezidenti” Aslan Bjaniyanın isə istefa verməsini tələb edirdi. Administrasiya binasını tərk edərək doğulduğu Tamış kəndinə “sığınan” Bjaniya əvvəlcə Suxumda baş verənləri dövlət çevrilişinə cəhd adlandırıb və o, “seçilmiş prezident” olaraq qaldığını bildirib, problemin güclə həll ediləcəyi təqdirdə “sabitliyin pozulması, iqtisadi itkilər və humanitar böhran” barədə xəbərdarlıq edib. Qeyd edək ki, sonradan proses daha da şiddətlənib və ard-arda “hökumət strukturlarının” binaları etirazçılar tərəfindən alınıb. Bjaniya isə etirazçılar tərəfindən ələ keçirilən hökumət binalarının azad ediləcəyi təqdirdə istefa verməyə razılaşıb. Müxalifət razılaşmadan imtina edərək “müvəqqəti hökumət” yaradacağını bəyan edib.

13 yaralı...

Xarici KİV-lərin məlumatına görə, etirazlar yalnız Bjaniyanın siyasətinə qarşı yönəlib - hədəf heç də iddia edildiyi kimi, Rusiya deyil. Etirazçıların Rusiyanı “strateji tərəfdaş” və “yeganə təhlükəsizlik təminatçısı” adlandırdığını bildirən KİV-lər hətta mitinqlərdə Rusiya bayraqlarının dalğalandırıldığını belə önə çəkiblər.

Qeyd edək ki, ötən bir neçə gün ərzində şiddətlənən qarşıdurmalar zamanı nümayişçilər hökumət binalarının ətrafındakı çəpərlərin bir hissəsini sökərək parlament və prezident administrasiyasına hücum ediblər. Onlar polisə yumurta və şüşə qabları atıblar. Yerli polis isə buna tüstü bombaları ilə cavab verməli olub. Parlament yaxınlığında atəş səsləri eşidilib - yayılan məlumatlara görə, 13 nəfər yaralanıb, onlardan üçü xəstəxanaya yerləşdirilib.

Bjaniya növbədənkənar seçki təklif edir...

Abxaziya parlamenti isə Moskva ilə bağlanan investisiya sazişinin ratifikasiyası üzrə planlaşdırılan iclası ləğv edib. Daha sonra prezident administrasiyası sazişin geri çəkiləcəyinə söz verib. Aslan Bjaniya vəziyyətdən “qanuni konstitusion çıxış yolu” təklif etsə də, qarşı tərəf bununla razılaşmayıb. “Prezident” bildirib ki, prosesin bu formada inkişafı sabitliyin daha da pozulmasına, iqtisadi itkilərə və humanitar böhrana” gətirib çıxara bilər. “Sülh yolu ilə həll, əksinə, sabitliyin bərpasına, investisiyaların cəlb edilməsinə və Abxaziyanın iqtisadi inkişafına şərait yaradacaq”, - deyə o bildirib. TASS agentliyinə müsahibəsində Bjaniya “seçilmiş prezident” olaraq qaldığını bildirib və 15 noyabr hadisələrini “çevriliş cəhdi” adlandırıb. Eyni zamanda, o, əlavə edib ki, müxalifət qarşısına qoyulan şərtləri qəbul edərsə, hələ də güzəştə getməyə hazırdır. “Qoy onlar nümayiş etdirsinlər ki, xalq onları seçkilərdə dəstəkləyir”, - deyə Aslan Bjaniya bildirib. Görünən budur ki, Bjaniya istefasından sonra yenidən prezident seçkilərinin keçirilməsini istəyib...

Etirazçılar isə Abxaziya parlamentinə xüsusi müraciət ediblər. Onların fikrincə, parlament hazırda “respublikada” “yeganə qanuni orqandır” və tam məsuliyyəti öz üzərinə götürməyə borcludur”.

Moskva narahatdır...

Moskva da böhranla bağlı narahatlığını ifadə edib. Noyabrın 18-də Kremlin mətbuat katibi  Dmitri Peskov brifinqdə bildirib ki, Rusiya Abxaziyada vəziyyətin normallaşmasının tərəfdarıdır. “Əlbəttə, biz respublikada vəziyyətin tezliklə normallaşmasının tərəfdarıyıq və istərdik ki, bu vəziyyət tamamilə konstitusiya ilə nizamlansın”, - o, brifinqdə deyib.

O, həmçinin Rusiya Federasiyası ilə Abxaziya arasında ikitərəfli münasibətləri Rusiyanın xarici siyasətinin mühüm prioriteti adlandırıb.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə bildirib ki, müxalifət münaqişəni gücləndirir və hüquqi çərçivədən kənara çıxır, etirazlar isə Abxaziyanın inkişafına mane olur. Etirazlarla əlaqədar Xarici İşlər Nazirliyi ruslara Abxaziyaya səfərdən çəkinməyi, artıq onun ərazisində olanlara isə “ehtiyatlı olmağı, iğtişaşların olduğu yerlərə yaxınlaşmamağı və mümkünsə ölkəni tərk etməyi tövsiyə edib. “

Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi də oxşar çağırış edib. Həmçinin turoperatorlara Abxaziyaya turların təşkilini dayandırmağı və planlaşdırılan səfərləri ləğv edən müştərilərin kompensasiyasını ödəməyi tövsiyə edib.

Abxaziya iqtisadiyyatının 72 faizi...

Qeyd edək ki, 1992-1993-cü illərdə Gürcüstan hökumət qüvvələri ilə Abxaziya separatçı qüvvələri arasında baş vermiş hərbi qarşıdurmalardan sonra 1994-cü il mayın 14-də Gürcüstan və Abxaziya tərəfinin Moskvada BMT baş katibinin Xüsusi Elçisinin rəhbərliyi ilə münaqişənin həlli ilə bağlı Cenevrə danışıqları çərçivəsində hazırlanmış Atəşkəs və Qüvvələrin Ayrılması Sazişi imzalandı. Sazişə əsasən o dövrdən bölgədə sülhməramlı kontingent fəaliyyət göstərir və müharibənin yenidən alovlanmaması üçün nəzarət olunur.

Siyasi mütəxəssislərin fikrincə, hazırki etrirazlara səbəb kimi göstərilən investisiya sazişi olmadan da Abxaziya iqtisadi cəhətdən Rusiyadan çox asılıdır - belə ki, Abxaziyanın keçmiş “xarici işlər naziri” İnal Ardzinba 2023-cü ildə bildirmişdi ki, Moskva 2008-ci ildən Suxuma 110 milyard rubla yaxın maddi yardım vəsaiti yönləndirib. Bundan əlavə, 2023-cü ildə tanınmamış respublikanın ümumi xarici ticarət dövriyyəsinin 72 faizi Rusiyanın payına düşüb. Həmçinin Abxaziya üçün müxtəlif imtiyazlar, o cümlədən payız-qış aylarında Rusiya Federasiyasından elektrik enerjisinin pulsuz tədarükü tətbiq edilib. Rusiyanın iqtisadi inkişaf nazirinin müavini Dmitri Volvaç mart ayında qeyd edib ki, təkcə 2024-cü ildə Rusiyanın Abxaziyaya maliyyə yardımının həcmi 5,6 milyard rubl təşkil edib. Bu mənada, Rusiya tərəfi sözügedən investisiya sazişinin Abxaziya üçün təhlükə yaratmadığını bildirib.

Etirazçılardan Gürcüstan prezidentinə cavab...

Etirazların təşkilatçısı sayılan “Abxaz Xalq Hərəkatı”nın rəhbəri, tanınmamış Abxaziyanın keçmiş iqtisadiyyat naziri Adqur Ardzinba Gürcüstan prezidenti Salome Zurabişvilinin etirazçılara ünvanladığı bəyanatı şərh edib. O, Gürcüstan prezidentinin bu müraciətinin heç də Abxaziya üçün “ümid”  olmadığını deyib: “Mən həmişə olduğu kimi, öz mühakimə və qiymətləndirmələrində reallıq və sağlam düşüncəni deyil, milli mifologiyanı rəhbər tutan Gürcüstan Prezidentinə xatırlatmaq istərdim ki, Abxaziya Respublikası öz müqəddəratını müstəqil şəkildə təyin edən azad ölkədir. Bu baxımdan, xanım Zurabişvilinin kiminlə və nəyin uğrunda həmrəylik nümayiş etdirdiyi müəmmalı olaraq qalır, onunla nəinki Vətənimizin bu günü və gələcəyi, həm də həyatına, siyasətinə, yəqin ki, mənəviyyatına da çox fərqli baxışlarımız var”, - deyə Ardzinbanın şərhində deyilir.

O, həmçinin bir daha vurğulayıb ki, abxaz müxalifətinin hərəkətləri anti-Rusiya xarakteri daşımır.

P.İSMAYILOV

Seçilən
31
yeniazerbaycan.com

1Mənbələr