AZ

3 qardaş ölkənin yeni enerji ittifaqı

Azərbaycan, Qazaxıstan və Özbəkistanın imzaladığı saziş Şərq-Qərb “yaşıl enerji” dəhlizini formalaşdıracaq

Noyabrın 13-də Azərbaycan, Qazaxıstan və Özbəkistan Prezidentləri İlham Əliyev, Kasım-Jomart Tokayev və Şavkat Mirziyoyevin üçtərəfli görüşü zamanı iqtisadi sahədə əməkdaşlığın daha da artırılması, nəqliyyat-tranzit sahəsində yeni imkanlardan səmərəli istifadə edilməsi və bərpaolunan enerji üzrə birgə layihələrin həyata keçirilməsi və digər məsələlər müzakirə olunub. Sonra dövlət başçıları “Azərbaycan, Qazaxıstan və Özbəkistan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”i imzalayıblar.

Qeyd edək ki, mayın 1-də Azərbaycan, Özbəkistan və Qazaxıstanın iqtisadiyyat və energetika nazirləri Daşkənddə keçirilən görüşdə Mərkəzi Asiyanın günəş və külək elektrik stansiyalarından alınan “təmiz” elektrik enerjisinin körpü rolunu oynayacaq Azərbaycan ərazisindən keçməklə Avropaya nəqli perspektivlərini müzakirə ediblər. Müzakirələrin yekununda “Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin qarşılıqlı əlaqəsi üzrə Əməkdaşlıq Memorandumu”na imza atılıb. Memorandumun davamı kimi strateji tərəfdaşlıq haqqında Saziş imzalanıb ki, bu sənəd beynəlxalq əhəmiyyətli hüquqi istinad olmaqla, Mərkəzi Asiya-Azərbaycan-Avropa formatının təsis edilməsini təmin edəcək. Sənəd bərpaolunan enerji mənbələri, enerji səmərəliliyi, hidrogen, enerji infrastrukturu, həmçinin rəhbər komitə və işçi qrupunun yaradılması kimi məsələləri əhatə edir.

Saziş 3 ölkənin iqtisadiyyatını Orta Dəhlizdə birləşdirməsinə töhfə verəcək

Sazişin əhəmiyyətini yüksək dəyərləndirən Prezident İlham Əliyev bildirib ki, bu, Azərbaycan, Qazaxıstan və Özbəkistan münasibətlərinin tarixində əlamətdar hadisədir. Üç qardaş ölkə öz əməkdaşlığını yeni səviyyəyə qaldırır və “yaşıl enerji” sahəsində fəal mərhələ başlayır. Saziş Mərkəzi Asiya və Qafqaz regionlarının əməkdaşlığında yeni imkanlar açır, inteqrasiya prosesləri, nəqliyyat, energetika, ticarətlə bağlı prosesləri daha da irəli aparmağa imkan verir.

“Yaşıl enerji” karbon neytrallığına doğru irəliləyən Qazaxıstan üçün prioritet istiqamətdir, qazax hökuməti qazıntı resurslarından asılılığı azaldan, texnoloji yenilikləri inkişaf etdirən və ekoloji davamlılığı dəstəkləyən infrastruktur yaratmaqdadır. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin vurğuladığı kimi ölkənin ümumi gücü 43 giqavat olan “yaşıl layihələr”in həyata keçirilməsi istiqamətində bütün imkanlar səfərbər edilib və xarici şirkətlərlə razılaşmalar əldə olunub. Bu baxımdan Qazaxısatnın güclü bərpaolunan enerji potensialı “yaşıl kabel”in nəql gücünün də artmasına xüsusi töhfə verəcək, üçtərəfli əməkdaşlıq enerji sistemlərinin inteqrasiyası və ekoloji cəhətdən təmiz enerjinin Avropaya və digər bazarlara çatdırılması üzrə etibarlı körpü rolunu oynaycaq. Bu Sazişin praktiki nəticələri həm də 3 ölkənin iqtisadiyyatını Orta Dəhlizdə birləşdirməsinə və inkişafına töhfə verəcək.

Özbəkistanın da alternativ enerji resursları kifayət qədər güclüdür və Xarici investorlarla aparılan qiymətləndirmələr günəş və külək stansiyalarının potensiallarının hədsiz ümidverici olmasından xəbər verir. Özbəkistan 2030-cu ilədək bərpaolunan enerji mənbələrinin payını 40 faizə çatdırmağı, həmçinin 4,2 giqavatlıq enerjisaxlama sistemləri yaratmağı planlaşdırır. Səudiyyə Ərəbistanın “ACWA Power” şirkəti neçə müddətdir ki, bu ehtiyatların istehsalı və emalı üçün böyük bir layihə icra edir. Nəticədə bu ölkənin enerji  gücü Şərq-Qərb dəhlizinin rentabelliliyi və dayanıqlılığı üçün mühüm əhəmiyyət kəsb edəcək.

