Futbol üzrə Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasının 2024/2025-ci illər mövsümündə sonuncu sınağına çıxacaq.
Arena.az xəbər verir ki, C Liqasında mübarizə aparan yığmamız qrupdakı altıncı oyununda İsveç milli komandası ilə qarşılaşacaq.
Solna şəhərindəki “Strauberri Arena”da təşkil olunacaq görüşə Bakı vaxtı ilə saat 23:45-də start veriləcək. Qarşılaşmanı polşalı FIFA referisi Pavel Raçkovski idarə edəcək.
Xatırladaq ki, yığmamız UEFA Millətlər Liqasının cari mövsümündə yalnız bir neçə gün öncə Qəbələdə qəbul etdiyi Estoniya ilə ev oyunundan xalla ayrılıb – 0:0. Millimiz əvvəlki bütün oyunlarında uduzub. İlk sınağında İsveç millisinə Bakıda 1:3 hesabıyla uduzmuş komandamız Slovakiya yığması ilə səfər oyununda 0:2 hesablı məğlubiyyətə üzülüb. Estoniya ilə səfər, Slovakiya ilə ev oyunlarımız da 1:3 hesablı məğlubiyyətlərlə yekunlaşıb.
İsveç yığmamız üçün tanış rəqibdir. Çünki Azərbaycan yığması bu komanda ilə indiyə qədər 5 oyunda üz-üzə gəlib. Bu oyunlarda Skandinaviya təmsilçisinin böyük üstünlüyü var. Millimiz bir, şimallılar dörd qələbə qazanıblar. İndiyədək heç-heçə etməyən rəqiblər heç vaxt yoxlama oyununda üz-üzə gəlməyiblər. Bütün matçlar rəsmi turnirlər çərçivəsində olub.
Azərbaycan və İsveç yığmalarının oyunları məhsuldarlığı ilə də diqqət çəkir. 5 görüşdə 16 qol vurulub ki, bunlardan 4-nə yığmamız, 12-nə rəqib imza atıb. 3-cü dəfə İsveçə səfər edən yığmamız Skandinaviyadan quru və böyükhesablı məğlubiyyətlə dönüb – 0:3, 0:5.
Millimiz D Liqasına düşmək istəmirsə…
Qeyd edək ki, Azərbaycan millisinin qrup mərhələsinin sonuncu turu ərəfəsində qrupunda axırıncı yerdən qurtulmayacağı dəqiqləşib. Hazırda 1 xala malik komandamız ya birbaşa D Liqasına düşəcək, ya da C Liqasında qalmaq üçün aşağı liqada qrup ikincisi olanlardan biri ilə pley-offda mübarizə aparacaq. Pley-offa getmək üçün bu gün Azərbaycan millisi mütləq qalib gəlməlidir. Rəqibimiz İsveçin artıq B Liqasına vəsiqəni təmin etməsi, yəqin ki, baş məşqçi Fernando Santosda və yetirmələrində bir qədər ümid yaradıb.
Qeyd edək ki, UEFA Millətlər Liqasının qrup mərhələsinə məhz bu gün yekun vurulacaq. Bugünkü oyunlardan sonra liqalarında qalacaq, liqalarını dəyişəcək, həmçinin pley-offlarda oynayacaq bütün komandalar müəyyənləşəcəklər.
2025 və 2026-cı illərdə isə pley-off oyunları keçiriləcək. Azərbaycan millisi vaxtilə UEFA Millətlər Liqasında mübarizəyə D Liqasında başlasa da, sonra genişlənən C Liqasına keçib və ardıcıl üçüncü dəfə burada qüvvəsini sınayır. Əvvəlki yarışlarda komandamız nə qrup qalibi ola bilib, nə də ki, sonuncu yeri tutub: iki dəfə qrupunda 2-ci olub, bir dəfə də 3-cü yerlə kifayətlənib. Bu dəfə qrup sonuncusu olacağımız artıq dəqiqləşsə də, yeni mövümdə hansı liqada mübarizə aparacağımız sual olaraq qalır.
UEFA Millətlər Liqası
C Liqası, 1-ci qrup
19 noyabr
İsveç – Azərbaycan
Hakimlər: Pavel Raçkovski, Radoslav Seyka, Adam Kupsik, Voyçex Muç (hamısı Polşa).
Solna. “Strauberri Arena”. Saat 23:45.
Xallar: İsveç – 13. Slovakiya – 10. Estoniya – 4. Azərbaycan – 1.