AZ

COP 29 və Qərbin ikili standartı

Hazırda Bakıda davam edən və 80-dən çox dövlət və hökumət başçısının iştirak etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası qlobal iqlim dəyişikliyi ilə mübarizə aparmaq və dünyadakı ekoloji problemləri həll etmək məqsədi daşıyır.

COP iqlim dəyişikliyi ilə mübarizədə ən əhəmiyyətli tədbirlərindən biridir və Azərbaycanın bu tədbirə Şərqi Avropa Qrupu ölkələri arasından yekdil qərarla ev sahibi seçilməsi ölkəmizə qarşı yüksək etimadın göstəricisidir. Bu barədə prezident İlham Əliyev öz çıxışında fəxrlə bildirib ki, COP29-a ev sahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək bizim üçün həqiqətən böyük şərəfdir. Biz bunu beynəlxalq ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə, o cümlədən, yaşıl enerji sahəsindəki fəaliyyətimizə hörmətinin əlaməti hesab edirik.

Hazırda isə Qərb mediasında COP29 məsələsində Azərbaycanla bağlı dezinformasiya xarakterli qərəzli və həqiqətə uyğun olmayan məlumatlar yayılır. Bir sıra Qərb ölkələrinin nümayəndələri və ətraf mühit fəalları konfransda iştirak etməyəcəklərinin səbəbini Azərbaycanın xammal ixracatçısı olması və bu ölkənin enerji siyasətinin iqlim dəyişikliyi ilə mübarizədə ortaya çıxan prinsiplərlə təzad təşkil etməsində olduğunu açıqlasalar da, bu, əslində qlobal iqlim məsələlərindəki ikili yanaşmaları gündəmə gətirir.

Azərbaycan, xüsusilə neft və qaz sahələrindəki böyük ehtiyatları ilə tanınır və bu sahədə dünya miqyasında mühüm oyunçudur, lakin ölkənin enerji diplomatiyası iqlim dəyişikliyi ilə mübarizə mövzusunda atılacaq konkret addımlarla qarşı-qarşıya gəlmir. 2022-ci il mayın 3-də prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” çox mühüm sərəncam imzalayıb. Ölkə yaşıl enerji sahəsində investisiyaları cəlb etmək üçün beynəlxalq investorlarla əməkdaşlıq edir.

COP konfranslarının tarixinə nəzər saldıqda isə, hər bir COP sammiti, əslində, qlobal iqlim dəyişikliyi ilə mübarizə və təbii resursların qorunması mövzusunda irəliləyiş əldə etmək məqsədini güdür. Son onilliklərdə bu konfranslara ev sahibliyi edən hər bir ölkə, eyni zamanda, dünya miqyasında xammal istehsalçısı və yanacaq ixracatçısı olub. Lakin bu vəziyyət iqlim dəyişkənliyinə qarşı real tədbirlərin görülməsi ilə əlaqədar ciddi təzadlara səbəb olmayıb.

2012-ci ildə COP18-ə ev sahibliyi edən Qətər dövləti dünyanın ən böyük təbii qaz istehsalçılarından biri olaraq iqlim dəyişikliyi ilə mübarizədə fəal iştirakçı idi. 2015-ci ildə Parisdə təşkil edilən COP21 iqlim dəyişikliyi ilə mübarizənin önəmli bir mərhələsi oldu. Paris Sazişi dünya ölkələrini karbon emissiyalarını azaltmağa və iqlim dəyişikliyini 2°C ilə məhdudlaşdırmağa çağırdı. Ancaq Paris Sazişini imzalayan və bu müzakirənin ən önəmli iştirakçılarından biri olan Fransa da öz enerji siyasətində hələ də fosil yanacaqlardan ciddi asılıdır. Fransız neft şirkətləri, məsələn, TotalEnergies, dünya üzrə müxtəlif regionlarda (Arktika, Afrika və s.) neft və qaz layihələrini həyata keçirməkdə davam edir.

Birləşmiş Krallıq 2021-ci ildə Qlazqoda COP26-nı keçirərək 2050-ci il üçün sıfır emissiya hədəfi qoydu. Lakin ölkənin beynəlxalq enerji bazarlarında böyük neft və qaz ticarətçisi olaraq fəaliyyət göstərməsi açıq-aydın ortadır. BP və Shell kimi iri neft şirkətləri hələ də böyük fosil yanacaq layihələrini həyata keçirir, onda bu amillər də Birləşmiş Krallığın iqlim dəyişikliyi məsələlərinə münasibətini məhdudlaşdıran bir faktor olaraq hesab olunmalı və sıfır emissiya hədəflərinə doğru irəliləyişin səmərəliliyini sual altına salmalı idi.

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) isə 2023-cü ildə COP28-ə ev sahibliyi etdi. BƏƏ də dünyanın ən böyük neft və qaz ixracatçılarından biridir. Bundan əlavə, ABŞ, Kanada, Rusiya və Avstraliya kimi digər mühüm fosil yanacaq istehsalçıları da COP konfranslarına ev sahibliyi edib, eyni zamanda iqtisadiyyatlarını enerji sektoru üzrə inkişaf etdirib. ABŞ, xüsusilə Texas və Dakota kimi bölgələrdəki neft hasilatını artırarkən, ətraf mühitin qorunması ilə bağlı mövqeyini dəfələrlə təhlil edib. Rusiya da həmçinin böyük neft və qaz ehtiyatlarına sahibdir və bu da onun iqlim siyasətinə qarşı həm daxili, həm də beynəlxalq təzyiqlərə qarşı tutduğu mövqeyi müəyyən edir. Avstraliya və Kanada isə, dünya miqyasında böyük kömür və neft ixracatçılarıdır, bu da onların COP müzakirələrindəki tutarlı yanaşmalarını məhdudlaşdıran faktor hesab olunmal idi.

Qərb ölkələrinin və ekoloji fəalların COP29-u boykot etməsi daha geniş mənzərədə qlobal iqlim siyasətinin təhlilini tələb edir. Bu iqlim dəyişikliyi ilə mübarizə mövzusunda qlobal cəmiyyətin nə qədər pərakəndə olduğunu və bu mübarizənin önəmli tərəfləri arasında hansı siyasi və iqtisadi çəkişmələrin mövcud olduğunu göstərir. Qərb öz enerji siyasətində ciddi dəyişikliklər etmədən yalnız özünün qlobal iqlim dəyişikliyi ilə mübarizədə liderlik etmək iddiasında olduqda, bu, təbii olaraq ikili standartlara səbəb olur.

Ölkələrin bu konfransda iştirakı öz milli maraqları və mövqelərini beynəlxalq aləmdə göstərmək, iqlim dəyişikliyinə qarşı səylərini legitimləşdirmək məqsədini təşkil edir. Xammal ixracatçısı olan dövlətlər də iqlim dəyişikliyi ilə mübarizə üçün qlobal səy göstərərək əməkdaşlıq etməlidir. Bu, həm də beynəlxalq münasibətlərdə daha geniş bir təsir və nüfuz qazanmaq məqsədini daşıyır.

ŞəbnəmZeynalova

Siyasielmlər üzrə fəlsəfə doktoru

Bakıvaxtı.az üçün

Seçilən
20
bakivaxti.az

1Mənbələr