AZ

Ermənistanda istefalar...

Baş verənlər siyasi elita daxilindəki gərginliyin əksidir

“İqtisadi və geosiyasi çağırışlar fonunda Ermənistan hökuməti vəziyyəti sabitləşdirə bilməsə, daha ciddi problemlərlə üzləşə bilər”


  Ermənistan hökumətində istefa dalğası başlayıb. İlk olaraq ölkənin infrastruktur naziri və Dövlət Gəlirləri Komitəsinin rəhbəri - Qnel Sanosyan və Rüstəm Badasyan Baş nazir Nikol Paşinyanla sərt söhbətdən sonra istefa ərizəsi yazıblar. Onlardan sonra Daxili İşlər Nazirliyinin rəhbəri Vahe Kazaryan da istefa verib. Ardınca İstintaq Komitəsinin rəhbəri Argişti Kərəmyan həmkarlarından nümunə götürüb. Ermənistan Ali Məhkəmə Şurasının sədri Karen Andreasyan və Korrupsiyaya qarşı Komitəsinin sədri Sasun Xaçaturyan da istefa veriblər. Bütün bunların Paşinyanın Nazirlər Kabinetinin iclasında təhlükəsizlik qüvvələrinə verdiyi son töhmətdən sonra baş verməsi diqqət çəkib. Erməni deputat Tiqran Abramyan deyib ki, Ermənistan Baş naziri Nikol Paşinyanın təşəbbüsü ilə baş verən kütləvi istefalar seçkiqabağı proses məntiqi kimi anlaşılmalıdır. Onun fikrincə, hakimiyyət bu yolla yeni imic ortaya qoymağa çalışır: “Təraş məsələsi də (Paşinyanın saqqalını təraş etməsini nəzərdə tutur – red.) bu baxımdan simvolikdir və təsadüfi deyil. Mümkündür ki, bununla hansısa mesajlar verib”. Yerli media və müxalifət Nikol Paşinyanın erkən parlament seçkilərinə hazırlaşdığını iddia edib. 
  Siyasi şərhçi Elçin Alıoğlu bildirib ki, kütləvi kadr dəyişikliklərinin əsas səbəbi Paşinyanın güc strukturlarının işindən narazılığı olub. Ekspertə görə, xüsusilə Sanosyan və Badasyanın istefalarından əvvəl onların çağırılması və "sərt müzakirə" aparılması diqqət çəkib: 

"Güc qurumlarının işinə edilən tənqid daxili böhran və xarici təzyiq fonunda daha da artıb. Korrupsiyaya qarşı mübarizə və hüquq-mühafizə orqanlarının zəif fəaliyyəti, infrastruktur layihələrinin idarə edilməsindəki çatışmazlıqlar, eləcə də vergi orqanlarının dövlət büdcəsinə kifayət qədər gəlir təmin edə bilməməsi bu qərarların əsas səbəblərindən biri ola bilər.
  Kütləvi istefaların Paşinyanın azalan reytinq fonunda hökumət üzərində şəxsi nəzarətini gücləndirmək cəhdi ilə əlaqəli olması istisna edilmir. Bu, həmçinin hökumət strukturlarını yenidən təşkil etməklə artan daxili və xarici çağırışlara cavab vermək niyyətinin göstəricisi ola bilər. Kütləvi istefalar əsas qurumların müvəqqəti zəifləməsinə səbəb ola bilər. Siyasi sabitliyin olmadığı və müxalifətin təzyiq göstərdiyi şəraitdə bu, dövlət idarəçiliyində xaosla nəticələnə bilər".
  Analitik vurğulayıb ki, istefaya göndərilən şəxslərin yerinə daha loyal kadrların təyin edilməsi Paşinyanın təsirini artıra bilər: "Lakin bu, müxalifət və ictimaiyyət tərəfindən daha çox suallar doğuracaq. Bu addımlar həm ölkə daxilində, həm də beynəlxalq arenada hakimiyyətə olan inamı sarsıda bilər. İqtisadi və geosiyasi çağırışlar fonunda Ermənistan hökuməti vəziyyəti sabitləşdirə bilməsə, daha ciddi problemlərlə üzləşə bilər. İstefalar Ermənistan siyasi elitası daxilindəki gərginliyin əksidir. Yaxın günlərdə gözlənilən yeni təyinatlar göstərər ki, Paşinyan bu vəziyyətdən hökumətini gücləndirmək üçün istifadə edə biləcək, yoxsa bu, onun siyasi zəifləməsinin başlanğıcı olacaq".

Seçilən
9
sherg.az

1Mənbələr