AZ

Tbilisidə Kəlağayı Festivalı

Gürcüstan paytaxtındakı M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində “Sazlı-sözlü kəlağayı günləri” adlı festival keçirilib.

Tədbirin təşkilatçıları kəlağayının tarixi, milli mədəniyyətinin təbliğindəki rolu və dünyada ona olan marağın artması barədə məlumat veriblər. Rustavi şəhər 18 nömrəli məktəbin şagirdlərinin ifa etdikləri milli rəqsləri, kəlağayı haqqında söylədikləri şeirləri tamaşaçılar alqışlarla qarşılayıblar.

Layihə çərçivəsində “Kəlağayı yaşıl dünyaya töhfədir” adlı sərgi də nümayiş olunub. Yaşı əsrlərə söykənən qədim kəlağayılarla yanaşı, Şəki və İsmayıllının Basqal qəsəbəsinin istehsalı olan müasir kəlağayılar, eləcə də “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri Güllü Eldar Tomarlının əl işləri sərgidə nümayiş etdirilib.

Muzeyin eksponatları arasında həmçinin üzərində Mirvarid Dilbazi, Pənahəli xan, Aşıq Ələsgər, Üzeyir Hacıbəyli, Xan qızı Natəvan, Qasım bəy Zakirin portretlərinin həkk olunduğu kəlağayılar yer alıb. Vətən Müharibəsi şəhidi Orxan Məhərrəmovun bacısı Nuray Nəbiyevaya Mirvarid Dilbazi Poeziya Məclisi tərəfindən qırmızı rəngli Basqal kəlağayısı hədiyyə olunub.

Xatırladaq ki, Azərbaycan kəlağayısı 2014-cü ildə UNESCO-nun Bəşəriyyətin qeyri maddi mədəni irsi üzrə Reprezentativ Siyahısına daxil edilib.

Fidan SALMANOVA
XQ

Seçilən
30
xalqqazeti.az

1Mənbələr