“Bütün mənfi təşəbbüslərə rəğmən Azərbaycanda yüksək səviyyədə baş tutan COP29 sammiti fonunda ölkəmizə qarşı təzyiqlər daha da artır. Sammitdən sonra Qərbin Bakıya qarşı kampaniyanı gücləndirəcəyi proqnozlaşdırılır. Avropa İttifaqı və bəzi siyasi dairələrin Azərbaycanı ekologiya və iqlim məsələsi deyil, məhz siyasi mövzuda sıxışdırmağa çalışması diqqət çəkir. Bakıda iqlim dəyişikliyi ilə bağlı vacib sammitin keçirildiyi müddətdə keçmiş qondarma rejimin separatçıları haqda çağırışlar edilir. Azərbaycana qarşı əsassız ittihamlar səsləndirilir”.
“COP29 BMT-nin ən ümdə, ümumiyyətlə dünya miqyasında ən ali tədbirlər sırasındadır. Dünyanın aktual problemləri, o cümlədən iqlim dəyişikliyi məsələsi müzakirə olunur. Bu tədbirdə Azərbaycan belə bir tədbirə möhtəşəm səviyyədə ev sahibliyi edir. Qeyd etmək lazımdır ki, bu tədbir üçün 80-dən çox dövlət və hökumət başçıları iştirak etdi. 70 mindən isə çox nümayəndə qeydiyyatdan keçdi. Demək olar ki, hər kəs bu tədbirin təşkilatından, bu tədbirdə əldə olunan nəticələrdən yüksək səviyyədə razılığını bildirdi. Həm BMT-nin baş katibi Antonio Qutyereş də Britaniya rəhbərliyi, həmçinin digər dövlətlərin rəhbərləri də razılıqlarını bildirdilər. Bunlara rəğmən biz Qərbin bəzi dairələrində hələ də Azərbaycana qarşı təzyiqlərin davam etdiyini görürük. Bu təzyiqlər COP-dan əvvəl də var idi, COP ərəfəsində daha da artdı və böyük ehtimalla COP-dan sonra da davam edəcək”.
Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Sultan Zahidov deyib.
Siyasi şərhçi qeyd edib ki, bu da təbii ki, Qərbin bəzi dairələrinin ikiüzlü siyasətindən, riyakar standartlarından irəli gəlir.
“Çünki aydın məsələdir ki, Azərbaycanın burada tənqid olunası yox, əksinə, təqdir olunası töhfəsi var. Azərbaycan həm dünya birliyini qlobal problemlərin ekoloji problemlərin həllinə səfərbər etmiş, eyni zamanda da qlobal atəşkəs naminə çağırış elan edərək bütün dünya ölkələrini sülhə çağırmışdır. Bütün dünya ölkələri arasında münaqişələri kənara qoyaraq qlobal problemlərin həllinə fokuslanmağa çağırmışdır. Lakin biz görürük ki, yenə də Qərb ikili standartlara dayanaraq, Azərbaycana qarşı əsassız kampaniyalar, dezinformasiyalar aparmağa davam etməkdədir. Burada sözsüz ki, erməni təəssübkeşliyi əsas faktordur. Prezidentin köməkçisi Hikmət Hacıyev ötən dəfə müsahibədə bildirdi ki, erməni dairələrinin burada izi var və sözsüz ki, bu erməni izi Qərbin anti-Azərbaycan propaqandasının bünövrəsində yer alan faktorlardan biridir. Başqa bir faktor da Qərbin məkrli Cənubi Qafqaz siyasətidir ki, bu siyasətin əsasında da Qərbin bəzi ölkələrinin regionda öz təsir dairələrini genişləndirmək istəyi dayanır. Təbii ki, Azərbaycan kimi ölkələr onların iradəsinə tabe olmadıqlarına görə və eyni zamanda, Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra yaratdığı geosiyasi reallığı Qərbin bəzi dairələri həzm edə bilmədiyinə görə Azərbaycana qarşı bu əsassız kampaniyanı aparırlar. Əslində Qərb qeyd etdiyim kimi, ikiüzlü siyasət yürüdür”.
“ Bir tərəfdən Azərbaycanın enerji və tranzit imkanlarına olan ehtiyacını dərk edərək Azərbaycanla normal münasibətlərin imitasiyasını yaradır. Misal üçün, 2022-ci ildə Rusiya- Ukrayna müharibəsindən heç altı ay keçməmiş Avropa Komissiyasının rəhbəri Bakıya gəldi. Azərbaycanla enerji sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı və bu bəyannamə çərçivəsində Azərbaycan Avropaya qaz nəqlini 2027-ci ilə qədər 20 milyard kubmetrə çatdırmaq öhdəliyini götürdü. Bu, bir daha Avropanın Azərbaycana ehtiyacı olduğunu göstərir. Avropanın enerji təhlükəsizliyində Azərbaycanın artan rolunu göstərir. Ancaq digər tərəfdən də biz görürük ki, siyasi müstəvidə Azərbaycana qarşı ədalətsiz kampaniyanı həyata keçirirlər. Yəni bir tərəfdən normal münasibət göstərməyə çalışır, digər tərəfdən də Azərbaycana qarşı xain siyasət yürüdür. Bu da əslində Qərbin xislətinin nümunəsidir”.
S. Zahidov sonda vurğulayıb ki, ikili standartlar, riyakar siyasət yalnız öz məkrli niyyətlərini həyata keçirmək istəyi və Qərbin uzun illər ərzində həyata keçirdiyi kolonializm, imperializmin izlərinin hər birini onların Cənubi Qafqaz siyasətində görə bilərik: