AZ

“Təhsil və təqaüdlərin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında rolu” mövzusunda müzakirə - FOTOLAR

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Təhsil və təqaüdlərin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında rolu” mövzusunda müzakirə keçirilib. SİA xəbər verir ki, müzakirədə çıxış edən Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov iqlim dəyişikliklərinin təhsilə təsirinin aktual məsələlərdən biri olduğunu vurğulayıb. O, Fondun tərəfdaşları sırasında “NEQSOL Holding”, STP Şirkətlər Qrupu, SOCAR, bp kimi böyük enerji şirkətlərinin olduğunu və onların hər birinin yaşıllaşdırma, təhsil vasitəsilə maarifləndirmənin artırılması, yaşıl bacarıqların, dəyərlərin formalaşdırılması sahəsində mühüm addımlar atdığını diqqətə çatdırıb. Xüsusilə təhsil sahəsində dövlət və özəl sektor əməkdaşlığının önəmini vurğulayan Elnur Nəsibov maraqlı tərəfləri bu sahədə birgə tərəfdaşlığa dəvət edib.

“NEQSOL Holding Azərbaycan” ofisinin rəhbəri İmran Əhmədzadə iqlim dəyişikliklərinin aradan qaldırılmasında təhsilin vacib rolu olduğunu vurğulayıb. O qeyd edib ki, “NEQSOL Holding” hər zaman təhsillə bağlı təşəbbüsləri dəstəkləyib. Bu şirkətlər qrupu Azərbaycanda bir neçə təhsil müəssisəsinin təmirini həyata keçirib, tələbələrə təqaüdlərin verilməsində iştirak edib. Təhsilin İnkişafı Fondu ilə birgə həyata keçirilən “Parla” təqaüd və inkişaf proqramı da uğurlu nümunələrdən biridir. İmran Əhmədzadə təhsillə bağlı məsələlərin həllinin təkcə dövlətin üzərinə düşməli olduğunu deyil, özəl qurumların da bu istiqamət üzrə təşəbbüskar olmalarını və dövlətlə sıx əməkdaşlıq etmələrini bildirib.

Ümumdünya Səhiyyə Təşkilatı Fondunun Baş icraçı direktoru Anil Soni insanların, xüsusilə gənclərin bəzən özlərini iqlim dəyişikliyinin təsirlərindən kənarda gücsüz hiss etdiklərini qeyd edib. Bu təsirlərin aradan qaldırılması üçün hazırda yeni imkanlar axtarıldığını vurğulayan Anil Soni əlavə edib ki, hamı iqlim dəyişikliyinin kəskin təsirinin olmaması üçün çalışmalı, bunun üçün hansı imkanlar yarada biləcəyini araşdırmalıdırlar. Anil Soni bütün bu məsələlərin bir fərd və ya bir qrup tərəfindən təkbaşına həll edilə bilməyəcəyini və insanları potensiallarının imkanlarından daha geniş istifadə edərək, bu çağırışlara cavab verməyə səsləyib.

“NEQSOL Holding”in departament rəhbəri Dilarə Cəfərli tədqiqatlara əsasən, yoxsulluğun aradan qaldırılmasında təhsilin dəyişdirici güc olduğunu bildirib. O, qızlara təhsilin verilməsi ilə bağlı təşəbbüslərin davamlı təsirlər yaratdığını, o cümlədən iqtisadi şəraitin, sağlamlıq göstəricilərinin yaxşılaşdırılması və cəmiyyətin rifahının gücləndirilməsinə töhfə verdiyini vurğulayıb.

Tədbirdə daha sonra iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.

Seçilən
26
6
sia.az

7Mənbələr