AZ

Neft bazarında pessimizm artır - qiymətlə bağlı fərqli rəylər

 

Müşahidə olunan proseslər 2025-ci ildə “qara qızıl”ın 70 dollardan aşağı düşmə ehtimalını getdikcə artırır, amma...

Donald Trampın ABŞ prezident seçkisində qalib gəlməsi dünya xammal bazarlarında, xüsusilə də neft bazarında pessimizmi gücləndirib. Dünyanın əsas istehlakçıları sayılan Avropa İttifaqında faktiki iqtisadi durğunluq, Çin iqtisadiyyatının artım sürətinin əhəmiyyətli dərəcədə zəifləməsi fonunda ABŞ-da neft hasilatını artırmağın, OPEK-in neft hasilatını tənzimləməklə bazara təsir etməsinin qarşısını almağın qatı tərəfdarı olan Trampın hakimiyyətə gəlməsi qarşıdakı illərdə neft bazarı üçün çox ciddi təhdidlərin formalaşması deməkdir. Məhz bu amilləri nəzərə almaqla, əksər analitik mərkəzlər neftə tələbatın artım sürəti və neft qiymətlərinə dair proqnozlarını endirirlər.

Beynəlxalq Enerji Agentliyinə(BEA) görə, 2024-cü ilin yükununda dünya neft tədarükü sutkada 102,9 milyon barel olacaq ki, bu da 2023-cü ildəkindən 640 min barel çoxdur. Agentliyin hesabatında qeyd olunur ki, Amerikanın başçılıq etdiyi OPEC+ ittifaqına daxil olmayan ölkələr 2024-cü ildə hasilatı sutkada 1,5 milyon barel artıracaq, OPEC+ ölkələri isə 820 min barel azaldaraq 49,8 milyon barelə endirəcəklər.

OPEC+ hasilatının artırılmasının vaxtilə bağlı hələ heç bir rəsmi qərar elan edilməyib və BEA əlavə könüllü məhdudiyyətlərin 2025-ci ilə qədər qüvvədə qalacağını güman edir. Beləliklə, BEA 2025-ci ildə qlobal neft tədarükünün sutkada 2 milyon barel artaraq 105 milyon barel olacağını, o cümlədən OPEC+ hasilatının sutkada 560 min barel, digər ölkələrin isə daha 1,5 milyon barel artıracağını gözləyir.

Agentliyə görə, OPEC+ məhdudiyyətlərinin saxlanmasına baxmayaraq, 2025-ci ildə qlobal neft təklifi tələbi 1 milyon bareldən artıq üstələyəcək.

Neft istehsal edən ölkələrin birliyi olan OPEC də 2024-cü ildə neftə tələbat artımı proqnozunu dördüncü dəfə azaldıb. Bu dəfə sutkada 110 min barel - proqnoz 1,82 milyon barel müəyyənləşdirilib ki, bu da bu il qlobal neft istehlakının sutkada 104 milyon barel olacağı deməkdir. OPEC hesab edir ki, 2024-cü ildə neftə tələbat artımı motor yanacaqlarına tələbatın artması, eləcə də xüsusilə İƏİT üzvü olmayan ölkələrdə sağlam iqtisadi artımla dəstəklənəcək. Əsasən Çin və Yaxın Şərqdə emal gücü və neft-kimya marjalarında artım da öz töhfəsini verəcək.

2025-ci il üçün neft istehlakının artımı proqnozu daha 103 min barel azaldılıb - dünyada 105,57 milyon barel neft istehlakı gözlənilir. Bunlardan İƏİT ölkələri tələbatı 100 min barel, qeyri-OECD ölkələri isə 1,4 milyon barel artıracaq.

Artımın güclü hava nəqliyyatı tələbi və güclü yol hərəkətliliyi, eləcə də İƏİT-ə daxil olmayan ölkələrdə sağlam sənaye, tikinti və kənd təsərrüfatı fəaliyyəti ilə bağlı olacağı gözlənilir. Bundan əlavə, neft-kimya sənayesində potensialın genişləndirilməsi və gəlirliliyin neftə tələbat artımına təkan verməyə davam edəcəyi qeyd edilir.

