AZ

Namaz qılmağımızi gizlətməliyik? - Tural İrfan yazır

Son zamanlar İslamın mahiyyətindən, əxlaqından, mənəviyyatından uzaq namaz qılanlar görürəm. Yaşamından qətiyyən İslam ətri gəlməyən şəxslər "qıldığım namaz haqqı" deyə - deyə haram işləyir, "getdiyim həccə and olsun" deyə - deyə camaatı aldadır, "oxuduğum Quran şahid olsun" deyərək yalançı şahidlik edir və dini öz çirkin əməllərinə alət, qalxan, sipər edirlər.
Bu dünyanı çapıb talayan bəziləri eşidəndə ki, o biri tərəfdə daha gözəl dünya var, tamahından oranı da əldə etmək üçün öz aləmlərində sanki Allahla alver etmək eşqinə düşüblər. Yəni, biz Allaha namaz verəcəyik, o da bizə axirətdə Cənnət nemətləri. Ay hay...
Maun surəsində Allah təala o namaz qılanlara buyurub "Vay olsun o namaz qılanlara!" Vay olsun təbiri Quran müfəssirlərinə görə lənətdən daha ağır nifrindir. Hətta İblisə belə "vay olsun" deyilməyib, amma saxta namaz qılanlara deyilib.
Quranda Haqq təala buyurur ki, Allahın rəngi ilə boyanın. Allahın rəngi ilə boyanmaq ilahi dəyərləri yaşadaraq mənəvi kamilliyə can atmaqla, əxlaqi keyfiyyətləri inkişaf etdirməklə olur. Əks halda Malik Əştəri zəhərlədən Muaviyyə də namaz qılırdı, İmam Hüseynin başını nizəyə taxdıran Yezid də namaz "qılırdı". Hətta İmam Əli ilə vuruşan, sonra da onun başına zəhərli qılınc vurub şəhid edən xaricilərin əksəriyyəti Quranı əzbər bilirdi, gecələr namaz qılmaqdan dizləri keçinin dizləri kimi qabar bağlamışdı. Ancaq onların hafiz-Quran olmaqları, namaz qılmaqları fayda vermədi. Tarixdə belə adları qalmadı. Quranı hifz etsələr də mahiyyətini, məramını, məqsədini hifz edə bilməmişdilər. Namaz qılsalar da ibadətin dəyərindən, təsirindən binəsib qalmışdılar. Bax, bunlar da elədilər...
Fəqət Peyğəmbərin bir səhabəsi kafirlikdən iman gətirərək müsəlman kimi ilk namazını qılmağa macal tapmamış, ömründə Ramazan orucu tutmamış, zəkat verməmiş, Qurban kəsməmiş, həcc etməmiş, hətta cənabət qüslü belə almağa fürsət tapmadan cihad səfərinə yollanaraq qısa zamanda şəhid düşmüşdü. Peyğəmbər buyurdu ki, onu mələklər qüsl etdi və o artıq Cənnətlik oldu. O şəxs səhabə Hənzələ bin Amir idi.
Bizim şəhidlərimizin də içində namaz qılmayan, oruc tutmayanlar vardı. Amma onlar Vətən, torpaq, din, mənəvi dəyərlər uğrunda şəhid olmaqla Cənnəti qazandılar. Yəni, axirət təkcə namazla, orucla, həccə getməklə qazanılmır, bəzən o neməti Allah özü ən asan yolla nəsib edir, heç namaz qılmasan da. Amma illərlə namaz qılanlar var ki, axırda Cəhənnəmlik olacaq dünyadan rədd olur.
Adamlar var, namaz qılır, çirkin yollarını davam etdirir, hələ bir namazını da reklam edir. Heç olmasa o ibadəti gizlət ki, insanlar sənin pis əməllərinlə namazını müqayisə edib dindar, mömin obrazını təsəvvür edəndə gözlərinin özünə sən gəlməyəsən. Hələ bir çoxları da dini, İslamı elə saxtakarların timsalında təsəvvür edib tənqid edirlər, çamur atırlar.
Riyakar, əxlaqsız, ləyaqətsiz adamların namaz qılması namazı çirkaba batırmaq deməkdir. Onlar namazla təmizlənmirlər, namazı murdarlayırlar.
Tural Irfan, İlahiyyatçı
Seçilən
16
news365.az

1Mənbələr