AZ

“Dəmir Mayk” necə bərkidi?

Ayağa qalxan zaman dostların kim olduğunu bilirlər. Yıxıldığın zaman sən dostlarının kim olduğunu bilirsən.

Mayk Tayson

ABŞ-də əfsanəvi boksçu Mayk Taysonla ondan 30 yaş kiçik bloqer Ceyk Pol arasında keçirilən döyüş dünyada böyük əks-səda doğurub. Döyüş səkkiz raund davam edib və qarşılaşma 79-73 hesabı ilə 27 yaşlı bloqqerin qələbəsi ilə yekunlaşıb. 58 yaşlı Tayson 2005-ci ildən sonra ilk peşəkar döyüşündə məğlub olub. Döyüş rəsmi hesab olunduğundan nəticə tanınmış boksçunun karyera statistikasına daxil edilib. Amma bu məğlubiyyət Taysona 20 milyon ABŞ dolları qazandırıb.

Mayk Tayson həm idman, həm də bioqrafik baxımdan qeyri-adi boksçudur. Onun həyatı kitab və ya film üçün hazır süjetdir. O, 1966-cı ildə Nyu-York şəhərinin ən təhlükəli rayonunda – Braunsvildə anadan olub. Cinayət və yoxsulluqla əhatə olunmuş əlverişsiz məhəllədə böyüyüb. Tanınmış fotoqraf bu rayonu belə xarakterizə edir: “Braunsvildə belə bir deyim var: əgər 25 yaşın varsa, sən ya ölüsən, ya türmədəsən, ya da quldur həyatına son qoymusan”. Maykın 13 yaşında 38 dəfə həbs olunması bu faktı təsdiqləyir.

Kriminal mühitdən başqa, ailəsinin daimi yaşadığı ev də olmayıb: sökülməli olan evlərdə məskunlaşıb, istiliksiz, susuz və bəzən hətta işıqsız qalıb. Ailəyə anası baxıb, çünki Mayk heç vaxt atasını görməyib.

Gəncliyində Tayson heç ağlına gətirmirdi ki, vaxt gələcək planetin ən böyük boksçularından birinə çevriləcək. Çünki o, döyüşməyi belə bacarmırdı, amma küçə həyatı Maykı bunu öyrənməyə məcbur etdi. 2 il yetkinlik yaşına çatmayanlar üçün xüsusi məktəbə göndəriləndə orada bir vaxtlar perspektivli boksçu olan Bobbi Stüartın rəhbərliyi altında boksla məşğul olmağa başladı. 14 yaşlı Taysonu əfsanəvi məşqçi Kas D'Amatonun idman zalına gətirən də məhz Stüart oldu. Bundan sonra tanınmış məşqçi ilə istedadlı küçə cinayətkarının ortaq hekayəsi başladı, o, müəlliminə tamamilə etibar etdi və böyük bir idmançı adını qazandı.

1986-cı ildə, müəlliminin ölümündən sonra, 20 yaşında olan Tayson məşqçisi ilə birlikdə irəlilədikləri məqsədə çatdı – ağır çəkidə tarixin ən gənc dünya çempionu oldu. Onun sərt üslubu və böyük gücü ona “Dəmir Mayk” ləqəbini qazandırdı. 1980-ci illərin sonlarında Tayson boksda dominantlıq etdi, 400 milyon dollar qazandı.

1990-cı ildə Tayson Baster Duqlasa uduzaraq boks tarixindəki ən böyük məyusluqlardan birini yaşadı. Hüquqi problemlər, nəzarətsiz xərclər tezliklə onun həyatını məcradan çıxardı.

Tayson, həqiqətən, planetin ən sərt adamı olduğunu atdığı addımlarla da göstərdi. Qadınlara qarşı kobud davrandı. 1992-ci ildə qadına şiddətə görə həbs olundu. Həbsdə olarkən İslamı qəbul etdi, Malik Əbdül Əziz adını götürdü. Gücünü nümayiş etdirmək üçün üç bengal pələngini saxlamaq üçün 270 min dollar xərclədi.

2003-cü ildə Tayson iflas elan etdi. 400 milyon dollar qazanmasına baxmayaraq, məhkəmə çəkişmələri, yanlış idarəetmə və bədxərclik səbəbindən 23 milyon dollar borcu yarandı. Sonradan etiraf etdi ki, gənc, zəngin və axmaq olub.

Amma Mayk təslim olmadı. 2010-cu illərdə o, özünü bir sənətçi və sahibkar kimi yenidən kəşf etdi. Televiziyada “Mayk Taysonun tapmacaları” adlı animasiya şousunu təqdim etdi. Sonra “Danılmaz həqiqət” bestsellerini yazdı, “Veqasda subaylar yığıncağı” kimi filmlərdə rol aldı.

Tayson, eyni zamanda, “Mike Tyson ilə Hotbox” adlı podkast imperiyası da qurdu. Şouda məşhurlar, idmançılar və sahibkarlar iştirak edir və şou inanılmaz dərəcədə populyardır.

Bəs Tayson belə uğurlu geridönüşünə görə kimə minnətdar olmalıdır? Bunun səbəbi sadədir, Taysonun insanlarla əlaqə qurmaq qabiliyyəti onu bu qədər uğurlu nəticələr əldə etməyə kifayət etdi.

2024-cü il noyabrın 15-də Mayk Tayson Ceyk Pol ilə qarşılaşmaq üçün rinqə qayıtdı. Bu, “Netflix”in ilk canlı boks matçı idi və izləyici rekordları qırdı.

Döyüş 17,8 milyon dollardan çox gəlir gətirdi ki, bu da Veqasdan kənarda tarixdə ən yüksək gəlir gətirən boks hadisəsidir.

Ceyk Pol yekdil qərarla döyüşdə qalib gəldi. Tayson döyüşdən ən azı 20 milyon dollar qazandı. 58 yaşında Taysonun iştirakı onun ulduz gücünün hətta məğlubiyyətdə də bənzərsiz olduğunu sübut etdi.

Bu döyüş dünyaya Mayk Taysonun niyə boksda ən cəlbedici fiqurlardan biri olaraq qaldığını xatırlatdı.

Mayk Taysonun həyatı yenidən düşünmək üçün motivasiya hissi yaradır. Öncə 400 milyon dollar qazandı, sonra müflis oldu. Lakin sonradan özündə güc taparaq zənginləşdi. Bununla Tayson uğursuzluğun son hədd olmadığını sübut etdi. Özünün də dediyi kimi, “Ölməmisənsə, bu, heç də həyatın sonu deyil”.

Hazırladı:
S.ELAY
XQ

Seçilən
20
xalqqazeti.az

1Mənbələr