AZ

COP29 çərçivəsində “Vahid Sağlamlıq Konfransı” keçirilir

Bu gün Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Vahid Sağlamlıq Konfransı” öz işinə başlayıb.

Bizim.Media xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədrinin müavini Zəkiyyə Mustafayeva bildirib ki, “Vahid Sağlamlıq” konsepsiyası ekosistemin bütün hissələrinin vəhdətinə əsaslanan, insanların, heyvanların və ətraf mühitin problemlərini ayrı-ayrılıqda deyil, birgə nəzərdən keçirərək, bu kompleksin sağlamlığını tarazlaşdırmaq və optimallaşdırmaq məqsədilə qaldırılan, inteqrasiya olunmuş vahid yanaşmadır. Konsepsiya xüsusilə qida və su təhlükəsizliyi, qidalanma, zoonoz xəstəliklərə nəzarət, çirklənmənin idarə edilməsi və antimikrob rezistentliklə mübarizə istiqamətlərində olduqca aktualdır.

Bu konsepsiya cəmiyyətin müxtəlif sahələrində bir çox sektorları birgə işləməyə səfərbər edir.

Konsepsiyanın istər milli, istərsə də beynəlxalq səviyyədə icrasını məhsuldar həyata keçirmək, qarşıya qoyulan məsələlərə çatmaq, problemlərin həlli, o cümlədən insan, heyvan və ətraf mühitdə qarşıya çıxa biləcək təhdidlərin öncədən görülməsi və qarşısının alınması üçün səhiyyə, ətraf mühit sağlamlığı, kənd təsərrüfatı və qida təhlükəsizliyi kimi müxtəlif sektorların qarşılıqlı fəaliyyət göstərməsi vacib şərtlərdəndir. Buna görə də ölkəmizdə ictimai sağlamlığın qorunması bu sahədə rolu olan hər bir təşkilatın vəzifəsi hesab edilir. Planetin canlı aləminin qorunması üçün tətbiq olunan “Vahid Sağlamlıq” konsepsiyası çərçivəsində ölkəmizdə mühüm addımlar atılır.
 

Z.Mustafayeva vurğulayıb ki, AQTA-nın məqsədi sözügedən konsepsiya çərçivəsində ictimai sağlamlıq üçün təhlükə yaradan, təbiətə və ətraf mühitə ziyan vuran, habelə ciddi iqtisadi itkilərə səbəb olan problemlərə qarşı ən effektiv izləmə və mübarizə üsullarını icra etmək üçün bu yanaşmanın milli səviyyədə icrasına təkan vermək, digər əlaqəli qurumlarla birgə əməkdaşlığı daha da genişləndirməkdir. Z.Mustafayeva bu çərçivədə zoonoz xəstəliklərlə bağlı problemlərin həlli üçün “Azərbaycan Respublikasında “Vahid Sağlamlıq” konsepsiyası tətbiq edilməklə zoonoz xəstəliklərin qarşısının alınması və nəzarətin gücləndirilməsinə dair 2025-2030-cu illər üzrə Milli Strategiya” layihəsinin hazırlandığını diqqətə çatdırıb.


Tədbirdə daha sonra mövzuya uyğun təqdimatlar olub. Eyni zamanda, sözügedən Milli Strategiya üzrə panel müzakirə keçirilib. AQTA-nın, Səhiyyə Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin, ADA Universitetinin, həmçinin bir sıra digər aidiyyəti qurumların, o cümlədən müxtəlif elmi-tədqiqat mərkəzlərinin, universitetlərin nümayəndələrinin iştirak etdiyi müzakirədə Strategiya barədə ətraflı məlumat verilib.

Sənəddə Azərbaycanda zoonoz xəstəliklər riskinə, qida ilə bağlı təhlükələrə və qida mənşəli xəstəliklərə, antimikrob müqaviməti təhlükəsinə, zoonoz xəstəliklərə qarşı mübarizəyə və onların aradan qaldırılması üçün xüsusi tədbirlərə və digər məsələlərə geniş yer verildiyi bildirilib. Strategiyada əksini tapan məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirin işi ilə bağlı sonda yekun müzakirələr aparılaraq müvafiq qərarlar qəbul olunacağı gözlənilir.

Bizim.Media

Seçilən
34
5
bizim.media

7Mənbələr