AZ

Dubay şokaladından populyar həkimlərə qədər...

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Qan Turalı yazır...
Görünüş dünyasında hər şey illüziyadır, xəyaldır.
Əsl müvəffəqiyyət işıqlar sönəndən sonra eşitdiyiniz alqış səsləridir.
Anonim müəllifin aforizmi
Sözün həqiqi mənasında görünüş, şou dünyasında yaşayırıq. Ancaq bunun fərqinə varmırıq. Sanki hər şey elə belə də olmalı imiş. Halbuki çox yaxın keçmişə qədər dünya belə bir dünya deyildi. Heç bir zaman da belə olmamışdı.
Bu, amerikanizmin qloballaşması idi. Sosial medianın da yüksəlişi ilə bütün dünyanı öz ağuşuna aldı. Artıq heç bir şey əvvəlki kimi olmayacaq...
Əvvəlki dövrlərdə həqiqətin meyarları başqa idi. İndiki dövrdə isə populyar olmaq kifayət edir. Sadə bir misal, əvvəlki dövrlərdə həkimlər efirə çıxmazdılar. Ancaq indiki dövrdə isə həkimlər televiziya çıxmağı, sosial mediadan aktiv istifadə etməyi öz işlərinin tərkib hissəsi hesab edirlər. Yaxşı həkim populyar olan həkimdir. Bu qayda ilə həkimlər televiziyaya və sosial mediaya xərclədikləri pulları öz xəstələrindən çıxardırlar. Bütün telekanallarda hər gün, hər an həkimləri görürük.
Əlbəttə ki, mənəvi-əxlaqi prinsiplər baxımından səhiyyənin və təhsilin alver predmetinə çevrilməsi, kommersiallaşması problemlidir. Çünki həkimin işi çox pul qazanmaq yox, mümkün qədər çox adamı müalicə etmək, onları həyata qaytarmaq, sağlam həyat sürməsini təmin etməkdir. Müasir dövrdə isə bütün bu meyarlar unudulur.
Populyarlıq xəstəliyi incəsənəti də təhdid edir. Bayağı mahnılar, meyxanalar milyonlarla dəfə dinlənilir. Bəzən bu mövzu haqqında danışanda insanlar etiraz edirlər. Söhbət milyonlar tərəfindən dinlənilməsi deyil. Bəli, söz yox ki, bu cür mahnılara qulaq asanlar aşağı zövq, təhsil səviyyəsi olan insanlardır. Bu başqa problemdir. Bizim problemimiz isə hər hansı bir mahnının çox dinlənilməsinə görə incəsənət əsərinə çevirmək cəhdidir. İncəsənətin meyarı istehlak ola bilməz. İncəsənətin öz meyarları var. İncəsənət tarixində buna minlərlə misal var. Ölümündən sonra məşhurlaşan, öz həqiqi qiymətini alan yüzlərlə əsər var. Mövzu bu deyil. Mövzu odur ki, populyarlıqla incəsənət olmur. Ya da, belə deyək: Ancaq populyarlıqla incəsənət olmur. Eləcə də populyarlıqla həkim olmaq olmur. Yaxşı həkim populyar ola da bilər, olmaya da bilər. Onu yaxşı həkim edən savadı, bacarığı, səriştəsidir, nəinki hər gün efirə çıxmağı...
Bəzən televiziyalar da reytinqi əsas götürərək bayağı verilişləri efirə verirlər. Qeyd etdiyimiz sxem burada da işləkdir. Populyar veriliş yaxşı veriliş demək deyil.
Bütün sahələrdə vəziyyət eyni cürdür. İdman sahəsi də eləcə. Çaqayev nə ilə məşhurlaşdı? Bu şəxs yaxşı məşqçi ola da bilər, olmaya da. Mənim buna qiymət vermək səlahiyyətim və qabiliyyətim yoxdur. Ancaq onu məşhur edən "TikTok"dakı çıxışlardır. Bu çıxışların, oyunbazlıqların onun əsl qabiliyyətini ifadə etmədiyi isə çox məlum bir həqiqətdir.
Dubay şokoladı fırtınasını görürsünüzmü? Bu şokoladın sözün həqiqi mənasında dadlı olduğunu bilirikmi? Əlbəttə ki, yox... Mütəxəssislər bu fırtınanın qısamüddətli olacağını deyirlər. Ancaq bu, heç kimin vecinə deyil. Sabah da başqa bir şey çıxacaq. O məşhur olacaq, Dubay şokoladı unudulacaq. Arada isə adi bir şokolada 50-60 manat verənlər qalacaqlar. İnsanlar bu şokoladı niyə yeyirlər? Hamilə bir qadının "kəşfi" olan bu şokolad həqiqətən ləzzətlidirmi? Buna yeyənlər cavab versinlər. Sadəcə olaraq hamımıza bəlli olan kiçik bir həqiqət var. O da bu fırtınanın varlığıdır. Hamı ondan yeyir. Hamı ondan yeyirsə deməli yaxşıdır. Onda, biz də girişək. Yedik, xoşumuza gəlmədi, eybi yox. Düşmən bizi alverdə görsün. Vəssalam Həyat da beləcə davam edir...
Seçilən
6
50
oxu.az

10Mənbələr