AZ

COP29 çərçivəsində "Baku Harmoniya" iqlim təşəbbüsünün təqdimatı keçirilib

COP29 çərçivəsində "Baku Harmoniya" iqlim təşəbbüsünün təqdimatı keçirilib.

Olaylar xəbər verir ki, COP29 çərçivəsində "Fermerlər üçün Baku Harmoniya iqlim təşəbbüsünün təqdimatı: İqlim dəyişikliyinə qarşı dayanıqlığın artırılması üçün fermerlərin imkanlarının genişləndirilməsi" mövzusunda tədbir təşkil edilib.

COP29-un prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev tədbirdə çıxış edərək bildirib ki, Azərbaycan aqrar-ərzaq sisteminə yatırımları daha cəlbedici etmək niyyətindədir.

"Biz aqrar-ərzaq sisteminə yatırımları daha cəlbedici etmək istəyirik. Çoxşaxəli inkişaf bankları və özəl banklarla əməkdaşlıq edərək dayanıqlı əkinçilik üçün maliyyə vəsaitləri cəlb edə biləcəyik. Bu prosesdə tərəfdaşlıq əsas amil olacaq", - deyə o vurğulayıb.

O əlavə edib ki, "Baku Harmoniya" iqlimə dayanıqlı kəndlərin yaradılmasına və fermerlərin iqlim dəyişikliklərinə uyğunlaşması üçün alətlər təqdim etməyə kömək edəcək:

"Biz fermerlərin, xüsusilə qadınlar və gənclərin mövqeyini gücləndirməyə çalışırıq. Onlar kənd icmalarının mərkəzində yer alır. "Baku Harmoniya" iqlimə dayanıqlı kəndlərin yaradılmasına və fermerlərin iqlim dəyişikliklərinə uyğunlaşması üçün lazımi alətlərin təmin edilməsinə dəstək olacaq".

Daha sonra Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, "Baku Harmoniya" kənd təsərrüfatı, ərzaq və su ehtiyatları sahəsində təşəbbüsləri, koalisiyaları və tərəfdaşlıqları birləşdirən mərkəzi platforma olacaq.

"Kənd təsərrüfatı qlobal səviyyədə əsas sektordur. Lakin kənd təsərrüfatı istehsalının önündə dayanan fermerlər iqlim dəyişiklikləri qarşısında ən həssas təbəqələrdən biridir. Onlar iqlim dəyişikliklərinin təsirini birbaşa və çox vaxt dərhal hiss edirlər. Temperaturun yüksəlməsi, qeyri-müntəzəm yağıntılar, torpağın deqradasiyası və su çatışmazlığı onların həyat tərzini təhlükə altına qoyur. Lakin qlobal iqlim dialoqlarında fermerlərə çox az diqqət yetirilir. Onlar iqlim dəyişikliklərinin təsirləri ilə ilk qarşılaşanlardır, lakin çox vaxt zəruri dəstəyi sonuncu olaraq alırlar. "Baku Harmoniya" təşəbbüsü bu vəziyyəti dəyişmək üçün sadiqliyimizi göstərir", - deyə o vurğulayıb.

Öz növbəsində Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova qeyd edib ki, "Baku Harmoniya" təşəbbüsü üç əsas boşluğu aradan qaldırır.

"Azərbaycanda biz artıq harmoniya prinsiplərini həyata keçiririk. Elektron platformalar və rəqəmsallaşma fermerlərin real vaxt rejimində məlumatlara və resurslara çıxışını inqilabi şəkildə dəyişir. Davam edən modernizasiya ilə biz bölgələrimizin dayanıqlılığını təmin etmək üçün suyun istifadəsini optimallaşdırırıq. Biz fermerlərə problem həll edən şəxslər kimi sərmayə qoyaraq, onlara təlim, alətlər və iqlimə dayanıqlı təcrübələrin tətbiqi üçün maliyyə stimulları təqdim edirik. Amma ən önəmlisi, biz inklüziv inkişafa sadiqik. Qadınların və gənclərin kənd təsərrüfatında rolunun genişləndirilməsindən tutmuş kənd icmalarının dəstəyinə qədər, əsl irəliləyişin heç kəsi kənarda qoymayan irəliləyiş olduğunu anlayırıq", - deyə İlhamə Qədimova bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

COP29

COP29

COP29

COP29

COP29

COP29

COP29

COP29

COP29

COP29

COP29

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
21
1
olaylar.az

2Mənbələr