Qarabağ Bəyannaməsinin bəndlərindən biri...

Üç qardaş ölkənin “yaşıl enerji” üzrə vahid siyasət təşəbbüsləri Şuşada Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanan Qarabağ Bəyannaməsinin əsas bəndlərindən birini təşkil edir, sazişdə əsas hədəflərdən biri kimi üzv ölkələr arasında bərpaolunan enerji sahəsində birgə əlaqələrin vahid iqtisadi blokda birləşdirilməsi öz əksini tapıb. Bəyannamənin 11-ci bəndində TDT ölkələri bərpaolunan enerji və enerji səmərəliliyi sahələrində əməkdaşlığın inkişafı da daxil olmaqla enerji sahəsində strateji tərəfdaşlığın daha da artırılması və bu çərçivədə Azərbaycan-Qazaxıstan-Özbəkistan enerji sistemlərinin qarşılıqlı əlaqələndirilməsinə (“yaşıl dəhliz”) dəstəyini ifadə edib. Sənəddə, həmçinin türk dövlətləri tərəfindən bərpaolunan geniş enerji potensialının imkanları nəzərə alınaraq “yaşıl enerji”nin üzv dövlətlər və üçüncü ölkələr də daxil olmaqla ixracı və ticarəti üçün geniş enerji sistemlərinin inkişaf etdirilməsi bəyan olunub. Qazaxıstanın Maksut Narikbayev Universitetinin “MIND” Tədqiqat və Analitika Mərkəzinin xarici siyasət və beynəlxalq tədqiqatlar proqramının rəhbəri Miras Jienbayevin qeyd etdiyi kimi Qazaxıstan, Azərbaycan və Özbəkistanın “yaşıl enerji” sahəsində birgə fəaliyyət üç ölkə liderlərinin tərəfdaşlıq istəyini və yüksək etimadı nümayiş etdirir. Eyni zamanda, Türk Dövlətləri Təşkilatı çərçivəsində müəyyən edilmiş hədəflərə, zirvə toplantıları və yüksək səviyyəli görüşlərdə razılaşdırılmış qərarların icrasına çatmağa imkan verir. Bu əməkdaşlıq qardaş türk dövlətlər ilə müttəfiqliyin müsbət gələcəyini formalaşdıracaq.

Səudiyyə Ərəbistanı da Türk “yaşıl enerji ittifaqı”na qoşulur

Sazişin digər mühüm məqamı ondan ibarətdir ki, neft və qaz tədarükçüsü olan ölkələr tədricən ənənəvi yanacaqdan imtina etməyə və karbon emissiyası olmayan enerji istehsalı və nəqlinə keçməyə fokuslanıb ki, prosesə dünyanın ən nəhəng neft tədarükçüsü olan körfəz ölkələrinin, xüsusilə də Səudiyyə Ərəbistanın qoşulması da bunu təsdiqləyir. Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri artıq xeyli müddətdir ki, Mərkəzi Asiya və Azərbaycanda “yaşıl layihələr”də təmsil olunur. Bu baxımdan Qara dəniz kabeli layihəsinin gələcəkdə Yaxın Şərq regionunu da əhatə edəcəyini və Şərq-Qərb enerji dəhlizinin formalaşacağını söyləmək mümkündür. “Yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində əməkdaşlıq üzrə Azərbaycan, Qazaxıstan, Özbəkistan və Səudiyyə Ərəbistanı Krallığının Energetika nazirlikləri arasında İcra Proqramı”nın imzalanması da bunu deməyə əsas verir.

Beləliklə, böyük karbohidrogen tədarükçüləri olan 3 türk dövləti və onların müttəfiqinə çevrilmiş Səudiyyə Ərəbistanı növbəti onilliklər ərzində qlobal neft istehlakının azalması fonunda ənənəvi enerjini kompensasiya edə biləcək “yaşıl enerji” potensialını qlobal bazarlara çıxaracaq. Bununla da, neft-qaz ölkələri kimi tanınmış bu dövlətlərin növbəti mərhələdə əsas vizyonu  “yaşıl enerji”nin ixracatçıları kimi formalaşacaq.

ELBRUS CƏFƏRLİ

Seçilən
13
50
yeniazerbaycan.com

10Mənbələr