AZ

“Azəriqaz” hansı hallarda abonentləri cərimələyə bilər? - Rəsmi AÇIQLAMA

Bildiyimiz kimi, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən evlərə müəyyən texniki baxış keçirilir. Bu kimi tədbirlər vətəndaşlarda bəzi suallar yaradır.

Maraqlıdır, evlərə texniki baxış zamanı aşkarlanan hər hansı qanun pozuntusu və ya qanundankənar müdaxilə zamanı vətəndaşa hər hansı bir cərimə tətbiq oluna bilərmi?

Valyuta.az xəbər verir ki, məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən “Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi Eldəniz Vəliyevin sözlərinə görə qurumun cərimə yazmaq kimi funksiyası yoxdur:

“Ancaq bəzi hallar var ki, həmin hallarda vətəndaş dəymiş ziyanı ödəməlidir”.

Bəs həmin hallar hansılardır?

Qurum rəsmisi məsələni belə izah edib:

“Texniki baxışlar texniki şərtlərin ilkin hallarından kənara çıxmanın yoxlanışı ilə bağlıdır. Texniki şərtlərə hansı xəttin haradan keçməsi, hansı qaz qurğularının istifadə olunması kimi hallar öz əksini tapır. Əgər abonent boru xətlərinin, mətbəxin yerini dəyişirsə, texniki şərtlərdə nəzərdə tutulan qaz cihazlarından əlavə cihazları istifadə edirsə, bu zaman texniki şərtlərdən kənara çıxılmaqla bağlı akt tərtib olunur.

Bu akt həm abonentdə, həm də “Azəriqaz” İB-də olur. Abonentə bir ay vaxt verilir ki, həmin texniki şərtdən kənara çıxma hallarını bərpa edib, ilkin vəziyyətinə qaytarsın. Əgər həmin 1 ay müddətində abonent aktda əksini tapan nöqsanların aradan qaldırılmasını həyata keçirməyibsə, Nazirlər Kabinetinin 80 saylı qərarına əsasən abonentə qazın verilişini dayandırırıq”.

Eldəniz Vəliyevin sözlərinə görə əgər kənar müdaxilələr, qoşulma halları olursa, “Azəriqaz” İB həmin neqativləri aşkar edirsə, bu zaman sayğacın, istifadə olunan qaz  qurğularının növü nəzərə alınmaqla ortalama qiymət çıxarılır və dəymiş ziyan abonentə təqdim olunur.

Yəni, ancaq  dəymiş ziyan hesablanıb təqdim olunur. Bir sözlə “Azəriqaz” cərimə yaza bilməz”, -deyə qurum rəsmisi əlavə edib.

Seçilən
52
1
valyuta.az

2Mənbələr