Neft məhsullarına gəldikdə isə OPEK hesabatında 2025-ci ildə neftə tələbatın ilk növbədə benzinlə yanaşı, kerosin hesabına təmin ediləcəyi proqnozlaşdırılır. Mayeləşdirilmiş neft qazının (LPG) satışlarının da əhəmiyyətli dərəcədə artacağı və dizel yanacağı istehlakının 2024-cü ildəki aşağı səviyyədən bərpa olunacağı gözlənilir.

ABŞ Energetika Nazirliyi də 2025-ci ildə Brent neftinin qiymətinə dair proqnozunu bir qədər də azaldıb. Nazirliyin hesabatından aydın olur ki, gələn il üçün proqnoz 78 dollardan 76,06 dollara endirilib. 

Nazirliyə görə, 2024-cü ildə Brent markalı neftin qiyməti əvvəlki proqnozdan cüzi artıq olacaq - bir barel üçün 80,89 dollardan 80,95 dollara qədər.

Bundan əlavə, ABŞ Energetika Nazirliyi 2024-cü il üçün ölkədə neft hasilatı üzrə proqnozunu bir qədər artırıb - sutkada 10 min barel, 13,23 milyon barelə qədər. 2025-ci ildə ölkədə gözlənilən neft hasilatı həcminə dair proqnoz isə 10 min barel azaldılaraq 13,53 milyon barelə endirilib.

Tanınmış analitiklər hesab edirlər ki, OPEC+ hasilata mövcud könüllü məhdudiyyətlərdən imtina edərsə, dünya bazarında neftin qiyməti 2025-ci ildə bir barel üçün 40 dollara düşə bilər. Onların fikrincə, alyans çox güman ki, 2025-ci ilin əvvəlində bu məhdudiyyətləri mərhələli şəkildə aradan qaldırmağı seçəcək.

OPIS-in enerji təhlili rəhbəri Tom Kloza deyib: “2025-ci ildə neftin qiymətləri ilə bağlı son illərdəki hər zamandan - ərəb baharından bəri xatırlaya biləcəyim bütün illərdən daha çox narahatlıq var ”.

Avrasiya Qrupunun Enerji, İqlim və Resurslar Departamentinin rəhbəri Henning Gloystein qeyd edir ki, gələn il neftə tələbat artımının gündə 1 milyon bareldən az olacağını nəzərə aldıqda, OPEC+ məhdudiyyətlərinin 2025-ci ildə tam geri qaytarılması “şübhəsiz ki, neft qiymətlərinin çox kəskin azalmasına, bəlkə də bir barel üçün 40 dollara qədər enməsinə gətirib çıxaracaq”. 

MST Marquee-nin baş enerji analitiki Saul Cavonic də OPEC+-ın bu addımının “neft qiymətlərini COVİD-dən bəri görülməmiş aşağı səviyyələrə çatdıra biləcək bazar payı üçün qiymət müharibəsinə səbəb olacağını” düşünür.

Qeyd edək ki, OPEC+ neft qiymətlərindəki enişin qarşısını almaq üçün iki ay müddətinə sutkada 2,2 milyon barel könüllü ixtisarın mərhələli şəkildə dayandırılması planlarını 2 dəfə təxirə salıb. Noyabrın əvvəlində qəbul edilən qərarla bu addım dekabrın sonuna qədər təxirə salınıb.

Neftin qiymətinin aşağı düşməsi, digər məsələlərlə yanaşı, dünyanın aparıcı neft idxalçısı olan Çində pandemiyadan sonra tələbin ləng bərpası ilə bağlıdır.

Gloystein bildirir ki, bundan əlavə, bazarda yanacağın həddindən artıq tədarükü mənfi amildir, çünki OPEK-dən kənarda olan ABŞ, Kanada, Qayana və Braziliya kimi əsas neft istehsalçıları da tədarükləri artırmağı planlaşdırırlar.

