AZ

Elçin Məsiyev də millimizə “kömək edə bilmədi”

Azərbaycanlı FIFA referisi Elçin Məsiyev futbol üzrə UEFA Millətlər Liqasının qrup mərhələsinin oyununu idarə edib.

Arena.az xəbər verir ki, o, C Liqasının 3-cü qrupunun sonuncu – 6-cı turu çərçivəsində keçirilmiş Lüksemburq – Şimali İrlandiya oyununun baş hakimi olub.

Ona bu oyunda yan xətt hakimləri Elşad Abdullayev və Pərvin Talıbov kömək ediblər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirib. Matçın VAR hakimləri İngiltərədən Peter Benks və Endryu Medli olublar.

Qarşılaşma məhsuldar keçiblər. Komandalar hərəyə 2 qol vurduqları bu oyundan 1 xalla ayrılıblar – 2:2. Qonaqlar 19 və 50-ci dəqiqələrdə vurduqları qollarla üstünlük qazansalar da, bunu əldən veriblər. 72-ci və 75-ci dəqiqələrdə fərqlənməyi bacaran meydan sahibləri məğlubiyyətdən xilas ola biliblər.

Elçin Məsiyev bu oyunda əlini üç dəfə cibinə atmalı olub. O, meydan sahiblərinin 1, qonaqların 2 futbolçusuna sarı vərəqə göstərib.

Bu, Elçin Məsiyevin baş hakim kimi əsas milli komandalar arasında idarə etdiyi üçüncü matç olub. O, ilk dəfə ötən il AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində İsveçrə – Andorra (3:0) qarşılaşmasını idarə edib. Həmçinin bu ilin martında Bakıda keçirilən Tanzaniya – Monqolustan yoxlama görüşündə (3:0) baş hakim Məsiyev olub.

Xatırladaq ki, Lüksemburq – Şimali İrlandiya qarşılaşması Azərbaycan milli komandası üçün də əhəmiyyət daşıyırdı. C və D liqalarının komandaları arasında keçiriləcək pley-offa düşmək üçün Azərbaycan millisi bu gün səfərdə İsveçə qalib gəlməlidir. Digər qrupdakı Lüksemburq isə evdə Şimali İrlandiya ilə oyunda qələbə qazanmamalı idi. Lüksemburq öz meydanında 4-5 top fərqi ilə məğlub olsa, komandamızı son qarşılaşmada heç-heçə də qane edirdi. Amma lüksemburqlular yığmamıza bu şansı tanımadığı üçün, futbolçularımız bu gün İsveçlə səfər oyununda mütləq qələbə qazanmalıdılar. Əks halda pley-off şansı da əldən çıxacaq və Fernando Santoslu Azərbaycan millisi birbaşa D Liqasına düşəcək.

Seçilən
15
arena.az

1Mənbələr