AZ

Bakı konfransının emissiya çağırışı

5 ildə karbonu 42 faiz azaldaq!

2030-cu ilə qədər istixana qazı emissiyaları 42 faiz azaldılmalıdır. Bunu Bakı iqlim konfransında keçirilən nazirlərin qlobal iqlim şəffaflığı üzrə “dəyirmi masası”nda BMT Baş katibinin müavini, qurumun Ətraf Mühit Proqramının icraçı direktoru İnqer Andersen bildirib.

O deyib ki, 2023-cü ildə qlobal karbon dioksid emissiyaları çoxsaylı beynəlxalq öhdəliklərə baxmayaraq, 1,3 faiz artıb. 2035-ci ilə qədər istixana qazı emissiyalarını 57 faiz azaltmaqla böyük irəliləyiş əldə etmək imkanının olduğunu vurğulayan icraçı direktorunun sözləinə görə, bu, genişmiqyaslı bir çağırışdır, lakin mümkündür: “Əgər buna nail ola bilməsək, nəticələr fəlakətli olacaq. Bəşəriyyət iqlim dəyişiklikləri ilə mübarizədə yanlış istiqamətdə hərəkət etməyə davam edir”.

Emissiyaların azaldılması günəş və külək enerjisindən istifadənin artırılması, meşələrin qırılmasının azaldılması, meşə sahələrinin bərpası və idarə edilməsi, eləcə də metan emissiyalarının azaldılması strategiyalarının həyata keçirilməsi və dövri iqtisadiyyat prinsiplərinin tətbiqi ilə mümkündür.

Qlobal səfərbərlik üçün məhz bu vaxtın ən doğru zaman olduğunu vurğulayan İnqer Andersen bildirib: “Bizə konkret sektoral və milli hədəfləri, real keçid yollarını, siyasətləri və maliyyələşdirməni nəzərdə tutan yeni öhdəliklər lazımdır. Bu tədbirlərin uğuru, verilmiş vədlərin yerinə yetirilməsinin izlənməsinə imkan verən tam şəffaflıqdan asılıdır”.

Proqram rəhbəri Paris Sazişi çərçivəsindəki Şəffaflıq Sistemi haqqında razılaşmanın iqlim dəyişikliyi ilə mübarizədə irəliləyişin dəqiq məlumatlarla təmin edilməsi və etimadın yaradılmasında mühüm rol oynadığını xüsusi vurğulayıb.

Seçilən
10
xalqqazeti.az

1Mənbələr