Çin Statistika İdarəsinin məlumatına əsasən, ölkədə sənaye istehsalı artımı oktyabrda sentyabrdakı 5,4 faizə qarşı 5,3 faiz təşkil edib. Bu isə artım sürətinin azalması deməkdir. Çin hakimiyyətinin noyabrın əvvəlində açıqladığı stimullaşdırıcı tədbirləri neft bazarı tələbi artırmaq üçün yetərli hesab etməyib. Hazırda Brent nefti 71-72 dollar aralığında ticarət olunur.

Onu da qeyd edək ki, Azərbaycan iqtisadiyyatı neft ixracından əldə olunan gəlirlərdən kəskin ölkələrdən biridir. Hökumət gələn ilin dövlət büdcəsini son illərdə ilk dəfə olaraq neftin 70 dollarlıq dünya bazar qiyməti əsasında hesablayıb. Neft bazarında müşahidə olunan proseslər 2025-ci ildə qiymətlərin 70 dollardan aşağı düşmə ehtimalını getdikcə artırır. Bu sahədə narahatlığa səbəb olan digər amil ölkədə neft hasilatının təbii azalmasıdır. Belə ki, Energetika Nazirliyinin məlumatına əsasən 2024-cü ilin yanvar-oktyabr aylarında Azərabycanda 24,1 milyon ton neft (qaz kondensatı ilə birlikdə) hasil edilib. Bu, ötən ilin eyni dövründəki hasilat həcmindən 1,2 milyon ton və ya 4,8 faiz azalma deməkdir.

Cari ilin 10 ayında neft hasilatının 13,9 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 3,5 milyon tonu (qaz kondensatı) “Şahdəniz”in, 0,5 milyon tonu (qaz kondensatı) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (qaz kondensatı ilə birlikdə) hasilatı 6,2 milyon ton təşkil edib. Bu isə o deməkdir ki, AÇG-də hasilat 1,1 milyon ton və ya 7,4 faiz, SOCAR üzrə hasilat 300 min ton və ya 4,6 faiz azalıb. Bu ilin 10 ayında ixraca yönəldilən neftin həcmi  19,9 milyon ton neft (qaz kondensatı ilə birlikdə) təşkil edib(azalma 1,1 milyon ton). Bunun 17,4 milyon tonu konsorsiumların, 2,5 milyon tonu isə SOCAR-ın payına düşüb.

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımovun Milli Məclisin İqtisadi siyasət, sənaya və sahibkarlıq komitəsinin iclasında - “2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi ilə bağlı müzakirələrdə verdiyi məlumata görə,1995-ci ildən bu günə qədər dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta illik qiyməti 58,9 ABŞ dolları təşkil edib: “30 il ərzində ən aşağı qiymət 43,2 ABŞ dolları olub. Biz neftin orta illik qiymətini götürməliyik. Gələn ilin dövlət büdcəsində neftin qiyməti 1 barel üçün 70 ABŞ dolları nəzərdə tutulub. Hansısa gün qiymət 69 ABŞ dolları olarsa, bundan təşvişə düşmək lazım deyil. Ümumiyyətlə isə cari əməliyyatlar balansının profisitli olması üçün qiymətin 40-45 ABŞ dolları olması bəs edir”.

AMB rəhbəri yaxın və ortamüddətli dövrdə milli valyutanın məzənnəsində dəyişiklik planlaşdırılmadığını deyir: “Mərkəzi Bankın ilk növbədə mandatı makroiqtisadi sabitliyin təmin edilməsidir. Bu məqsədə nail olmaq üçün hər hansı rejim uyğundursa, onu da seçəcəyik. Bu gün hökumətlə bir yerdə düşünürük ki, makroiqtisadi sabitliyin təmin edilməsi üçün sabit məzənnə rejimi ən əlverişlidir. Gələn il, o biri il üzən məzənnəyə keçmək kimi məqsədimiz yoxdur. Bu il, növbəti illərdə də büdcə və orta müddətli xərclərdə də gördüyünüz kimi, manat/dollarda 1,7 məzənnə proqnozlaşdırılıb. Orta müddətli dövrdə də sabit məzənnə rejimini makroiqtisadi sabitliyin təmin edilməsi üçün əlverişli hesab edirik”.

Dünya SAKİT,
“Yeni Müsavat”

Seçilən
43
30
musavat.com

10Mənbələr