Polis Tbilisinin Çavçvadze prospektində seçkinin nəticələrinə qarşı etiraz aksiyasını dağıtmağa başlayıb...
Poliqon xəbər verir ki, bu barədə “Novosti-Georgia” portalının məlumatında bildirilir.
Məlumatda qeyd edilir ki, Daxili İşlər Nazirliyinin yüzlərlə əməkdaşı, patrul polisi, kriminal polis, xüsusi təyinatlılar nümayişçiləri Tbilisi Dövlət Universitetinin birinci korpusundan uzaqlaşdırıblar.
Artıq polis və kommunal xidmət işçiləri nümayişçilərin çadır şəhərciyini təmizləməyə başlayıblar. Əraziyə evakuator gətirilib, görünür ki, onun köməyi ilə iki mikroavtobusu ərazidən aparacaqlar.
Səlahiyyətlilər daha sonra yazılı açıqlama yayıblar. Bildirilib ki, mitinq iştirakçılarına “etirazlarını qeyd etmək üçün kifayət qədər vaxt” verilib. İndi onlar nəqliyyatın hərəkətini bərpa etmək, kommunal xidmətlərin normal fəaliyyətini və vətəndaşların adi həyat ritmini təmin etmək üçün qanunla nəzərdə tutulmuş tədbirləri görməyə məcburdurlar.
Qeyd edilir ki, Tbilisinin mərkəzində keçirilən etiraz aksiyasının dağıdılması zamanı parlament seçkilərinin nəticələrinə etiraz edən bir neçə etirazçı saxlanılıb.
Saxlanılanların dəqiq sayı hələlik məlum deyil. İlkin məlumata görə, ən azı on nəfər var. Saxlanılanlar arasında müxalif “Mtavari” telekanalının operatoru Serqi Baramidzenin də olduğu məlum olub. Həmkarları Baramidzenin döyüldüyünü və kamerasının sındırıldığını vurğulayırlar.
Hadisə yerində olan Daxili İşlər Nazirliyinin nümayəndələri jurnalistlərə izah ediblər ki, həbslər inzibati əsasda, çox güman ki, xuliqanlıq və polisin tələblərinə tabe olmamaq səbəbindən baş verir. Nümayişçilər deyirlər ki, onlara qarşı dəfələrlə güc tətbiq edilib. Ən azı iki nəfər yaralanıb.
Qeyd edək ki, parlament seçkilərinin nəticələrinə etiraz aksiyası noyabrın 17-də axşam saatlarında başlayıb. Etiraz aksiyasına “Birlik-Milli Hərəkat”la koordinasiyalı “Dəyişiklik Koalisiyası” rəhbərlik edib. Nümayişçilər Tbilisinin mərkəzindəki ən mühüm nəqliyyat qovşaqlarından birində, Varazixevi, Çavçavadze, Melikişvili, Kekelidze küçələrinin kəsişməsində çadırlar qurublar.
Poliqon.info